“Mən ölümə köhnədən qalan borc kimi baxıram. Gec-tez onu ödəyəcəksən”.
Albert Eynşteyn
Ölüm qaçılmazdı. Amma çox vaxt o gözlənilmədən qapını döyür. Fizika elminin dühasının diliylə desək, qaçılmaz borcun bizi harda yaxalayacağını, haqqını tələb edəcəyi bəlli olmur. Ötən şənbə xalqımızın tarixinə qara hərflərlə yazılan 20 Yanvar faciəsinin 34-cü ildönümü idi. Amma həmin gün daha bir məşhur simamız gözünü dünyaya əbədi yumdu. Yanvarın 20-dən 21-nə keçən gecə ölkənin idman camiəsində özünə görə ağırlığı olan, Qazax futbolunun əfsanəsi, “Göyəzən”in təsisçisi Mehdi (Rəhman) Salmanov son nəfəsini verdi.
O, uzun müddət idi bir neçə xəstəliklərdən əziyyət çəkirdi. Buna rəğmən, son anlarına qədər ölümlə mübarizə apardı. Mehdi müəllim futbola qayıtmaq, özünün 70, yaratdığı “Göyəzən”in isə 45 illik yubileyini təşkil etmək, bu münasibətlə veteran futbolçularla yaşıl meydanda oynamaq istəyirdi. Amma amansız ölüm buna imkan vermədi. Doğma yurdumun futbol əfsanəsi haqqında danışmaq çox ağırdı. Bir-iki söz yazıb doluram, əllərim əsir. Baxmayaraq ki, Mehdi Salmanov haqda bir neçə vərəqlik yazı yox, silsilə məqalələr qələmə alınmalı, kitab nəşr olunmalıdı. Bütün Qazax camaatı, onu yaxından tanıyan futbol adamları, peşəkar və obyektiv jurnalistlər gözəl bilir ki, 70 yaşına tamamlamağa macal tapmayan Mehdi qağa uşaqlığından futbola baş vurub, bütün ömrünü, hətta şəxsi həyatını da bu yolda qurban verməklə özünü “idmanın şahına həsr edib. SSRİ-də fanatik kommunistlər haqda belə bir ifadə vardı: “Kommunist do mozqa kostey” (beyin sümüyünə kimi kommunist). Adını məşhur qazaxlılar siyahısına yazdıran Mehdi müəllim də beyin sümüyünə kimi futbol adamı idi. Onun yalnız bir amalı, dərdi-səri, nisgili, ümidi, gözləntisi, arzusu vardı - yaratdığı, araya-ərsəyə gətirdiyi “Göyəzən”in adı dain ucalardan gəlsin. Qazax futbolunun əfsanəsinin 69 illik həyatına nəzər salsaq, o bu arzusuna əslində çatmışdı. 1977-ci ildə həvəskar “Damcılı” komandasını yaratdı. Bir il sonra komanda peşəkar liqada çıxış etməyə başladı. İllər irəlilədikcə Qərb bölgəsinin təmsilçisi də inkişaf edirdi. Təbii ki, bu tərəqqinin hərəkətverici qüvvəsi, avanqardı Mehdi müəllim idi. 1986-cı ildə komandanın adı “Göyəzən” oldu. Elə həmin il qazaxlılar Azərbaycan SSR-in güclülər dəstəsində çempion olmaqla tarix yazdı. Bundan sonra komanda 4 il (1987-91) SSRİ çempionatının 2-cli liqasında mübarizə apardı və 1988-ci ildə qeyd olunan liqada 5-ci yeri tutdu. Dünyanın siyasi xəritəsində olan ən böyük dövləti süqut etdikdən sonra bərbad duruma düşən sahələrdən biri də futbol idi. Bundan sonra qazaxlıların sevimli komandasının qara günləri başladı. Mütləq əksəriyyət “Göyəzən”in də tarixə qovuşacağı qənaətində olsa da, Mehdi müəllim inadla Qazaxda futbolu ölməyə qoymadı, bu yöndə inadla mübarizə apardı. Müharibənin getdiyi məmləkətdə, eləcə də savaşsonrası ağır iqtisadi, sosial şəraitdə, insanların bir parça çörək üçün olmazın əziyyət çəkdiyi zamanlarda da futbolumuzun əfsanəsi mübarizliyini, əzmini davam etdirdi. 1992-96-cı illərdə klub əvvəlcə güclülər dəstəsində, sonra isə 1-ci liqada mübarizə apardı. Ardınca komanda 7 ilə yaxın peşəkar liqalarda çıxış edə bilmədi. Amma Salmanov çıxış yolları axtardı, zülməti aradan qaldırmaq üçün iynə ucu qədər də işıq gələn tərəfə qaçdı. 2003-cü ildə “Göyəzən” yenidən 1-ci liqada çıxış etməyə başladı. Mövsümün sonunda komanda 2-ci yeri tutmaqla elitaya vəsiqə qazandı və ardıcıl 2 il premyer-liqada mübarizə apardı. Sonra yenidən maliyyə böhranına görə aşağı liqaya yuvarlandı. Klub 2017-ci ildə daha acınacaqlı duruma düşdü. Nəticədə 1-ci liqada da yarışa bilmədi. Amma Mehdi müəllim komandanın dağılmasına imkan vermədi və “Göyəzən” indiyə kimi Region Liqasında mübarizəni davam etdirir. Daha doğrusu, ölməmək üçün mübarizə aparır. İndi isə komandanın döyünən ürəyi, düşünən beyni, dünəni, bugünü olan əfsanəsi öldü...
Jurnalist karyeramdakı xoşbəxt, şanslı anlardan biri də odu ki, Mehdi müəllim sonuncu müsahibəsini 2023-cü ilin aprelində mənə vermişdi. Məşhur həmyerlimlə “Göyəzən”in keçmişi və bugünü haqda maraqlı söhbət etmişdik. Eləcə də vəziyyəti ağırlaşan Mehdi müəllimlə sonuncu görüşümüz ötən il dekabrın 18-də Qazax Mərkəzi Xəstəxanasında oldu. Vəziyyəti ağır olsa da, gözündə həyat eşqi vardı, nikbin idi, hətta zarafatından dan qalmırdı. Sözarası mənə bunları dedi: “Martda 70 yaşım tamamlanacaq. Ömrümün 50 ildən çoxunu futbola bağlamışam. İndi kənardan oturub oyuna baxmaq, özü də xəstəxanada olmaq heç xoş deyil. Mənim günüm stadionlarda keçib. Əvvəllər demişdim ki, sağlamlığım əl versə, veteranları bir araya gətirib 70 illik yubileyimlə bağlı meydana çıxmaq, yenidən cavanlığımı yaşamaq istəyirəm. İndi isə yubileydən də çox "Göyəzən"in yanında olmaq istəyirəm. Əsas arzum sağlamlığıma qovuşmaqla yanaşı, Qazax təmsilçisini peşəkar liqalarda görməkdi. Bundan sonra nə qədər ömrüm qalıbsa, yenə Qazax futboluna həsr edəcəm".
Qazaxın əfsanəsi ilə sonuncu danışığımız yanvarın 12-də oldu. Telefona əvvəlcə qardaşı oğlu cavab verdi, yatdığını dedi. Ondan Mehdi müəllimin səhhətini soruşdum, sağ olsun, ətraflı məlumat verdi. Sonra isə qəfil tanış səs eşitdim. Mehdi müəllim idi. Amma səsi çox zəifləmişdi. Yenə də ünsiyyətimizi ümidli notda bitirərək ayağa qalxacağına inandığını vurğuladı. “Qanlı yanvar” gününün ertəsi isə qara xəbər aldım. Xətrini dünyalar qədər istədiyim, hörmət etdiyim şəxslərdən Mehdi Salmanov artıq həyatda yoxdu...
Səni belə erkən itirməməliydik. Allahın verdiyi ömrü şəxsiyyət kimi başa vursan da, nə doğma yurdun Qazaxdan, nə də futbolumuza bəxş etdiyin “Göyəzən”dən doydun. Həm torpqağımız, həm də komandamız boynubükük qaldı.
“Bəxt üzüyü”ndəki Hüseyn kimi nə qədər fəryad qoparsam da, Ahmet Kayanın “Sürgün Acısı” mahnısındakı “tərifi imkansız acılar içindəyəm” ifadəsini canlı yaşasam da, nəyisə dəyişməkdə acizəm...
İndi soyuq məzarda olsan da, sağlığında canlı əfsanəmiz olduğun kimi, daim yaddaşımızda, tariximizdə və futbolumuzda da o cür qalacaqsan.
Əlvida, Mehdi Salmanov. Məzarında rahat yat, Qazax futbolunun əfsanəsi.
Onun haqda deyilənlər
Səməd Qurbanov, “Neftçi”in veteranı, Mehdi Salmanovun dostu:
“Mehdi Salmanovun vəfatı bizim üçün ağır dərddi. Qazaxın gözəl oğlanlarından, insanlarından, şəxsiyyətlərindən daha birini itirdik. 70 illik yubileyinə iki ay qalmışdı. Onunla görüşüb şəxsən təbrik etməyi, köhnə illəri xatırlamağı arzulayırdım. Amma qismət olmadı. Mehdi müəllim ömrünün 50 ilini doğma yurdunun futboluna həsr etmidşi. Onun sayəsində Qazaxda və Ağstafada xeyli futbolçu yetişdi. Bacardığı qədər çox iş görməyə çalışdı. Yaşasaydı, yenə bu yolda faydalı olacaqdı. Amma ömür nəsib etmədi. Köhnə dostuma, futbolumuzun veteranlarından Mehdi Salmanova Allah rəhmət eləsin”.
Süleyman Məmmədov, “Göyəzən”in məşqçisi:
“Mehdi müəllim xeyli vaxt idi xəstəydi. Bir müddət rayonumuzun xəstəxanasında da yatdı. Sonra evə buraxıldı. Düşünürdük ki, tezliklə sağalıb ayağa qalxacaq və oyunlarımıza gələcək. Təəssüf ki, ümidimiz gerçəkləşmədi. Mehdi müəllimin ölümünə çox təəssüflənirik. Amma əldən nə gəlir?! Hamımız gec-tez bu dünyadan köçəcəyik. Allah “Göyəzən”imizin yaradıcısına, bu vaxta kimi irəli aparanına qəni-qəni rəhmət eləsin”.
Arzuman Vəliyev, “Göyəzən”in kapitanı:
“Bütün Qazax camaatı bilir ki, Mehdi müəllim rayonumuzun futbol komandasının olması yolunda hansı əziyyəti çəkib, nələrdən keçib. Bütün çətinliklərə baxmayaraq, hələ də Səməd Vurğun yurdunda futbol varsa, bunun başlıca səbəbkarı Mehdi Salmanovdu. Onun ölümü bizi sarsıtdı. Əsas də dəfndə iştirak edə bilməməyimizə çox üzülürük. Çünki havaya görə Balakənə bir gün əvvəldən gəlmişik. Yanvarın 21-i səhəri bildik ki, klubumuzun yaradıcısı dünyasını dəyişib. Dərdimiz böyük olsa da, “Balakən”lə oyuna qələbə üçün çıxdıq. Nəticədə rəqibi böyük hesabla məğlub etdik. Bu zəfərimizi Mehdi müəllimə həsr edirik. Əlimizdən başqa nə gəlir? Qarşıdakı oyunlarda da qələbələr qazanmaqla Qazax futbolunun ağsaqqalının ruhunu ucaldacağıq”.
Fəridə Abolfathi, iranlı jurnalist, Mehdi Salmanovun yaxın yoldaşlarından:
“Mehdi Salmanovla biz uşaqlıqdan yaxınıq. O, hələ uğaqlıqdan futbolçu olmaq eşqiylə çırpınır, SSRİ çempionatının, o cümlədən “Neftçi”nin oyunlarını yaxından izləyirdi. Yaşa dolduqca həmişə deyərdi ki, Qazax kimi Azərbaycan üçün şəxsiyyətlər yetişdirən yurdun niyə futbol komandası yoxdu? Məktəblərdə, dərnəklərdə, həyət-bacada, o cümlədən kəndlərimizdə futbol oynayan çox idi. Mehdi gəncliyində rayonumuzun “Damcılı” komandasını yaratmağa nail olur. Sonra onu daha da inkişaf etdirir. Müəyyən müddətdən sonra klubun adı “Göyəzən” olur. 80-ci illərdə Azərbaycanda çempionatlarında “Göyəzən”in adı dillər əzbəri olur. Uzunçuluq etmək istəmirəm. Qısaca onu deyim ki, Qazaxda futbolun əsas mayakı Mehdi Salmanov idi. Bu insan şəxsi həyatını belə futbola qurban verdi. Evlənmədi. Hətta ona “subaylığın daşını at” deyəndə cavab verərdi ki, “məndən evli kişi çıxmaz, həyatımı “Göyəzən”lə bağlamışam. Görmürsüz ki, bütün günü klubumla ora-bura qaçıram”. Bəli, belə insan idi Mehdi Salmanov. Qazax ziyallıları, qəhramanları ilə tanınır. Ədəbiyyatımızda Molla Pənah Vaqif, Səməd Vurğun, saz-söz sənətimizdə aşıq Ədalət, hərb sənətimizdə Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, İbrahim aga Usubov, Fərrux ağa Qayıbov, musiqimizdə Xədicə Qayıboya, pedaqoqlarımızdan Abdulla bəy Divanbəyoğlu, Hacıkərim Sanılı olduğu kimi, futbolumuzda da Mehdi Salmanov məşhurumuz idi. Onun ölümü yalnız “Göyəzən” yox, Qazax camaatı, Azərbaycan futbolu və tariximiz üçün böyük itkidi. Allah rəhmət eləsin”.
Mehman Suleymanov, qazaxlı jurnalist:
“Qazax futbolu, “Göyəzən” deyiləndə ağla ilk gələn Mehdi Salmanovdu. Qazaxın məşhur siması gənc yaşlarından doğma yurdunda futbol komandası yaratmaq üçün bütün gücünü, ömrünü ortaya qoymuşdu. Qazax təmsilçisi vaxtilə SSRİ birinciliyində, ittifaq dağılandan sonra isə premyer-liqamızda, 1-ci liqada çıxış edib. Hazırda Region Liqasında mübarizə aparır. Bütün bunların hamısı Mehdi müəllimin adı ilə bağlıdı. O, həm komandanın təsisçisi, həm baş məşqçisi, həm idman direktoru, həm də prezidenti olub. Mehdi müəllimin ölümü Qazax və ölkə futbolu üçün ciddi itkidi. Onun yeri mütləq görünəcək. Allah rəhmət eləsin”.
Elxan Muradov, "Göyəzən"in baş məşqçisi:
"Bu acı xəbərdən hamımız şokdayıq. Ağır Balakən səfərimiz vardı. Ona görə məcbur olub bir gün öncədən rəqib meydanına getdik. Hava şəraitinin də burda təsiri vardı. Oyundan bir gün əvvəl, daha dəqiq desək, 20-si axşam bildik ki, Mehdi müəllim komaya düşüb. Ertəsi qara xəbər gəldi. Çətin vəziyyətə düşmüşdük. Geri qayıda bilməzdik. Dəfndə iştirak edə bilməməyin stressini yaşayırıq. Üstəgəl bizi ağır oyun gözləyirdi. Komandanı oyuna kökləmək çox çətin idi. Uşaqlarla danışdıq, qərara gəldik ki, Mehdi müəllimin cənazəsini çiyinimizdə apara bilməsək də, meydan çıxıb klubumuzun ağsaqqalı, təsisçisi üçün döyüşməli, Qazaxa, rayonumuzun futbol əfsanəsini məzarı üstünə başıuca getməliyik. Şükürlər olsun, meydanda istəyimizə nail olduq. Qələbəmizi Mehdi müəllimə həsr edirik. Onun yoxluğu bizə təsirsiz ötüşməyəcək".
Elvin Yunuszadə, ilk addımlarını "Göyəzən"də atan futbolçu):
"Qazax idmanı, "Göyəzən" camiəsi və ölkə futbolu üçün böyük itkidi. Mehdi Salmanovun doğma yurdumuzun futbolu üçün etdiyi fədakarlığı hamı bilir. Elə mənim uşaq futboluna qədəm qoymağım da "Göyəzən"dən başlayır. Məhz Qazax təmsilçisinin uşaq komandasında futbolun sirlərini yiyələnməyə başlamış, ardınca "Neftçi", "Qarabağ" kimi böyük klublarımızda oynamış və Azərbaycan millisinin da üzvü olmuşam. Sözüm odu ki, peşəkar futbolçu olmağımda Mehdi müəllimin haqqı, əməyi danılmazdı. Allah Mehdi müəllimə qəni-qəni rəhmət eləsin, yaxınlarına səbr versin".
Rəşad Qasımov, jurnalist:
"Ötən əsrin 80-ci illərində "Göyəzən" SSRİ çempionatının 2-ci liqasında çıxış edirdi. İlk dəfə Mehdi müəllimi və komandasını Sumqayıtda - "Xəzər"lə oyunda görmüşəm. Mən də şəhər sakini kimi oyunu izləyənlərdən idim. Mehdi Salmanov ölkə futbolunda tək-tük adamlardan idi ki, öz vəsaiti hesabına doğma yurdunun komandasını ayaqüstə saxlayırdı. O, son nəfəsinə qədər "Göyəzən"in tarixin yaddaşına köçməsinə imkan vermədi. Həm Mehdi müəllim, həm də mərhum qardaşı Mehman bəy qanına kimi futbola bağlı insanlar idi. Öləndən sonra hamının haqqında yaxşı sözlər deyirlər. Amma ona sağlığında layiq olduğu qiymət verilməliydi. Çox hörmət etdiyim, sayılıb-seçilən insanlardan idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun".
Orucəli Durmuşov, Füzuli Nəcəfov, Zöhrab Qədiyev və Rafiq Mirzəyev Mehdi Salmanovun vəfatıyla bağlı yaxınlarına və qohumlarına kədərləndiyini bildirir, dərin hüznlə bağsağlığı verir.
ABDULLA İSMAYILOĞLU