Məlum olduğu kimi, “Qarabağ” sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda “köhlən atlar” Kiyev “Dinamo”su ilə qarşılaşacaq. İlk oyunda səfərdə 0:1 uduzan ağdamlılar mərhələ adlamaq üçün doğma meydanda mütləq qələbə qazanmalıdı.
Bəs “Qarabağ” cavab görüşündə nə etməlidi? Komandanın mərhələni keçməsi üçün hansı məqamlar həlledici ola bilər?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün təcrübəli mütəxəssis Vaqif Sadıqovla əlaqə saxlayıb:
“Qarabağ”ın “Dinamo” səddini keçməsi üçün ilk növbədə ilk oyundakı səhvləri aradan qaldırması çox vacibdi. Taktiki cəhətdən düzgün addımlar atılsa, azarkeş təzyiqindən istifadə olunsa, müsbət nəticənin əldə edə bilərik. Elə baş məşqçi Qurban Qurbanov da mətbuat konfransında komandada dəyişikliklərin gözlənildiyini deyib. İlk oyunda Polşada xeyli hücum quran “Qarabağ” bunları məntiqi sonluğa çatdıra bilmirdi. Bakıda isə hücumçulardan son vuruşlarda daha soyuqqanlı olmaq tələb olunur. Kadi ilə Zubirdən öyrəşdiyimiz o yaradıcılığı görmək istərdik. Ümumiyyətlə, yarımmüdafiədə yaradıcı oyunçuların “Dinamo”nun nizamlı müdafiə xəttini uzaqdan zərbələr və gözlənilməz ötürmələr ilə “açması” həlledici rol oynayacaq. Mən elə-belə vurğulamadım ki, “Dinamo”nun çox nizamlı müdafiə xətti var. Təkcə müdafiə xəttini nəzərdə tutmaq da olmaz. Ümumiyyətlə, komanda şəklində müdafiədə çox etibarlıdılar. İlk oyunda da bunu göstərdilər. Oyunun tempini və ritmini istədikləri səviyyəyə salaraq “Qarabağ”a imkan vermədilər ki, son zərbələri dəqiq şəkildə həyata keçirə bilsin. Bakıda mütləq fərqli oyunun şahidi olmalıyıq. Nə qədər nizamlı müdafiə xəttinə sahib olsa da, “Dinamo”nun qarşısında “Qarabağ”ın yaradıcı oyunçuları çoxdu. Daha əvvəl də qeyd etdim ki, Zubir və Kadi ilə yanaşı, orda Yankoviç, Bikalyo, ümumiyyətlə, yeni transferlər var. Ola bilər ki, onlar ilk dəqiqədən meydanda yer alsınlar. Qurban Qurbanov özü də mətbuat konfransında rotasiyanın gözlənildiyini bildirdi. Bu da ondan irəli gəlir ki, rəqibi çox düzgün təhlil ediblər və istədikləri nəticəni, yəni müsbət nəticəni əldə etmək üçün bütün imkanlardan istifadə edəcəklər.
İlk oyunda səhv nəticəsində qapımızda top gördük. Rəqib həmin səhvi qola çevirdi. Bunu təkrarlamaq olmaz. Müdafiədə çox nizamlı və etibarlı davranmaq lazımdı. İnanıram ki, ilk dəqiqədən hücuma atılan “Qarabağ” erkən qol vursa, demək olar ki, oyuna nəzarəti ələ alacaq. Həmin qoldan sonra oyunu sona qədər aparmaq da qat-qat rahat olacaq.
“Dinamo” təkcə etibarlı və nizamlı müdafiəsi ilə seçilmir, hücuma keçidlərdə də çox təhlükəlidi. Bir neçə dəfə “Qarabağ”ın qapısı qarşısında real qol imkanları yarada bildilər. Sürətli əks-hücumların qarşısını almaq üçün də diqqətli olmaq lazımdı. Bilirik ki, “Qarabağ”ın oyun üslubu təkcə mərkəzdən başlayan hücumlarla deyil, sürətli cinah müdafiəçilərinin qoşulmaları ilə də bağlıdı. Mateuş Silva və Elvin Cəfərquliyev bu oyunda cinahlarda yer alacaqlarsa, onları hücumda çox görəcəyik. Demək olar ki, onlar hücuma qoşulanda mütləq “sığortalayan” oyunçular olmalıdı. Məncə, “Qarabağ” bunun üzərində də çalışacaq. Ən vacib məqam rəqibin öz oyun üslubunu, yəni sürətli əks-hücumları həyata keçirməyə imkan verməməkdi.
Vacib amillərdən biri də “Tofiq Bəhramov”da böyük dəstəyin olmasıdı. Bu, rəqib komanda üzərində psixoloji təzyiq yaradacaq. Soyuqqanlı, təmkinli və kəsərli hücumlar təşkil etməklə istənilən müsbət nəticəni əldə etmək mümkündü. Buna hər birimiz inanırıq. Düşünürəm ki, bir gün öncə çempionumuz “Sabah” kimi, “Qarabağ” da gözəl, məzmunlu oyun və müsbət nəticə ilə hər birimizi sevindirəcək, yoluna davam edəcək”.
İSRAYIL XEYRULLAYEV