"Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?

13.08.2026 23:13 127
Avrokuboklar / Çempionlar Liqası
Cavab oyununda "Orhus"u darmadağın edərək (4:0) Çempionlar Liqasının pley-offuna vəsiqə qazanan "Sabah" bu turnirdə növbəti ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Bu barədə artıq UEFA-nın rəsmi saytında məlumat dərc edilib.

Bilindiyi kimi, "bayquşlar" təsnifat mərhələlərində ev matçlarını "Bank Respublika Arena"da keçirdi. Hətta sonuncu qarşılaşmada bütün biletlər satıldı və stadionda boş tribuna görmədik. Bəs, komandanın "Tofiq Bəhramov" seçimi yalnız daha çox azarkeşdən dəstək almaq məqsədi daşıyır, yoxsa "Bank Respublika Arena" UEFA-nın tələblərinə cavab vermir?

Bu suallarla "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Əlbəttə, belədə daha böyük azarkeş dəstəyi almaq mümkündü. Lakin həm də "Bank Respublika Arena" pley-off mərhələsinin tələblərinə uyğun deyil. Bu mərhələ üçün stadion UEFA-nın 4-cü kateqoriya standartlarına cavab verməlidi. "Bank Respublika Arena" 3-cü kateqoriyadı".


Xatırladaq ki, "Sabah"ın İsrail "Hapoel"inə (Beer-Şeva) qarşı oyunlarının vaxtı bəllidi. İlk qarşılaşma avqustun 19-da, Bakı vaxtı ilə saat 23.00-da Rumıniyada - Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək. Cavab matçı isə avqustun 25-də, saat 20.45-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

KƏNAN BAHADIR