Nadir Nəbiyev “Göyəzən”in prezidentinin xəstəxanadan çıxmasını gözləyir

19.04.2023 21:50 559
Ölkə futbolu / Manşet
Ötən saylarımızın birinə müsahibə verən “Göyəzən”in prezidenti Mehdi Salmanov ən ən böyük arzularından birinin rəhbəri olduğu klubun 45 illik yubileyini qeyd etmək olduğunu, ancaq maddi problemlər üzündən istəyini reallaşdırmaqda çətinlik çəkdiyini söyləmişdi.

Həmin müsahibədən sonra Qərb Regional Futbol Federasiyasının prezidenti, “Turan Tovuz”un idraçı direktoru Nadir Nəbiyevlə əlaqə saxlayıb məsələ ilə bağlı “Göyəzən”in prezidentinə necə dəstək verə biləcəyini soruşmuşduq. Nadir bəy qarşılığında Salmanovla əlaqə saxlayacağını, lazımi tədbirlər görəcəyini demişdi.

Görəsən, bu məsələnin sonu necə oldu? Suala cavab tapmaq üçün dünən Nadir Nəbiyevlə əlaqə saxlayıb Mehdi bəylə danışıb-danışmadığı ilə maraqlandıq:
“Ötən dəfə bildirdiyim kimi, “Göyəzən” nəinki Qərb regionunun, ölkənin tanınmış, tarixi ənənələri olan klubudu. Onun yubileyini qeyd etmək lazımdı, bu yöndə imkanımız daxilində əlimizdən gələni edəcəyik. Sizinlə danışandan sonra Mehdi Salmanovla əlaqə saxladım. Bəzi məsələlər barədə fikir mübadiləsi apardıq. Hazırda Mehdi müəllimin səhhətində müəyyən problemlər var. İnşallah, xəstəxanadan çıxandan sonra onunla bir daha görüşüb yubileyin keçirilməsi ilə bağlı danışacağıq. Çalışacağıq “Göyzən”in adına layiq yubiley tədbiri təşkil edək”.


RƏŞAD