"Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Dinamo"nu mübarizədən kənarlaşdırdı (2:0).
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Gərgin, stressli oyunu geridə qoyduq. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyunun içində oldu. Qarşımızda məğlub olmaq istəməyən rəqib var idi. Topla və topsuz düzgün iş gördük. Vacib qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Sanki keçən ilki - Çempionlar Liqasının liqa mərhələsində iştirak etdiyimiz zaman olan ab-hava, birlik bu gün var idi. "Dinamo"ya uğurlar arzulayıram. Bizim üçün bu cür rəqiblə oynayıb, qalib gəlmək xoş oldu. Rəqibə Bakıda azarkeşlik edən çox adam var. Biz özümüz də uşaq vaxtı onlara azarkeşlik etmişik.
- Rəqib baş məşqçi dedi ki, "Qarabağ" imkanlardan yararlandığına görə qalib gəldi. Siz necə düşünürsüz?
- İlk oyunla müqayisədə fərq çoxdu. Burda daha aktiv idik. Düzgün təzyiq göstərdik. Topla daha tez davrandıq. Rəqibi topsuz qoymağa çalışdıq. İkinci hissədə bəzi dəyişikliklər oldu. Ancaq bu cür istidə 90 dəqiqə ərzində eyni tempi saxlamaq mümkün deyil. Hazırlaşdığımız çox şey var idi ki, hamısını gördük.
- Mateuş Koxalskinin ehtiyatda qalması nə ilə əlaqədardı? Komandadan ayrılır?
- Oyunu məni qane edir. Ayrılması ilə bağlı hansısa danışıq yoxdu. Bəzən futbolçular üçün istirahət daha faydalı olur. Zlomisliç özünü yaxşı tərəfdən göstərdi. Martinin oynamasının risk olduğunu düşünənlər ola bilərdi, amma mən belə düşünmürdüm.
- Demək olarmı ki, ən çox razı qaldığınız oyun bu gün oldu?
- Təbii ki, qələbə qazananda daha çox razı qalırsan. Amma əvvəllər də yaxşı oynamışıq. Həm Bakıdakı, həm də səfərdəki matçda. Məsələn, Sofiyada 120 dəqiqə ərzində daha sərt, daha xarakterli çıxış etmişdik. Hər oyunun öz dəyəri, keyfiyyəti var. Qalibiyyət bəzən çox şeyi üstələyir. Əlbəttə, bu gün daha yaxşı oyun, nəticə istəyirdim.
- Sizcə, "Tvente"yə qarşı necə oynamalısız?
- Bu rəqibin sadəcə DAK-1904-ə 6:0 hesabıyla qalib gəldikləri matçda qollarına baxmışam. Sırf Niderland futbolunun qolları idi. Qrup mərhələsinə ilk dəfə bu rəqibi məğlub edərək düşmüşük. Topa nəzarət etməyi bacaran kollektivdi. Növbəti matçda daha çox düşünməli, hərəkət etməli olacağıq. Hazırlaşmaq üçün vaxt olacaq.
- Elvin zədədən sonra meydana gec qayıtdı, Zubir də əvəzlənəndə Lobato meydana gec daxil olmalı oldu. Yeni qaydalar haqda fikriniz necədi?
- Qaydalara görə, birinci epizodda bir dəqiqə kənarda gözləməlisən. Elvində ağrılar oldu. İkinci epizodda isə cüzi saniyə fərqi var idi. Belə anları hakimlər başa düşməlidi. Çünki hava istidi. Bir də gördüm Zubir artıq yanımdadı (gülür). O, tez gəldi. Belə hallar çox olacaq.
- Zlomisliçin meydana buraxılması riskli qərar idi. Onun oyununu necə dəyərləndirirsiz?
- Risk etməyən qəhrəman olmaz. Martin təcrübəli qapıçıdı. "Riyeka" ilə avrokuboklarda oynayıb. Dünya çempionatında oynamasa da, iştirak edib. Futbolu hiss edib. Təcrübəsi ilə bağlı narahatlığım yox idi.
- Elvin bayaq dedi ki, bir müddət asfaltda məşq etmişəm. Sizcə, o, şıltaqlıq dövrünü geridə qoyub?
- Bəlkə də asfaltda daha çox məşq etməlidi. Bəlkə fərdi məşq edib, xəbərim yoxdu. Onun üçün faydası varsa, tez-tez asfalta göndərərik (gülür).
- "Sabah"ın şanslarını necə dəyərləndirirsiz? "Qarabağ"la "Sabah" rəqabəti çempionatımıza nə verəcək? Maqsud Adıgözəlov deyib ki, qarşımızda "Qarabağ" olduğu üçün motivasiya var idi...
- "Sabah"a uğurlar arzulayıram. Bu cür komandalar, belə nəticələr olmasa, futbol inkişaf etməz. Bu gün ÇL-nin pley-off mərhələsinə yüksəlmək böyük uğurdu. Digər tərəfdən "Orhus"a qarşı həm oyun, həm də nəticə çox cəlbedici oldu. Dəfələrlə demişəm ki, "Sabah" gələcəyini düşünür, çox planlı iş qurur. Bu cür hallar bizə, eləcə də digər komandalara motivasiya verir. "Sabah" bizim uğurumuzu təkrarlayır. "Qəbələ" və "Neftçi" də illərlə uğur qazanmağa davam etsə, qalan klublar daha inamlı olacaqdı. Sponsorlar daha tez cəlb olunacaqdılar. Bu gün belə nəticələr Azərbaycanda futboluna marağı artırır. Masazırda stadion dolu idi. Komandaya, rəhbərliyə təşəkkür edə bilərik. Futbolda uduzmaq da var, udmaq da. İnşallah, "Sabah" ÇL-nin liqa mərhələsinə vəsiqə qazanar. Biz də KL-nin liqa mərhələsinə vəsiqə qazansaq, çox maraqlı olacaq. Tez-tez avrokubok matçı izləmək hamı üçün təcrübə olacaq. Bizim haqda fikirlərinə görə "Sabah" rəhbərliyinə təşəkkür edirəm.
- "Tofiq Bəhramov"da həm Sabah", həm də "Qarabağ" oynayanacaq. Ot örtüyü ilə bağlı durum sizi narahat edir?
- Narahatlıq həmişə var. Qazon əvvəllər daha pis vəziyyətdə olurdu. Komandalarla da, stadionla da dil tapacağıq. Təki belə problemlər olsun.
- "Qarabağ"ın Konfrans Liqasında şanslarını necə dəyərləndirirsiz?
- Şanslar var. Bəzən istədiyim dəyişiklikləri edə bilmirdim. Hər mövqe üçün oyunçu istəyirik. Yəqin ki, daha bir futbolçu transfer edəcəyik.
KƏNAN BAHADIR