''Fənərbaxça''da gözlənilən ayrılıq reallaşmaq üzrədi. Belə ki, braziliyalı Fred vətəninə qayıtmağa hazırlaşır.
Tanınmış insayder Fabritsio Romanonun paylaşdığı xəbərə görə təcrübəli yarımmüdafiəçi ''Atletiko Mineyro'' ilə anlaşıb. ''Fənər'' bu satışdan 2 milyon avro qazanacaq. Müqavilədə 500 min avroluq bonus da var. Fred yeni klubu ilə ''3,5+1'' illik müqavilə imzalayacaq.
Romanonun xəbərinə görə Fredin meneceri ilə ''Atletiko Mineyro'' rəhbərliyi arasında anlaşma avqustun 13-də tamamlanıb. ''Şturm'' ilə cavab matçının ardından ''Fənər''in baş məşqçisi İsmayıl Kartal Fredin ayrılmağa yaxın olduğunu etiraf etmişdi. 33 yaşlı ''sambaçı'' 2023-ün yayında 9,7 milyon avroya ''Mançester Yunayted''dən ''Fənər''ə gəlmişdi.
O, Türkiyədə keçirdiyi 3 mövsüm ərzində 125 rəsmi oyunda iştirak edərək aktivinə 12 qol, 25 məhsuldar ötürmə yaza bildi və bir titul qazandı.