Məlum olduğu kimi, "Sabah" dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Orhus"u darmadağın edərək (4:0) pley-offa vəsiqə qazandı. "Bayquşlar" bununla həm də Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə etdi. Bəli, söhbət Masazır təmsilçisi üçün tarixi uğurdan gedir. Ancaq oyun günü xoşagəlməz hadisə də yaşanıb.
"Football-plus.az" "Bold.dk" nəşrinə istinadla xəbər verir ki, matçdan bir saat əvvəl 40-50 qarageyimli "Sabah" azarkeşi rəqibin tərəfdarlarına hücum edib. "Orhus"un direktoru Ceykob Nilsen hadisə haqda bunları deyib:
"UEFA-nın tələbinə görə qonaq azarkeşlərlə meydan sahiblərinin tərəfdarları stadiona eyni girişdən daxil ola, həmçinin eyni və ya bir-birinə yaxın sektorlarda əyləşə bilməz. Onlar təhlükəsizliyin təmin olunması məqsədilə tribunalara ayrı-ayrı yerlərdən daxil olmalıdılar. Lakin "Sabah" bizim üçün belə şərait yaratmadı. Oyundan bir gün əvvəl bu barədə azarkeşlərimizi məlumatlandırmış, onlardan çox diqqətli olmağı xahiş etmişdik. Təəssüf ki, belə hadisə yaşandı. Başverənlərin azarkeşlərimiz üçün məyusedici olduğunu bilirik. Hadisə barədə UEFA-nın stadiondakı nümayəndəsi ilə danışmışam. Həmçinin UEFA-ya məlumat verilib. Hazırda bu haqda daha ətraflı məlumat toplanılır. Aydındı ki, "Sabah" təhlükəsizlik qaydalarına riayət etməyib. Hazırda rəqib klubla da danışıqlarımız davam edir".
"Bold.dk" həm də hüquq-mühafizə orqanlarının hadisələrin axarına operativ reaksiya vermədiyini, onların azarkeşlərin yoxlanılmasıyla məşğul olduğunu yazıb.
KƏNAN BAHADIR