Xəbər verdiyimiz kimi, “Sabah” “Kəpəz”ə müraciət edərək 1-ci turun oyununun Gəncədə yox, Masazırda – “Bank Respublika Arena”da keçirilməsini xahiş edib. Buna səbəb komandanın Çempionlar Liqasında çıxışına gövə sıx oyun qrafiki ilə üzləşməsidi. “Kəpəz”in əsas fanklubu “Xəmsə”nin bu müraciətə reaksiyası necədi? “Football-plus.az” fanklubun rəhbəri Müşfiq Məmmədovla əlaqə saxlayıb:
“Gəncəli futbol azarkeşləri adından deyə bilərəm ki, çox mənfi yanaşırıq və razı da deyilik. Əsas məsələlər rəhbərliyin öhdəsinə qalıb. Bu məntiqlə yanaşsaq, 4 klubun hamısı Avropada mübarizəyə davam etsəydi, ilk turu ləğv etməli, ya da təqvimi dəyişməliydilər.
Əlbəttə, futbola ac Gəncə camaatı bu oyunu gözlədiyi həvəslə o stadionu tam dolduracaqdı. Amma indiki durumda ilk iki oyunda nəticələr uğursuz olsa, nə bilək hansı reaksiya olacaq? Azərbaycan futbolunun inkişafını düşünən yoldaşlar, nəhayət, anlamalıdırlar ki, avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir və buna görə liqanı oyuncaq etməyə dəymir. İndi belə çıxır ki, “Sabah” pley-offa çıxsa, yenə də hansısa rəqiblə oyun təxirə salınacaq, ya da yerdəyişmə ediləcək?
Onsuz da “Kəpəz”də Gəncə ruhu, Gəncəyə məxsusluğu saxlamayıblar, belə etməklə də üç ildi yeni stadionu, “Kəpəz”i gözləyən azarkeşlərə hörmətsizlik edirlər”.
İSRAYIL XEYRULLAYEV