Qəzetimizin ötən sayında “Formula-1” üzrə dünya çempionatının Sinqapur mərhələsinin gedişi ilə bağlı qısa icmal və texniki nəticələri təqdim etmişdik.
Ancaq son yarışla bağlı bir sıra maraqlı məqamları və açıqlamaları da bölüşməyə dəyər. “Alpin”in pilotu Fernando Alonso karyerasında 350-ci “Qran-pri”yə çıxmaqla finlandiyalı Kimi Raykkonenin nəticəsini (349) yenilədi və “Formula-1” tarixinin rekordunu müəyyənləşdirdi. Xatırladaq ki, 41 yaşlı ispaniyalı ən azı bir mövsüm də çıxış edəcək – növbəti il üçün “Aston Martin”lə müqavilə bağlayıb. İkiqat dünya çempionu Sinqapur mərhələsi haqda da danışıb:
“Bu mövsüm mexaniki problemlər üzündən artıq 50 xal itirmişdim. Sinqapurda daha 10 xal itirdim. Bu 60 xalı hazırda hesabımda olan 59-un üzərinə gəlin. Çıxışımla qürur duyuram. Çox yüksək səviyyədə yarışıram. Ancaq lazımi xalları yığa bilmirik. Mən bunu dəyişə bilmərəm”.
Sinqapurda finişə birinci çatan “Red Bull” pilotu Serxio Peres çıxışından çox razı qalıb:
“Düşünürəm ki, bu ən yaxşı çıxışımdı, mübarizənin axarına tam nəzarət edirdim, Son dövrələrdə çox gərgin mübarizə getdi, fiziki cəhətdən mənə çətin idi. Sükan arxasında olanda bunu o qədər də hiss etmirdim, ancaq kokpitdən çıxan kimi gördüm. Bütün gücümü qoydum, imkanlarımın son həddində hücum etdim ki, bu qələbəni qazanım. Düşünürəm ki, Maks Ferstappenin özü və bütün komandamız üçün onun çempionluğu Yaponiyada qeyd etməsi xoş olacaq”.
Peresin adını çəkdiyi Ferstappen Sinqapur mərhələsindəki çıxışına görə məyusluğa qərq olub:
“Görmək istədiyimiz nəticə deyildi. Yeddinci yer səkkizincidən yaxşıdı, ancaq mən bu nəticə üçün burda deyiləm. Rəqiblərimi ötməyə çalışdım, nələrsə alındı. Ancaq hədəfimə çata bilmədim”.
“Mersedes”in ünlü pilotu Lüis Hemilton da Sinqapurdan məyus ayrılanlar sırasındadı: “Düşünürəm ki, həftəsonuna yaxşı başladıq, ancaq təəssüf ki, mərhələ uğursuzluqla bitdi. Bacardığım hər şeyi etdim, rəqibləri ötmək mümkünsüz idi. Karlos Sayns onu ötməyimə imkan vermədi – hətta 7-ci döngədə təhlükəli vəziyyət yarandı. Belə anlarda ürək dayanır, ancaq sən dönür, yenidən və yenidən özünü sınayırsan. Daha çox xal qazana bilmədiyimə görə komandadan üzr istəyirəm. Ancaq yaşayırıq, öyrənirik və mütləq bunun əvəzini çıxacağıq”.
“Mersedes”in icraçı direktoru Toto Volff da komandanın Sinqapurdakı çıxışına toxunub. Xatırladaq ki, “gümüşü qanadlar”ın pilotlarından Lüis Hemilton 9-cu, Corc Rassel 14-cü yeri tutub:
“Bu mövsüm bizə bir neçə ağır dərs verdi. Sinqapur da bunlardan biridi. Əks mövqelərdən start götürsək də, son nəticədə maşının yürüş tempindən yararlana bilmədik. Quru təkərlər qoymaqla Rassel ilə bağlı risk etdik. Geri baxanda demək olar ki, bunu çox tez etdik, ancaq onun itirəsi heç nəyi yox idi, bu üzdən riskə yol verməli olduq. Buna baxmayaq, Rassel yarışın gedişində xal qazanmağa yaxın idi. Ancaq Mik Şumaherlə toqquşdu və sonuncu oldu”.