“Sabah” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda KuPS-u qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.
Əlbəttə, bu ərəfədə maraqlı məqamlardan biri də ölkə çempionunu “doğma divarlar” arasında nə qədər azarkeşin dəstəkləyəcəyidi. Bu suala cavab tapmaq məqsədilə “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında matç üçün 5 min biletin satıldığını dedi.
Xatırladaq ki, dünən günorta saatlarında bu rəqəm 4000 idi. Deməli son təxminən 24 saat ərzində cəmi 1000 bilet satılıb. Masazır təmsilçisinin Çempionlar Liqasında uğurlu debüt etdiyini nəzərə alsaq, kollektiv daha böyük dəstəyi haqq etmirmi? Haydı, Masazır əhli, boş tribuna qalmasın!
Bilet satışının “iticket.az”da davam etdiyini, qiymətlərin 1-5 manat aralığında dəyişdiyini də bildirək.
KƏNAN BAHADIR