ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...

21.07.2026 14:00 44
Aktual / Avrokuboklar
Bolqarıstan ÇSKA-sının Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda “Qarabağ”a qarşı oynayacağı görüşdə dəstəksiz qalacağını yazmışdıq.

Xatırladaq ki, buna komandanın “Derri Siti” ilə Dublində oynadığı matç zamanı azarkeşlərin intizamsız davranışlara yol verməsi səbəb olub. Belədə UEFA hadisə ilə bağlı araşdırmalara başlayıb. Düzdü, ÇSKA-nın tərəfdarlarının Bakıda keçiriləcək oyunda iştirakını təmin etmək məqsədilə müvafiq addımlar atacağı gözlənilirdi. Ancaq görünür cəhdlər fayda verməyib.

Belə ki, ÇSKA-dan “Qarabağ”a azarkeş gətirməyəcəkləri bildirilib. Bu barədə “Football-plus.az”a “köhlən atlar”ın Kommunikasiyalar departamentinin direktoru Anar Hacıyev məlumat verib. Bolqarıstan klubundan UEFA-nın araşdırmasının bitməsini gözlədikləri, yekun qərardan əvvəl nəsə etməyin doğru olmayacağı bildirilib. Ancaq “Qarabağ”dan klub rəhbərliyi və xüsusi qonaqlar üçün 50 bilet istəyiblər. Ağdam təmsilçisi qarşı tərəfi anlayışla qarşılayıb. Lakin onlar azarkeşlər arasında yox, özəl sektorlardan birində əyləşəcəklər.

Xatırladaq ki, “Tofiq Bəhramov”da keçiriləcək matç iyulun 23-də, saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR