“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı

15.07.2026 21:24 239
Avrokuboklar / Aktual
Məlum olduğu kimi, “Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Nyu Seynts”lə matçının ölkəmizdə yayınlanmamaq ehtimalı var idi. Promlem Uels təmsilçisinin oyunlarının yayın hüququna malik şirkətin “bayquşlar”dan bazar qiymətindən dəfələrlə artıq məbləğ tələb etməsi ilə bağlı idi. Hər halda, anlaşmazlıq aradan qaldırıldı və dünənki görüşü “CBC Sport”un efirindən canlı izləyə bildik. Özü də Masazır təmsilçisinin təklif etdiyi vəsaitin ödənilməsi ilə.

Sabah isə “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Vestri”nin qonağı olacaq. Bu qarşılaşma hələ ki “CBC Sport”un proqramında yer almayıb. Odu ki, “Sabah”ın üzləşdiyi çətinliklərlə “köhlən atlar”ın da qarşılaşdığı haqda ehtimal yaranır. Ancaq narahat olmağa dəyməz! “Qarabağ”ın Kommunikasiyalar departamentinin direktoru Anar Hacıyevin “Football-plus.az”a verdiyi məlumata görə, bu məsələ üzrə danışıqlar davam edir və böyük ehtimalla qısa müddətdə uğurla yekunlaşacaq:

“Yayın hüququ “CBC Sport”dadı. Onlar danışıqlarda birbaşa iştirak edirlər və bu işin peşəkarlarıdı. Hazırda məsələnin həlli yolunda ciddi addımlar atılır. Ümid edirik ki, matçın yayınında problem olmayacaq”.

Xatırladaq ki, “Vestri” – “Qarabağ” qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə, saat 00.00-da başlayacaq. Ağdamlılar ilk oyunda 3:0 hesablı qələbə qazanıb.

KƏNAN BAHADIR