''Qalatasaray''ın üzvü Metehan Baltacı başına gələnlərə və son dönəmlər futboldan kənar qalmasına baxmayaraq hələ də başqa klublardan təkliflər alır.
İyunun ortalarında ona Polşa təmsilçisi ''Poqon''un maraq göstərdiyi haqda xəbərlər yayılmışdı. Amma həmin vaxt bu iddianın davamı gəlməmişdi. İndi də Türkiyə mətbuatının yazdığına inansaq, 23 yaşlı mərkəz müdafiəçisi iki klubun hədəfinə düşüb. Söhbət ''Gənclərbirliyi'' və Belçika təmsilçisi ''Vesterlo''dan gedir.
''Qalatasaray''ın məşqçilər korpusu da Metehanın bir mövsümlük icarəyə verilməsinin əleyhinə deyil. ''Vesterlo''nun rəhbərliyində türkiyəli isimlər çalışdığından bu klub tez-tez türkiyəli futbolçuları heyətinə qatmaqla diqqət çəkir.
Xatırladaq ki, Metehan Baltacı ötən mövsümün gedişində Türkiyədə qeyri-qanuni pul qoyuluşunda günahlandırılan çoxsaylı futbolçulardan biri olmuşdu. O hətta 3 aydan çox həbsdə qalmış və martın sonlarında azadlığa buraxılmışdı. Ancaq onun işinə hələ yekun vurulmayıb.
Metehan bir neçə il öncə ''Qalatasaray''da oynadığı dönəmdə öz klubunun oyunlarına pul qoyuluşu edirmiş. Amma o özü həmin oyunlarda iştirak etməyib.
İstanbul nəhənginin öz yetirməsi olan Baltacının klubla 2028-in yayına qədər müqaviləsi var.