Çenstoxova şəhərini təmsil edən, bizə də yaxşı tanış olan (ÇL-in 2023/24 mövsümünün 2-ci təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb) bu komanda Mahiri “Kayzerslautern”dən icarəyə götürüb. “Rakuv” Polşa çempionatının son mövsümünü 4-cü yerdə bitirib, Konfrans Liqasının 2-ci təsnifar mərhələsinə vəsiqə qazanıb və iyulun 23-də “Valletta”nı qəbul edəcək. Düzdü, Mahir Malta klubu ilə oyunlarda iştirak edə bilməyəcək, ona görə ki, adı vaxtında sifariş ərizəsinə salınmayıb. Polşada yeni mövsüm həftəsonu start götürəcək.
2022-nin fevralında “Legiya”dan ayrılandan sonra Zaqreb “Dinamo”su, “Konyaspor”, “Nürnberq” və “Kayzerslautern” ilə yolları kəsişən həmvətənimizin “böyük beşlik” ölkələrinin elita klubunda görünmək arzusu çin olmadı. Bu təkcə Mahirin yox, Azərbaycan futbol ictimaiyyətini də arzusu idi. Ancaq ilk növbədə xarakterinə, baş məşqçilər ilə yola getmədiyinə görə heç bir klubda möhkəmlənə, Azərbaycanın yeni Vəli Qasımovu ola bilmədi.
Mahirin artıq 29 yaşı var. Bir də çətin ki, “böyük beşlik” ölkələrinə yolu düşə. Təki bizi yanıltmağı bacarsın. Nə qədər inandırıcı görünməsə də...
Sonda onun “Rakuv”a keçəndən sonra klub telekanalına verdiyi açıqlamanı da nəzərinizə çatdırırıq:
“Çox xoşbəxtəm. Burda olduğum üçün sevinirəm. Ümid edirəm ki, birlikdə azarkeşlərimizə çox sevinc bəxş edəcəyik. Bu, mənim Polşaya qayıdışımdı və burda özümü həqiqətən çox yaxşı hiss edirəm. İnanıram ki, qarşıdakı mövsüm həm mənim, həm də komandamız üçün uğurlu olacaq. Mən hər zaman komandaya maksimum kömək etməyə çalışan futbolçuyam. Ümid edirəm ki, qollarımla komandaya fayda verəcəyəm və birlikdə qarşımıza qoyduğumuz hədəflərə çatacağıq".
ORXAN





