"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov

21.07.2026 19:09 32
Aktual / Avrokuboklar
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” bu gün 2-ci təsnifat mərhələsində ilk görüşə çıxacaq. Avrokuboklarda böyük təcrübəyə malik Finlandiyanın KuPS komandası ilə görüş “Bank Respublika Arena”da baş tutacaq.

Rəqibin, yəni Finlandiya futbolunun təmsilçisinin bizim üçün tərs yönləri nələrdi? Finlandiyada mövsümün davam etməsi “Sabah”ın oyununa necə təsir edəcək? Rəqibin üstün cəhətləri hansıdı?

“Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün təcrübəli mütəxəssis Aslan Kərimovun fikrini öyrəndik:

“KuPS-a Finlandiya futbol məktəbi kimi baxmaq lazım deyil. Bu sualı otuz il bundan öncə soruşsaydınız, bəlkə də deyərdim. Artıq Skandinaviyada əsas rolu Avropa futbol məktəbi oynayır. İsveçin, Norveçin klubları uzun hava ötürmələri və cinah ötürmələri ilə oynamırlar, ingilis futbolunu təbliğ edən oyun nümayiş etdirmirlər. Daha çox kombinasiyalı, daha çox topa sahib olan oyunu üstün tuturlar. Bu məqam onları ispan və ya daha çox alman futboluna yaxınlaşdırır. Bəlkə “Bavariya”nın futbolçularında olan keyfiyyətə malik deyillər, lakin artıq Avropa standartlarında oynayırlar. KuPS-un oyununa gəlincə, məncə, taktiki olaraq, həddən artıq cinah müdafiəçilərini dərin oynadılar. “Vardar”a qarşı matçda cinah müdafiəçiləri hücuma ciddi dəstək verdilər. Hücumlarını daha çox o istiqamətlərdən qururlar. Yəni cinah müdafiəçilərini önə ataraq rəqib üçün çətinlik yaradılar. Gözlənilməz və ya təhlükəli yönlərindən biri onların cinah müdafiəçilərinin tez-tez hücuma dəstək vermələridi. İndi Bakıda da belə oynayacaqlar, ya yox - bilmirəm, amma hər halda, “Vardar”la iki oyunun ikisində də cinah müdafiəçiləri çox aktiv idi.

Təcrübə kimi amillər artıq öz aktuallığını itirib. Sadəcə, burda futbolda hər zaman olduğu kimi bir qədər bəxt amili də rol oynaya bilər.

“Bayquşlar” üçün digər bir təhlükə hücuma keçiddi. Bu zaman cinahlardan boşluq yarana bilər. Rəqib mükəmməl deyil. Bu komandanın müdafiəsini yarmaq mümkündü. Səhvlərə də yol verirlər. Qapıçıları həddən artıq çox öndə oynayır. Hücuma dəstək göstərir. Hətta mərkəz xəttinin yaxınlığına qədər önə çıxıb, müdafiəçilərə kömək edir.".


İSRAYIL XEYRULLAYEV