“Zirə” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan “Torpedo”nu cavab matçında da eyni hesabla (3:0) darmadağın etdi. Biabırçı nəticə, təbii ki, Kutaisi təmsilçisinin azarkeşləri tərəfindən qəzəblə qarşılanıb.
“Football-plus.az” “lelo.ge” saytına istinadla xəbər verir ki, matçdan sonra meydan sahiblərinin futbolçusu və tərəfdarlar arasında münaqişə yaşanıb. Belə ki, azarkeşlər kapitan Vladimir Mamuçaşvilinin ünvanına təhqirlər səsləndirib. Əsəblərinə hakim ola bilməyən oyunçunun cavabı onunla azarkeşlər arasında əlbəyaxa davaya səbəb olub. Hadisə yerinə dərhal çoxlu sayda polis cəlb olunub. Hüquq-mühafizə orqanları kapitanı təhlükəsiz şəkildə stadiondan çıxa bilib.
Xatırladaq ki, tərəfdarların ağır məğlubiyyətlə barışmayacağı hələ oyunun gedişində bəlli idi. Çünki çoxlu sayda tərəfdar Amin Seydiyevin qolundan sonra komandanı fitə basmağa və tribunaları tərk etməyə başlamışdı.
KƏNAN BAHADIR