Avrokubokların 1-ci təsnifat mərhələsini uğurla tamamlayan klublarımız xoşbəxtlikdən hakim qərarlarından da zərər görmədi. Düzdü, “Sabah”ın futbolçusu Stiv Solvet “Nyu Seynts”lə “Bank Respublika Arena”da keçirilən oyunun 90+2-ci dəqiqəsində qırmızı vərəqə aldı. Ancaq bu üzdən baş hakim Patrik Qriskieviçi qınaya bilmərik. Çünki qvadelupalı müdafiəçi rəqibi kobud müdaxiləylə yerə sərdiyinə görə cəzanı haqq etmişdi. Komandalar qalan oyunlarda intizam baxımından problem yaşamadı. İndi onları daha çətin mərhələ gözləyir.
“Neftçi”nin də yarışa qatılmasıyla həftə ərzində 4 avrokubok oyununa şahidlik edəcəyik ki, komandalarımızın bu dəfə də uğurlu idarəçilik şəraitində mübarizə aparmasını arzulayırıq. Artıq UEFA bizimkilərin matçları üçün təyinatları açıqlayıb. Həmin referiləri yaxından tanıyaq.
Lukaş Kujma... 1991-ci ildə Lapidə dünyaya göz açan ədalət təmsilçisi gənc yaşlarında futbolçu olub. Polşanın 3-cü liqa klublarında çıxış edən Kujma 17 yaşından başlayaraq hakimliklə məşğuldu. 2020-ci ildə Polşanın yüksək liqasında idarəçiliyə başlayıbsa, bundan 4 il sonra FİFA referisi statusu alıb. “Fit sahibi” indiyə qədər ölkəsinin əsas çempionatında 89 oyun idarə edib. O, bu matçlarda futbolçulara 376 sarı, 17 qırmızı vərəqə göstərib. Kujma o qədər də zəngin avrokubok təcrübəsinə malik deyil. Yalnız Konfrans Liqasının təsnifat mərhələsində oyunlar idarə etmiş ədalət təmsilçisi karyerasında ilk dəfə Çempionlar Liqasında görünəcək.
Bununla belə, hakim beynəlxalq yoldaşlıq matçlarında, 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələlərindəki oyunlarında və Gənclər Liqasında iş başında olub. Kujmanın bacarıqlarına Cənubi Kipr, Latviya və Yaponiya kimi ölkələrin yüksək liqa qarşılaşmalarında da ehtiyac duyulub. Ədalət təmsilçisi karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək. Ümumiyyətlə, Kujma indiyə qədər 233 oyunda baş hakim olub. O, bu görüşlərdə 936 sarı, 46 qırmızı vərəqəylə futbolçuları üzüb.
Daniel Çiffi... Söhbət 1984-cü ildə Paduada dünyaya göz açan, yeniyetməlik illərini atletikaya həsr edəndən sonra 2002-ci ildən etibarən futbola yönələn, həm də idarəetmə mühəndisi kimi fəaliyyət göstərən hakimdən gedir. İtaliyalı A seriyasında 2014-cü ildə debüt edib. 2022-ci ildən bəri isə FİFA referisi statusu daşıyır. Çiffi 2023-cü ildə “Covanni Mauro” mükafatına layiq görülüb. Maraq üçün qeyd edək ki, ədalət təmsilçisi bu uğura mövsümün ən yaxşı italyan hakimi olmaqla imza atıb. “Fit sahibi” karyerası ərzində A seriyasında idarə etdiyi 129 matçda 499 sarı, 26 qırmızı vərəqəylə yadda qalıb. Çiffi Konfrans və Avropa Liqalarının əsas və təsnifat, Çempionlar Liqasının yalnız təsnifat mıərhələsində şans qazana bilib.
Onun beynəlxalq təyinatları sırasında milli komandaların yoldaşlıq oyunları, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələlərindəki matçlar, Millətlər Liqasının qarşılaşmaları da var. İlk dəfə bizimkilərlə yolu kəsişəcək Çiffi indiyə qədər 335 oyun idarə edib. O, bu görüşlərdə futbolçulara 1348 sarı, 77 qırmızı vərəqə göstərib.
Konstantinos Fellas... Cənubi Kiprin ən təcrübəli hakimlərindəndi. Yüksək liqada 2019-cu ildə debüt edən ədalət təmsilçisi indiyə qədər bu çərçivədə 70 qarşılaşma idarə edib. Fellas bu matçlarda 362 sarı, 23 qırmızı üçün əlini cibinə salıb. “Fit sahibi”nin beynəlxalq təcrübəsi çox deyil. Daha doğrusu, avrokuboklarda yalnız Konfrans Liqasının təsnifat mərhələsində görünüb. Bununla belə, Gənclər Liqasında, 17 və 21 yaşadək futbolçur arasında Avropa çempionatının təsnifat mərhələsində iş başında olub. Ümumiyyətlə, Fellas karyerası ərzində 94 matç idarə edib. Ədalət təmsilçisi bu qarşılaşmalarda 451 sarı, 26 qırmızı vərəqə göstərib.
Roman Jitari... Heç şübhəsiz, siz də tanıdız. Çünki Jitari haqda ətraflı məlumatı iki həftə əvvəl diqqətinizə çatdırmışdıq. Bəli-bəli, söhbət “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirdiyi ilk matçı idarə edən baş hakimdən gedir. O, “Tofiq Bəhramov”dakı oyunda səhv qərarla yadda qalmadı. Cəmi 1 vərəqə göstərdi. Daha doğrusu, rəqibin futbolçusunu 2-ci dəqiqədə sarı”yla cəzalandırdı. Bununla belə, ağdamlılar üçün hansısa maneə törətmədi. Ümid edək ki, “Zirə”nin matçı da bu baxımdan xoş xatirələrlə yadda qalacaq.
Maraq üçün onu da xatırladaq ki, Jitari ötən ay Moldova ilə Bolqarıstan arasında keçirilən, bizim Tural Qurbanovun baş hakimi olduğu yoldaşlıq görüşündə dördüncü hakim olub. Referi həmin vəzifəni 2022-ci ildə Moldova ilə Azərbaycan millilərinin qarşılaşdığı beynəlxalq yoldaşlıq matçında da icra edib.
KƏNAN BAHADIR