Konfrans Liqasında ölkəmizi təmsil edən “Neftçi” sabah 2-ci təsnifat mərhələsinin oyununda “Dinamo-Minsk”i qəbul edəcək. Bu gün bakılıların baş məşqçisi Yuri Vernidubla kapitanı Emin Mahmudov mətbuat konfransı keçirib.
Jurnalistlərin suallarını əvvəlcə kapitan cavablayıb:
- “Turan Tovuz”un başına məlum hadisə gələndən sonra Konfrans Liqasına 2-ci mərhələdən başlayırsız. Bu əlavə təsir yaratmır?
- Açıq danışsam, biz bunu gözləmirdik. Daha əvvəldən toplaşıb, məşq etməyi düşünürdük. Bizim üçün daha çox vaxt oldu. Yaxşı hazırlaşmışıq.
- Yuri Vernidub hədəflərdən danışıb. Komandanın Konfrans Liqasının əsas mərhələsinə çıxması da bunlardan biridi. Püşkatmada növbəti rəqibin “Braqa” - “Jelezniçar” cütünün qalibi olması necə təsir göstərir?
- Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük. İndi, sadəcə, “Dinamo-Minsk”i düşünürük. Rəqibə hörmətsizlik etməyək. Qələbə qazanandan sonra bu barədə danışmaq olar.
- Komandadakı başqa futbolçulardan fərqli avrokuboklara ilk dəfə hazırlaşmırsız. Builki heyətin motivasiyası, komandada ab-hava necədi?
- İnamın az olduğunu deyə bilmərəm. Bundan öncə bir neçə dəfə qrup mərhələsinə adlamaq şansımız olmuşdu. Lakin bəxtimiz gətirməmişdi. APOEL ilə matçı xatırlayırsızsa, güclü komandanı məğlub edib, orta səviyyəli komanda ilə matçda üzülən tərəf biz olmuşduq.
- İyulun 18-də keçirilən açıq məşqdə azarkeşləri gördüz. Onların göstərdiyi dəstək sizə necə kömək olacaq?
- Doğrudan da, möhtəşəm atmosfer var idi. Onlar daim bizim yanımızda olublar. Təşəkkür edirəm. Əlimizdən gələni etməliyik ki, onları sevindirək.
- Yeni transferlərdən sonra “Neftçi” nə dərəcədə dəyişib?
- Ötən illərə baxanda heyətdə çox oyunçu dəyişməyib. Komandanın 70 faizi yerindədi. Bir neçə oyunçu da gələcək. Sabit komanda görürəm. İnşallah, uğurlu olar.
İSRAYIL XEYRULLAYEV