“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Budəfəki müsahibizin futbol sahəsində, xüsusən də uşaq futbolunda yetərincə təcrübəsi var. Onun yolu “Neftçi” ilə də kəsişib, “Qarabağ”la da. İki ildən artıqdı “Vətən” Futbol Məktəbində azyaşlılara futbolu sevdirir, onlara top oyununun sirlərini öyrədir. Emin Salmanovun adı futbolla maraqlanan çoxlarına tanışdı. Emin bəylə söhbətimiz zamanı məlum oldu ki, həmsöhbətimiz Xankəndində dünyaya göz açıb. Onunla müsahibəni sizə təqdim edirik:
- Emin bəy, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Futbola gəlişiniz necə oldu? İlk məşqçinizi necə xatırlayırsız? Hansı klublarda oynamısız?
- Mən 1971-ci ildə Xankəndi şəhərində doğulmuşam və 1-ci sinfə elə şəhərdəki məktəblərin birində getmişəm. Futbolla məşğul olmağa da məktəbdə başladım. Artıq 7 yaşımda futbolla məşğul olurdum. Məşqçimiz də erməni idi. 10 yaşım olanda o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin çempionatında iştirak edirdim. Bu çempionatda Xankəndi, Şuşa, Hadrut, Xocavənd və Ağdərə komandaları mübarizə aparırdı. Bizim məktəbin futbol komandası güclü olduğuna görə hər il məktəblər arasında çempion olurduq. O vaxt keçirilən “Dəri top” turnirində muxtar vilayəti təmsil edirdik. Komandamızda üç azərbaycanlı oynayırdı. Məndən başqa Əhməd Əhmədov və Arif Məmmədov bu komandada forma geyirdi. Qalan futbolçular hamısı erməni idi. Hələ o vaxt mən hiss edirdim ki, ermənilər nə qədər paxıl millətdi. Sadəcə, mən və digər azərbaycanlı futbolçular o qədər güclü oynayırdıq ki, məşqçi bizi oynatmağa məcbur olurdu. Yaxşı yadımdadı, hər bazar Ağdama - yoxlama oyunları keçirməyə gedirdik. O vaxt məni rəhmətlik Milli qəhrəmanımız Allahverdi Bağırov gördü. 5-ci sinifdə oxuyurdum. Mənə təklif etdi ki, Ağdam komandasında çıxış edim. Deyirdi ki, avtobus məni hər dəfə gəlib evdən götürəcək, məşqdən sonra da evə qaytaracaq. Amma valideynlərim bununla razılaşmadılar. Yaşım az olduğuna görə narahat idilər. Səkkizinci sinifdə oxuyanda Qax rayonunda keçirilən Azərbaycan çempionatına qatıldım. Həmin turnirin həm bombardiri oldum, həm də ən yaxşı oyunçusu. Respublika İdman Komitəsinin sədri Rauf Adıgözəlov mənə yaxınlaşdı və dedi ki, sən yığma komandaya seçilmisən. Mənə təklif etdilər ki, Bakıya gəlim və idman liseyində oxuyum. Orda iki il oxudum. Məşqçilərim Rəhman Tağıyevlə Ənvər Əliyev idi. Hər ikisi dünyasını dəyişib, Allah onlara rəhmət eləsin. Yığmada isə rəhmətlik Fazil Abbasov, Tofiq Abassov, Tahir Əmiraslanov və Anatoli Banişevsi bizimlə məşğul olurdu. Onların hər birini sonsuz minnətdarlıq hissi ilə xatırlayıram. Bizim üçün böyük məktəb idi. SSRİ-nin U-17 yığmasına dəvət aldım və yeddi ay müntəzəm təlim-məşq toplanışında oldum. Amma zədə aldığıma görə planlarım pozuldu. 6 ay futboldan uzaq qaldım. 1987-ci ildə, cəmi 16 yaşımda “Neftçi”nin əvəzedici heyətində ilk oyuna çıxdım. Rəqibimiz Ukrayna təmsilçisi “Dnepr” idi. Bundan sonra “Termist”, “Bakılı”, “Kəpəz” kimi klublarda oynadım. Səkkiz il “Qarabağ”da oynadım, “Turan”ın şərəfini qorudum. Futzalda isə “Gömrükçü” və “AnqloOİL” komandalarında çıxış etmişəm. Böyük futbolda Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmuşam. Futzalda da qazancım Azərbaycan kuboku olub.
- Bəs məşqçi olmağa necə qərar verdiz? Məşqçi kimi fəaliyyətinizə nəzər salanda hansı məqamları bizimlə bölümək istərdiz?
- Artıq 30 yaşdan sonra zədələr mənə oynamağa imkan vermirdi. İdman Akademiyasını bitirmişdim. Buna görə də məşqçilik etməyə qərar verdim. 35 yaşımda ilk addımlarımı atdım. Futzalda “Qafqaz universiteti” komandasını çalışdırdım. Uşaq futbolunda məşqçiliyə isə “Qarabağ”ın aşağı yaş qruplarında başladım. “Neftçi”dəki fəaliyyətim daha uzun olub. Düz 16 il “Neftçi”də çalışmışam. “Qarabağ”da 1992-93-cü il təvəllüd futbolçularla U-17 liqasının gümüş mükafatçısı olmuşuq. “Neftçi”də isə U-12 komandasıyla Azərbaycan çempionu adını qazandıq. Həmin vaxt komandamda 2007-ci il təvəllüdlü uşaqlar oynayırdı. Bundan başqa, daha iki dəfə gümüş medal, iki dəfə isə bürünc qazanmışıq. Hazırda “Vətən” Futbol Məktəbində B kateqoqriyalı məşqçi kimi çalışıram. Ötən mövsüm “Vətən”in U-11 komandasına rəhbərlik edirdim. Bilirsiz ki, bu yaş qrupunda xallar hesablanmır. Bu mövsüm isə “Vətən”də U-13 komandasını çalışdırıram. İndi çempionata hazırlaşırıq. İnanıram ki, hər şey yaxşı olacaq. Uşaq futbolunda əsas məqsəd uşaqlara düzgün qərar verməyi öyrətmək, onların şəxsiyyət kimi formalaşmasına kömək etməkdi. Bunlar olanda nəticə də olacaq. Əsas nəticəmiz o olar ki, 16-17 yaşında uşaqlar əvəzedici heyətdə oynasın, yığmaya cəlb olunsunlar.

