Üzdə dərin sükut var. Demək olar ki, hər kəs “ağzına su alıb”. Ancaq pərdəarxasında çox ciddi prosesin davam etdiyi, xüsusən “Turan Tovuz” rəsmilərinin qaq-qovda olduğu şübhə doğurmur. O başqa məsələ ki, hadisələrin axarının nə ilə nəticələnəcəyini təxmin etmək çətindi. Bəs, hazırda vəziyyət nə yerdədi? “Bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin "Football-plus.az"a verdiyi məlumata görə, klub tərəfindən lazımi bütün addımlar atılıb. İndi gözləməkdən başqa çarə yoxdu. Qərar UEFA tərəfindən kluba bildirilən kimi ictimaiyyətə açıqlanacaq:
“Çox həssas mövzusu, hər bir detal dəqiqləşməlidi. Rəsmi olan budu ki, işi CAS-a vermişik, cavab gözləyirik”.
Düzü, bu məsələdə bir çox məqam tovuzluların xeyrinədi. Birincisi, ona görə ki, “Turan Tovuz”da rəhbər dəyişikliyi olub. Klub avrokuboklara konkret idman nəticələriylə vəsiqə qazanıb. Həmçinin həmin hadisədən ötən 7 il ərzində “Turan Tovuz”un adı oyun alğı-satqısında hallanmayıb. Hələ onu demirik ki, 2019-cu ildə baş verən məlum hadisə zamanı AFFA-nı başverənlərdən məhz klubun Müşahidə Şurasının sədri olan Oqtay Abdullayev xəbərdar edib. Onu da bildirək ki, hadisələr klubun hansısa sanksiyayla üzləşməsiylə nəticələnməyib. Sadəcə, konkret şəxslər ifşa olunub və cəzalandırılıb. Deməli, “bozqurd”un avrokuboklarda çıxış etmək ehtimalı daha böyükdü. Ancaq CAS UEFA-nın qərarını dəyişməsə, düşünmək mümkün olacaq ki, ortada daha ciddi məsələlər var imiş və hələ “Turan Tovuz” camiəsindən heç kimin bundan xəbəri yox imiş.
Bu məsələylə bağlı “Turan Tovuz”un təsisçisi və ilk prezidenti Vidadi Əhmədovun da fikrini öyrəndik:
“Çox məyusedici haldı. “Turan Tovuz” böyük ərziyyətlə avrokuboklara vəsiqə qazanıb. İndi komandanın haqqını yemək istəyirlər. Kim? Bunu mən bilmirəm. Axı heç kim bu barədə klub rəsmilərinə, daha doğrusu, idarəçilərə məlumat verməyib. İdarə Heyətinin sədri Ehtiram Quliyev böyük məbləğdə xərc çəkib. Əcnəbi, təcrübəli baş məşqçi, legioner futbolçular gətirib və komanda alnının təriylə avrokuboklara vəsiqə qazanıb. Hələ infrastrukturla bağlı görülən işləri demirəm. Kəsəsi, vəziyyət çox pisdi. Ehtiram bəylə müntəzəm danışıram. Bildirib ki, ispaniyalı vəkil tapıb (böyük ehtimalla, məlum “Osasuna” işində məharətini göstərən Jozep Vandeyosu nəzərdə tutur – red.), problemin həlli yolunda çalışır. İnşallah, bütün maneələr aradan qalxar və “Turan Tovuz”u Konfrans Liqasında görərik”.
Məlum olduğu kimi, “bozqurd”un əvəzinə ölkəmizi avrokuboklarda “Zirə” təmsil edə bilər. Çünki hazırda mövsümü 5-ci sırada bitirən “qartallar”dan başqa variant yoxdu. Həm “Araz-Naxçıvan”, həm də “Sumqayıt” baş məşqçisi və bir neçə futbolçusu ilə yolları ayırıb. Bəs, qəsəbə təmsilçisi hazırda hansı işlə məşğuldu? Yeni mövsümə hazırlıq prosesi başlanıb? Başlanmayıbsa, nə vaxt başlanacaq? Sualımızı əvvəlcə klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq. O, prosesin hələ başlamadığını, daha ətraflı cavab üçün “Turan Tovuz”un avrokuboklarda iştirak edib-etməyəcəyiylə bağlı suala aydınlığın gəlməsini gözlədiklərini dedi.
KƏNAN BAHADIR






