“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama

10.06.2026 17:32 134
Aktual / Ölkə futbolu
Premyer-liqada uğursuz mövsüm keçirən və sonuncu yeri tutaraq elitanı tərk edən “Karvan-Yevlax” qarşıdan gələn “futbol ili”ndə 1-ci liqada olacaq. Bölgə təmsilçisi indiyə qədər futbolçular Kayl Spens, Pedro Mateus, Qavi Tompson və Coy-Slayd Mikels, həmçinin, baş məşqçi Fizuli Məmmədov ilə yolları ayırıb.

İndiki durum və planlar ilə bağlı daha ətraflı məlumat almaq məqsədi ilə klubun icraçı direktoru Elvin Əjdərliylə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:

“Bütün legionerlərlə yollarımızı ayırmışıq. Yerli futbolçularla da danışıqlar davam edir. Yaxın günlərdə heyətlə bağlı dəqiq məlumatları sosial şəbəkə hesablarımız vasitəsilə açıqlayacağıq. Yeni baş məşqçi axtarışı da davam edir. Yerli mütəxəssisə üstünlük verəcəyik. Yaxşı komanda formalaşdırmaq istəyirik. Klubun maliyyə sıxıntısı yoxdu. Kür sahilində olan bazamız akademiya üçün hazır vəziyyətə gətirilir. Premyer-liqa oyunlarını keçirdiyimiz stadionda da işlər görülür. Yenidən premyer-liqada çıxış etmək uğrunda mübarizə aparacağıq”.

KƏNAN BAHADIR