"Qarabağ"la "Qalatasaray" bu gün yoldaşlıq oyununda üz-üzə gələcək.
Görəsən, Misli-premyer liqasında çıxış edən başqa komandaların azarkeş qrupları da tribunada olacaqmı? Fanatların matçdan gözləntiləri nədi?
"Football-plus.az" olaraq bu suallarla onlara müraciət etdik.
Ağaxan Abdullayev (Soldati di Sabah):
“Azərbaycanı təmsil edən hansısa komanda digər ölkənin klubu ilə qarşılaşırsa, təbii ki, həmin klubu dəstəkləyirik. Amma fanklub kimi kütləvi şəkildə, xüsusi hazırlıqla iştirak etməyəcik. Bəzi üzvlərimizin “Qarabağ” azarkeşi kimi tribunalarda olmaq ehtimalı var. Türkiyə qardaş ölkədi, canımız-ciyərimizdi. Lakin stadiona gedib öz komandamızı yox, “Qalatasaray”ı dəstəkləyənlər fanklubdan xaric olunacaq. Bu birmənalı və qəti qərarımızdı. Söhbət ölkə təmsilçisindən gedirsə, öncəliyimiz öz klublarımız olmalıdı”.
Elnur Quliyev (İmarət Tayfa):
“Uzun müddət idi “Qalatasaray”la matç keçirməklə bağlı “Qarabağ” rəhbərliyinə təkliflərimiz olurdu. Gözlədiyimiz an gəlib çatdı. Böyük həyəcanla həmin günü gözləyirik. Həmişəki kimi stadionda olacağıq. Gənclərimiz həvəslə tribuna göstərişi, komandaya dəstək kimi məsələlərin üzərində çalışır. İstəyərik ki, “Qarabağ” qələbə qazansın. Amma heyət çatışmazlığı barədə məlumatlar yayılıb. Türkiyə təmsilçisinin böyük futbolçu bazasının olması hamıya məlumdu. Bizim nəzərimizdə qalib-məğlub prinsipi olmayacaq. Əsas odu ki, hər iki tərəfdən zədələnən olmasın. Qeyd edim ki, daha öncə bizim istəyimiz nəzərə alınaraq Təbrizin “Traktor” klubu ilə qarşılaşmışdıq. Həmin görüşü gedib izləmişdik”.
Atif Rüstəmli (Dənizçilər):
“Yoldaşlıq oyununda iştirak etməyi planlaşdırırıq. “Qarabağ”dan xüsusi təklif gəlsə, fanklub olaraq dəstəyimizi nümayiş etdirəcəyik. Əks halda, öz hesabımıza gedəcəyik, lakin sayımız az olacaq. “Səbail” fanatlarının bir çoxu bu matçda Ağdam təmsilçisinin yanındadı. “Qalatasaray” azarkeşi olan 5-6 üzvümüz də bizimlə olacaq. Yekdil arzumuz isə “Qarabağ”ın qələbə qazanmaasıdı”.
Kamal Saqqayev (Hunans):
“Qarabağ” – “Qalatasaray” qarşılaşmasını izləmək fürsətini qaçırmaq olmaz. Belə oyunlar tez-tez baş tutmur. “Turan Tovuz”a dəstək verən fanklub olaraq iştirak etmək niyyətindəyik. Bununla bağlı müzakirələr aparırıq. “Qarabağ”ı belə tarixi oyunda dəstəkləmək vacibdi”.
Sənan Mirzəyev (Kimyaçılar):
“Matça gedib-getməyəcəyimiz haqda yekun qərar verməmişik. Fanklub üzvləri arasında danışıqlar gedir. Hər iki komanda fərqli ölkələrin təmsilçisi olsa da, eyni millətik. Biz məhz Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkənin yanında olduğumuzu göstərməliyik. Bu məqsədlə orda olmaq lazımdı. İki komanda da özümüzküdü. Kimin qələbə qazanacağı vacib deyil”.
Aqil Məmmədquliyev (“Neftçi”nin azarkeşlərlə əlaqələndiricisi):
“Öncə onu deyim ki, təqdirəlayiq təşəbbüsdü. Biz klub olaraq belə layihələri daim dəstəkləyirik. Kaş ki, “Qarabağ” öz vətəndaşlarımıza qarşı da belə nümunəvi addımlar ataydı...
Matçda azarkeş qrupu kimi iştirak etmək niyyətimiz yoxdu. Ola bilər ki, bəzi üzvlər oyuna getsin. “Qarabağ”dan bununla bağlı dəvət almamışıq. Lakin “Neftçi” azarkeşləri dəvət alsa, kütləvi şəkildə dəstək ola bilərik. Qarşılaşmada favoritimiz yoxdu”.
Nəriman Mahmudzadə (Red Black Army):
“Fanklub oyunda iştirak etməyəcək. Dostlarım və bəzi fanklub üzvləri ilə birgə tribunada olacam. Futbolu mənə və Qəbələdəki bir çox azarkeşə sevdirən “Qalatasaray”ın yanında olacağıq”.
Loğman Məlikli (Sektor 56):
“Fanklubun belə bir planı yoxdu. Nə “Qarabağ”, nə də “Qalatasaray” diqqətimizi çəkir. Çünki biz “Şamaxı”ya könül vermişik. Lakin bilet alacağıq və bəzi üzvlərimiz oyuna xeyriyyə məqsədilə gedəcək”.
Elgün Cəfərli (Qartallar):
“Qarabağ”ın “Qalatasaray”la qarşılaşması hər şeydən öncə rəmzi xarakter daşıyır. Qalan məsələləri gözardı edib qardaş Türkiyəyə yardım məqsədilə birləşmək lazımdı. Zəlzələdən zərərçəkənlərin yanında olmalıyıq. Bu baxımdan əlimizdən gələni edəcəyik ki, fanklub biletlər alsın. Tezliklə bu istiqamətdə işə başlayacıq”.
KƏNAN BAHADIR