Misli premyer-liqasında 24-cü tura yekun vuruldu. Azərbaycan derbisində “Qarabağ” ilə “Neftçi” qalibi müəyyənləşdirə bilmədi. Sevimli komandalarını meydanda tək qoymayan “İmarət tayfa” yenə tribunada sonadək dəstəyini nümayiş etdirdi.
Azarkeş qrupunun fəalı Elnur Quliyev "Football-plus.az"a həm görüşü dəyərləndirdi, həm də klub rəhbərliyinin transfer siyasətindən narazılığını ifadə etdi:
“Komandanın oyunu xoşuma gəlmədi. Dumanlı hava şəraiti və futbolçuların yorğunluğu performansa mənfi təsir etdi. Xal itirdiyimizi düşünürəm. “Qarabağ” bu matçda qələbə qazanmalıydı. Qurban Qurbanovun işin sirrini öyrətdiyi və fanatların qəlbini fəth edən futbolçular heyətdə saxlanılmalıdı. Görürük ki, rəqabət azalır. Özünü yaxşı tərəfdən göstərən futbolçuların satılması, yeni gələnlərin nə vəd etdiyini hələ də bilməməyimiz azarkeşlərdə narahatlıq yaradıb. Buna baxmayaraq, komandanın yoluna məğlubiyyətsiz davam etməsi və liderliyini qoruması bizi sevindirir”.
KƏNAN BAHADIR