Misli premyer-liqasının maraqla gözlənilən “Qarabağ” – “Neftçi” derbisi 8-ci tura təsadüf edir.
Football-plus.az xəbər verir ki, komandalar bu gün “Azərsun Arena”da üz-üzə gələcək. İndiki halda azarkeşlərin oyuna hazırlığı maraq doğurur. Görəsən, onlar derbi üçün xüsusi hansı hazırlıq görübmü? Komandalarından hansı nəticəni gözləyirlər? Bu suallara cavab tapmaq üçün hər iki komandanın azarkeşlərinə müraciət etdik.
Elnur Quliyev (İmarət tayfa): “Bu oyunla bağlı xüsusi hazırlıq görmürük. Lakin “Neftçi” qalan komandalardan seçildiyinə, daha güclü olduğuna görə istər-istəməz azarkeşlərin sayına da təsir edir. Müəyyən qədər yaşlı azarkeşlər var ki, hər oyuna gələ bilmirlər. Lakin rəqib “Neftçi” olanda işlərini buna uyğun planlaşdıraraq görüşü stadiondan izləyirlər. Oyun üçün xususi plakatın, şüarların olub-olmadığı barədə məlumatım yoxdu. Amma olsa belə, fanklub bunu açıqlamır. Tribunada həmin şüarları, plakatları görmək mümkündü... Əlbəttə, çox istərdik ki, daha güclü, inkişaf etmiş komandalar rəqibimiz olsun, ayaqlaşmağı bacarsın. “Neftçi” son vaxtlar inkişaf edir. Lakin istəyirik ki, bu komanda daha da güclənsin, problemlərdən uzaq olsun. Belə olan halda futbolçular daha həvəsli, motivasiya ilə mübarizə aparacaq”.
Aqil Məmmədquliyev (Forza Neftçi): “Qarabağ”la matça adi bir oyun kimi hazırlaşırıq. Bizim üçün hamısı standart rəqibdi. Azərbaycanda kimsə o komandanı şişirdib “Neftçi”yə tay etmək istəyir. Lakin sıradan bir rəqibdi. Özlərini böyük bir şey saymasınlar. Onlar bizə heç bir baxımdan rəqib deyil. Sadəcə, bir layihədilər. Hər layihənin də sonu var. Bir gün bu layihənin bitməsi ümidi ilə... Oyunun nəticəsinin bizim üçün fərqi yoxdu. “Neftçi” azarkeşi həmişə döyüşən komanda istəyir. Biz heç vaxt komandamızı nəticəyə görə sevmirik. Nəticəyə görə sevənlər çempionat oyunlarında görünür. Avropada 30 min azarkeş olmasına baxmayaraq, çempionatda 300-500 azarkeşləri olur. Nəticə nə olur-olsun, biz hmişə komandamızın yanındayıq. Son vaxtlar klubdakı irəliləyiş göz qabağındadı. Ona görə də daha həvəsli, inanclı, səmimi hisslərlə, hər oyunda olduğu kimi, bu dəfə də klubumuza dəstək olacağıq”.
ŞAİR ABDULLA
“Qarabağ” azarkeşi “Neftçi”nin daha da güclənməsini istəyir
Aktual / Manşet

