“Nant” heyətinə yeni oyunçu cəlb edib. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Mets”dən Fabyen Santonzu transfer edib. 26 yaşlı müdafiəçiyə görə 4 milyon avro ödənilib. Maraqlıdı ki, bu keçid Avropada yay “transfer pəncərəsi”nin bağlanmasından üç həftə sonra rəsmiləşib.
Fransa üçün adi əməliyyat
Ortaya təbii suallar çıxır: qeyri-adi transfer əməliyyatı necə reallaşıb? Məgər bu mümkündü? Bəli, Fransada mümkündü.
“Nant”, sadəcə, coker qaydasından yararlanıb. Fransa kubokunun son qalibi yeni mövsümə zəif start verəndən sonra heyətini gücləndirməyə ehtiyac duyub. Liqa 1-də 8 oyuna 7 xal toplamaqla 15-ci yerdə olan “sarı bülbüllər” bütün turnirlərdə keçirdikləri 11 matçda 2 qələbə qazanıb. 5 dəfə uduzan və 4 dəfə heç-heçə edən klubun rəhbərliyi kozırdan istifadə etməli olub. Santonz Antuan Kombuarenin çalışdırdığı komandaya çətin vaxtda uğursuzluq zolağından çıxmaqda kömək etməyə çalışacaq. Lakin yeni komandasına bu il yalnız daxili yarışlarda xidmət edəcək. Onun sarı-yaşıl formada Avropa Liqasının pley-off mərhələlərində meydana çıxması “Nant”ın qrup səddini aşması halında mümkün olacaq.
Rəhbərlik Liqa 2-də çıxış edən Fabyeni çoxdan hədəfə almışdı. Futbolçu da elit səviyyədə oynamağı çox istəyirdi. Qitə futbolu üçün qeyri-adi keçidin səbəbkarını dinləyək:
“Mets”in prezidenti günlərin birində yaxşı idman layihəsindən təklif alacağı halda məni buraxacağına söz vermişdi. Mən alicənab adamam. Amma rəhbərlikdən heç kim sözünün üstündə durmaq istəmirdi. 26 yaşım var. Daha bir mövsüm gözləyə bilməzdim. Bu yay getmək istəyirdim. Nə edə bilərdim? Artıq sabiq klubumun məni itirdiyinə görə məyusluğu normaldı. Bu dəfə mənə mane ola bilmədilər”.
Maraq üçün xatırladaq ki, Fabyen 2020-ci ildə Rusiyada peyda ola bilərdi: “Spartak” onunla ciddi maraqlanırdı. Amma klublar qiymət məsələsində razılığa gələ bilməmişdilər: “Mets” 15 milyon avro tələb etmişdi, Moskva klubu isə yalnız 4 milyon ödəməyə hazır idi. Bu səbəbdən danışıqlar prosesi dayandırılmışdı.
Coker qaydası necə işləyir?
Bəs “Nant”ın dadına çatan coker qaydası necə işləyir? Liqa 1-də çıxış edən hər klub “transfer pəncərəsi”ndən kənarda daxili bazarda bir oyunçunu sıralarına qata bilər. Bunun üçün yalnız Fransa Futbol Federasiyasının lisenziyası tələb olunur. Amma bu qaydada bir şərt də var: klublar belə keçidi yalnız “transfer pəncərəsi”nin bağlanmasından sonrakı iki ay ərzində reallaşdırmaq hüququna malikdilər. Başqa sözlə, təcili yeni futbolçuya ehtiyacı olan kluba oktyabrın sonuna qədər vaxt ayrılıb.
Amma bu da son şərt deyil. Qaydada “tibbi coker” ifadəsi də yazılıb. Bu qaydaya görə, əsas heyət üzvünü azı üç aylığa itirən klub da yeni oyunçu ala bilər. Özü də bu halda “transfer pəncərəsi”nin bağlanmasından sonrakı iki ay şərti qüvvədən düşür. Yəni klub səhhətində ciddi problem yaranan aparıcı oyunçusunun yerinə futbolçu almaq üçün heç bir vaxt məhdudiyyəti ilə üzləşməyəcək.
Qaydada azad agentlərlə bağlı ayrıca bənd nəzərdə tutulub. Belə statusa malik oyunçuları mövsümün istənilən dövründə qeydiyyatdan keçirmək olar. Aydın məsələdi ki, bu qayda qitənin əksər ölkələrində də tətbiq olunur.
İspaniya nümunəsi
Cokerə ən parlaq nümunə kimi Valentin Ronjyenin 2019-cu ildə “Nant”dan “Marsel”ə keçidini göstərmək olar. Fransa nəhəngi bu transferi “pəncərə”nin bağlanmasından sonra 13 milyon avroya reallaşdırmışdı.
Yeri gəlmişkən, buna bənzər qayda İspaniyada da mövcuddu. “Barselona”nın 2020-ci ilin fevralında Martin Breytveyti “Leqanes”dən necə ayırdığını xatırlatmaq olar. Yerli liqa kataloniyalılara bu hüququ Usman Dembelenin ağır zədələnməsinə görə vermişdi. Amma əməliyyatın mənfi yönü də olmuşdu: “Leqanes”ə danimarkalı hücumçunun yerinə oyunçu almaq imkanı verilməmişdi. La Liqa onda Dembelenin zədəsinin nə dərəcədə ciddi olduğunu müəyyən etmək üçün müstəqil komissiya da yaratmışdı. Pireney ölkəsindəki qaydaya əsasən, klub yeni futbolçunu yalnız La Liqanın digər iştirakçısından ala bilər. Yeni gələn oyunçuya isə yalnız daxili yarışlarda çıxış etmək hüququ verilir.
Amma qeyd etdiyimiz kimi, Santonzun qrup mərhələsində olmasa da, Avropa Liqasının pley-offunda çıxış etmək imkanı var. O, istənilən halda Liqa 1 üçün güclü transfer sayılır. Axı son üç mövsümü elə “Mets”in formasında bu liqada keçirib. Meydana çıxdığı 83 oyunda 5 qol vurmağa da nail olub.