35 yaşlı yarımmüdafiəçi son klubu “Palmeyras”dan 2020-ci ildə ayrılmışdı. O, 2006-cı ildə başlayan peşəkar futbolçu həyatında “Joinville” (2006-07), “Kruzeyro” (2007-09), “Benfika” (2009-10), “Çelsi” (2010-16) və “Janqsu Suninq”in (2016-19) də formasını geyib. “Çelsi”də 159 oyuna 17 qol vuran Ramires London klubu ilə Çempionlar Liqası, Avropa Liqası, İngiltərə premyer-liqası, İngiltərə kuboku və Liqa kubokunun qalibi olub. 2009-14-cü illərdə Braziliya yığmasında 52 oyuna 4 qol vuran futbolçu karyerasını başa vurmaq barədə öz “instaqram” hesabında paylaşım edib:
“Tanrıya yalnız şükür edə bilərəm ki, mənə bu fürsəti verib və məni idmanda mümkün olan ən yüksək səviyyəyə qaldırıb. İndi başqa yolla gedəcəyəm. Amma uşaqlıqdan - şəhərimi tərk edib dünyanı fəth etməyə yollanandan indiyədək mənimlə birgə olan həyəcanı, sevinci və cəsarəti özümdə saxlayacağam. Hər şey üçün təşəkkür edirəm, futbol!”


