Fernando Musleranın qoyduğu miras, qırdığı rekordlar və yazdığı tarixdən sonra ''Qalatasaray'' qapını yerliyə - Uğurcan Çakıra əmanət etdi.
''Trabzonspor''dan Türkiyə futbolu üçün çox böyük məbləğə ''33+3'' milyon avroya transfer olunan Uğurcanın dərhal ümidləri doğrultmağa başlayacağını az adam proqnozlaşdırardı. Amma 30 yaşlı qapıçı tənqidçilərə ağzını açmağa imkan verməyərək Musleranın yoxluğunu hiss etdirmədi. Qarşıdakı mundiala da o, Türkiyə yığmasının əsas qapıçısı statusunda yollanır. Uğurcan bugünlərdə mövsümün yekunları ilə bağlı ''Milliyət'' nəşrinə müsahibə verib.
- Öncə çempionluq münasibəti ilə səni təbrik edirəm. Mövsüm necə keçdi?
- Uzun və yorucu mövsüm olsa da, sonluq əla alındı. Gözəl mövsüm keçirdik. İnşallah, gələn mövsüm bundan da yaxşı çıxış edərik.
- Transferin hər kəs üçün sürpriz oldu. Hər şey çox sürətli baş verdi. Dursun Özbək sənin transferində çox israr etdi. O dönəmdə yaşananlardan bir qədər danışa bilərsənmi?
- ''Qalatasaray'' böyük camiədi. Mənə maraq göstərmələri mənim üçün qürurverici oldu. Keçid transfer dönəminin sonlarına yaxın, böyük məbləğ qarşılığında baş tutdu. Bəli, Dursun Özbək bu transferi tamamlamaq üçün çox iş gördü. Ciddi məbləğ ödəməyə razı oldular. Mənə güvənənlərin üzünü qara etmədiyim üçün xoşbəxtəm. Sonda yaxşı performansla layiqli çempion olduq.
- Məbləğ sənin üzərində təzyiq yaratdımı? Hər halda, ölkə daxilində bir klubdan başqa kluba ən baha qiymətə transfer olunan futbolçuya çevrildin...
- Əslində çox təzyiq hiss etmədim. Çünki mən həmişə istedadıma, potensialıma güvənən insan olmuşam. Uğur qazana biləcəyimə inanmasaydım, bura gəlməzdim. Düzdü, ''Qalatasaray'' böyük məbləğ ödədi. Amma mən də oyunumla bu pula layiq olduğumu göstərdim. Həm meydanda, həm meydandan kənarda komanda yoldaşlarıma əlimdən gələn qədər yardım etdim və çempion olduq. Elə Çempionlar Liqasında da gözəl mövsüm keçirdik.
- Ötən yay Türkiyədəki qapıçılardan Ederson daha çox müzakirə olunurdu. ''Qalatasaray''a gələndən sonra sənin ayaqla oynamağında nəsə dəyişdimi?
- Mən əslində ''Trabzonspor''dakı son iki mövsümümdə bu məsələdə müəyyən inkişafa nail olmuşdum. Çünki məşqçilər də məndən ayaqla oyunumu yaxşılaşdırmağı tələb edirdilər. Belə şeylər müəyyən plan çərçivəsində olmalıdı. Geridən oyun qurmaq məsələsi mənim təkbaşına edəcəyim bir şey deyil. Xüsusilə Fatih Təkkə ''Trabzonspor''a gələndən sonra bu mövzunun üzərində çox dayandı. Mən də buna qarşılıq verməyə çalışdım. Ümumiyyətlə, həmişə məşqçilərin məndən tələb etdiklərini yerinə yetirməyə çalışmışam. Eləcə də ''Qalatasaray''da Okan Buruk məndən ayaqla inamlı oynamağı tələb etdi. Bu baxımdan üzərimdəki çalışmalar öz faydasını verdi.
- Həm Fatih Təkkə, həm də Okan Buruk ilə çalışmısan. Bu iki məşqçinin oxşar cəhətləri hansılardı?
- İkisinin də sayəsində inkişaf etmişəm. Xüsusilə Fatih Təkkə məni çox inkişaf etdirdi. Az öncə haqqında bəhs etdiyimiz geridən oyun qurmaq mövzusunda bir çox detalları mənə anlatdı. Onun sayəsində nəyin üzərində çalışmalı olduğumu anladım. Eləcə də ''Qalatasaray''da Okan Burukun məndən istədiklərini yerinə yetirməyə çalışdım. Hər ikisinin də sayəsində inkişafa nail oldum.
- Bu mövsüm penaltilərdəki uğurlu performansın da diqqəti çəkdi. Penalti zamanı zərbəni yerinə yetirən rəqib futbolçu ilə aranızdakı psixoloji savaş zamanı ən çox nəyə diqqət yetirirsən?
- Təbii ki, hər matçdan öncə rəqibin heyətində penalti vuran isimlərlə bağlı təhlillər aparırıq. Mən artıq zərbənin istiqaməti ilə bağlı müəyyən məlumata sahib oluram. Ona görə də futbolçunun hara vuracağını bilirəm. Ancaq oyun vaxtı bəzən hisslərimə güvənərək hərəkət etdiyim anlar da olur. Bu mövsüm bir neçə dəfə məhz belə etmişəm. Ancaq əksər vaxtlarda dediyim kimi qapıçılar üzrə məşqçilər mənə penalti vuran isimlərlə bağlı məlumatları ötürürlər.
- Qarşıdan dünya çempionatı gəlir. Mundialla bağlı fikirlərin necədi?
- Uzun illərdən sonra ilk dəfə DÇ-yə vəsiqə qazandıq. Gözəl nəsil yaxalamışıq və fikrimcə, mundialda mühüm işlər görə bilərik. Dünyanın ən böyük klublarında oynayan mükəmməl futbolçularımız var. Eləcə də Türkiyə çempionatının ən yaxşıları yığmada toplaşıb. AÇ-2024 bizim üçün yaxşı keçmişdi. Həmin turnirdə olduğu kimi bu dəfə də xalqımızı qürurlandıra bilərik.
- ''Qalatasaray''ın ÇL macərası Frankfurtda çox ağır bir məğlubiyyətlə başladı. Həmin matçın ardından paltardəyişmə otağında nə söhbət etdiz? Necə toparlandız?
- ÇL çətin turnirdi. Çünki orda hər ölkənin ən yaxşı klubları çıxış edir. Frankfurtdakı qarşılaşmaya gəlincə, nəticə oyuna görə olmadı. 5:1-lik oyun deyildi. Hesabı açmışdıq və səhv etmirəmsə, 2-ci qolu vurmaq üçün də gözəl fürsəti əldən vermişdik. Ondan sonra da çox sadə qollar buraxdıq. Onsuz da qapımıza iki qol avtoqoldan vuruldu. Yəni qəribə oyun oldu. Amma sonradan toparlana bildik. Xüsusilə öz meydanımızda böyük klublara qarşı mühüm qələbələr qazandıq. İki dəfə ''Liverpul''u, bir dəfə ''Yuventus''u yendik, yarımfinala qədər irəliləyən ''Atletiko'' ilə bərabərə qaldıq. Halbuki onlara qarşı da son saniyələrdə inanılmaz fürsəti qaçırdıq. Səfərdə ''Ayaks''ı yendik. Yəni ÇL-də mövsümü hesabımıza yaza bilərik.
- Sənin üçün mövsümün ən unudulmaz oyunları hansılar oldu?
- ''Yuventus''la səfər matçını qeyd edərdim. Lazımi nəticəni qazanaraq 1/8 finala yüksəldik. Gözəl oyun alındı. Eləcə də öz meydanımızda ''Fənərbaxça''nı 3:0 məğlub etdiyimiz derbini qeyd edərdim. ''Beşiktaş'' üzərindəki səfər qələbəsi də yaddaqalan oldu. Bundan başqa, liqa mərhələsində ''Liverpul''u yendiyimiz oyunda da çox yaxşı performans sərgiləmişdik.
- Bəs mövsümün qırılma anı hansı oyun oldu?
- Qırılma anı ''Gənclərbirliyi'' ilə oyun oldu. Hər şey ordan başladı. Sonra səhv etmirəmsə, evdə ''Fənərbaxça''nı yendik. Məhz o oyunda artıq çempion olacağımıza tam inandıq. Ona görə də bu sualın cavabında “Fənər”'lə oyunu qeyd etmək daha düzgün olar.
- Musleradan sonra ''Qalatasaray''ın qapısına keçmək çox cəsarətli addımdı. Özü də yerli qapıçı üçün bu, ikiqat çətin idi. Tərəddüd etdiyin anlar oldumu?
- İnanın ki, bir an da tərəddüdüm olmadı. Dediyim kimi özümə güvənirdim və bu işi bacara biləcəyimə əmin idim. İlk mövsümdə çempionluq yaşamağı çox istəyirdim və şükürlər olsun ki, bu, mənə nəsib oldu. Çox çalışdım və əməyimin qarşılığını aldım. Təbii ki, komanda yoldaşlarım da mənə dəstək oldu. Hər şeyə birlikdə nail olduq.
- Xüsusilə ''Liverpul''la oyundan sonra sorağın Türkiyə hüdudlarını aşmağa başladı. Həmin an nələr hiss etdin?
- Qürur duydum. Onda həqiqətən yaxşı oyun sərgilədim. Mən onsuz da hər oyunda əlimdən gələni etməyə, ən üst səviyyədə özümü göstərməyə çalışıram. ''Qalatasaray'' camiəsi bu şansı mənə verdi. Çox sevincli və qürurluyam.
- İndiki Uğurcan 18 yaşlı Uğurcanla qarşılaşsaydı, ona hansı məsləhətlər verərdi?
- Həqiqətən də indiki düşüncələrimlə o dönəmdəki düşüncələrim arasında çox böyük fərq var. İndi gənc oyunçulara nələr söyləyirəmsə, o vaxt təcrübəli oyunçular da həmin sözləri mənə söyləyirdi. İndi anlayıram ki, onda mənə doğru məsləhət verirmişlər. Əslində bu işə başlamısansa, ondan ikiəlli yapışmalısan. Bunu 18 yaşdan etməlisən. Təəssüf ki, o vaxt bu düşüncədə deyildim. Cəmi 2-3 ildi bu düşüncə ilə yaşamağa başlamışam. Bəlkə də 18 yaşımdan işə ciddi yanaşmağa başlasaydım, indiyə qədər daha yaxşı performans sərgiləmiş olardım, daha böyük uğurlar qazanardım. Amma heç nə gec deyil. İnşallah, böyük uğurları ''Qalatasaray''da qazanaram və bu camiəyə uzun illər xidmət edərəm.
- Muslera ilə əlaqən varmı?
- Bəli, həmişə ünsiyyətimiz davam edir. Muslera bizim kimi gənclərə hər zaman örnək olub. Uzun illər ''Qalatasaray''ın qapısını qoruyaraq burda böyük uğurlara nail olub. Çox özəl bir oyunçudu və yeri ayrıdı.
- ''Qalatasaray'' fanatları üçün sən mövsümün ən yaxşı oyunçususan.
- Onlara təşəkkür edirəm. Həmişə yanımızda olsunlar. Onların ümidlərini doğrultduğum üçün xoşbəxtəm. Bu forma üçün bundan sonra da hər şey edəcəm. İndi yeni və daha öncə heç kimin bacarmadığı bir hədəf var. Ardıcıl 5 il çempion olmaq istəyirik. Bunu bacaran ilk futbolçu olmaq istəyirəm. Məhz bunun üçün çalışacam.