Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır

7.06.2026 14:24 16
Dünya futbolu
Türkiyə yığması dünya çempionatı ərəfəsində son yoxlama matçını keçirib.

İyunun 1-də İstanbulda Şimali Makedoniyanı 4:0 yenən ''ay-ulduzlular'' bu dəfə Venesuela ilə qarşılaşıblar. Bu komandalar tarixdə ilk dəfə üz-üzə gəlib. Floridada, ''İnter Mayami''nin ev stadionunda keçirilən oyun qardaş ölkə üçün uğurlu başlamayıb. Venesuela artıq 13-cü dəqiqədə Qleyker Mendosanın qolu ilə önə keçib. Ancaq Vinçentso Montellanın komandası toparlanmağı bacarıb. Fasilə ərəfəsində Barış Alpər Yılmaz hesabı bərabərləşdirib. 54-cü dəqiqədə isə Yunus Akgün səhnəyə çıxaraq qələbə qolunu vurub. Hər iki qolda Arda Gülər yaxından iştirak edib.

Beləliklə, Türkiyə Venesueladan 2:1 üstün olaraq mundial ərəfəsindəki son yoxlama oyunundan qələbə ilə ayrılıb. Türkiyə DÇ-yə 4 oyunluq qələbə, 8 oyunluq məğlubiyyətsiz seriya ilə yollanır.

Komanda sonuncu dəfə ötən ilin sentyabrında İspaniyaya uduzub (0:6). Türkiyə mundialda ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək.