Bu mövsüm Dortmund “Borussiya”nın heyətində oyunu ilə diqqəti çəkənlərdən biri də Kərim Adeyemidi. “Arılar” 21 yaşlı bu vingeri ötən il 38 milyon avroya “Zaltsburq”dan transfer edib.
Gənc ulduz ilk aylarda yaxşı təsir bağışlamasa da, ikinci dövrədən etibarən nəyə qadir olduğunu göstərməyi bacarır. Bu mövsüm onun hesabında 30 rəsmi oyunda 9 qol, 5 məhsuldar ötürmə var.
Bundan başqa, o, 21-ci turda “Frayburq”la oyunda 36,7 km/saat sürətlə qaçaraq bundesliqa tarixinin yeni sürət rekordunu müəyyənləşdirib. Onun necə cəld və sürətli oyunçu olması ÇL-in 1/8 finalında “Çelsi” ilə oyunda da ortaya çıxmışdı. Atası nigeriyalı, anası alman olan və artıq Almaniya yığmasına da müntəzəm dəvət alan Adeyemi bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib.
- Bir il öncə “Borussiya” ilə müqavilə imzalayarkən hansı hissləri keçirirdin?
- Bəli, düz bir il öncə “Borussiya”nın binasına gələrək müqaviləyə imza atdım. Bura utancaq bir oğlan kimi gəlmişdim və hər şey bitdikdən sonra çox sevincliyim. “Borussiya”da oynamaq həmişə arzum idi. Ona görə də seçimimdən çox razıyam. Dortmundda karyeramın sonrakı mərhələsini səbirsizliklə gözləyirəm.
- Geriyə boylananda bu seçiminə görə peşman deyilsən ki?
- Qətiyyən. Düzdü, ilk 5-6 ay gözlədiyimdən çətin keçdi. Amma bilirdim ki, uyğunlaşma dövrünü başa vurandan sonra işlərim düzələcək. Belə də oldu. Həm komandanın, həm də mənim performansım yüksələn qrafiklə inkişaf edir. Ona görə də hər şeydən razıyam.
- Yeri gəlmişkən, 2023-cü ildə “Borussiya”nın nəticələrinin bu qədər yaxşılaşması nə ilə bağlıdı?
- Bunun səbəbini heç özüm də bilmirəm. Mənim həmişə belə bir inancım var ki, yeni il yeni uğur gətirir. İndi bütün enerjimi və diqqətimi məşqlərə, oyunlara yönəltmişəm. Ümid edirəm ki, 2022-ci il kimi çətin ilim bir də olmayacaq. Məşqlərdə üzərində durmadan çalışırsansa, gec-tez bunun bəhrəsini görəcəksən. Biz də bunun bəhrəsini mövsümün gedişində görməyə başladıq.
- Belə təəssürat var ki, əvvəlkindən daha çox müdafiəyə yardım etməyə başlamısan. Bu fərqlilik sənin özünəinamını artırır?
- Bəli, çox düzgün qeyd etdiz. Mənim üçün əsas odu ki, həmişə oyunun içində olum. Mmüdafiədə, ya hücumda - fərq etmir. Müdafiə planında işimi düzgün yerinə yetirirəmsə, hücum planında hər şey öz-özünə alınacaq. Belə düşüncə ilə oyunlara çıxıram. Çalışıram ki, kənar şeylər diqqətimi yayındırmasın və oyunuma təsir etməsin.
- “Volfsburq”la qarşılaşmada başla mükəmməl qol vurdun. Bu, səni təəccübləndirdi?
- Həmişə bilirdim ki, istəsəm, çox hündürə tullanmağı bacararam. Adətən, mənə başla oyun yarımmüdafiənin mərkəzində, ikili mübarizələrdə lazım olurdu. Rəqib qapısı önündə, demək olar, başla fərqlənməyə imkanım olmurdu. Amma son dönəmlərdə buna cəhd edirdim. Şadam ki, nəhayət, belə tərzdə qol vurmağı bacardım.
- Deməli, bu, sənin bilinməyən özəlliklərindən biri imiş.
- Bilinməyən özəllik deməzdim. Sadəcə, irəlidə bundan istifadə etmirdim. Amma başla fərqlənməyim məni ruhlandırdı. Gələcəkdə bundan daha çox yararlanmağa çalışacam.
- Bəs komanda yoldaşlarının buna reaksiyası necə oldu?
- Paltardəyişmə otağında artıq “Airdeyemi” termini işlənir (gülür). Onlar da hündürə tullanmaq potensialımın olduğunu bilirdilər. Sadəcə, topa başla bu qədər yaxşı zərbə vura bilcəyimi gözləmirdilər.
- Sən Avropada orta hesabla 1 qola ən az vaxt sərf edən futbolçusan...
- Çalışıram ki, qol haqda düşünməyim. Yəni heç bir oyuna konkret qol vurmaq məqsədi ilə çıxmıran. Üzərimdə əlavə təzyiq yaratmaq istəmirəm. Sadəcə, dediyim kimi çox çalışıb meydanda var gücümü qoymaq istəyirəm. Qalan şeylər öz-özünə düzələcək.
- Bəs bu cür sürət səndə hardandı?
- Bu keyfiyyət, çox güman, mənə valideynlərimdən keçib. Ya da sadəcə, Tanrının bir hədiyyəsidi. Valideynlərimin hər ikisi idmançı olub. Atam da sürətli idi. Sürət ondan keçib. Hündürə tullanmaq bacarığının isə kimdən keçdiyini bilmirəm. Gərək bu məsələni araşdırım.
- Atanın da sürətli olduğunu qeyd etdin. O da futbolçu olub?
- Dediyinə görə, hətta məndən də sürətli olub. Hərçənd ona inanmıram (gülür). Amma eybi yox, qoy, desin. Valideynlərin necə olduğunu özünüz də bilirsiz. Hamısı cavanlıqda peşəkar idmaçı olublar... Atam bir müddət futbol oynadığını deyir. Təbii ki, ona inanıram. O vaxt Nigeriyada həyat səviyyəsi və şərtlər indiki kimi deyildi. Görünür, mənim əlimə düşən fürsətlər, imkanlar onda olmayıb. Buna görə də Avropa futboluna qədər gəlib çıxa bilməyib.
- Ümumiyyətlə, futbola gəlişin necə baş tutub?
- Atam lap kiçik yaşlarımdan qabağıma topu ataraq futbol oynamağımı istəyirdi. Sonda məndə bu oyuna böyük maraq yarandı. Dostlarımla küçədə səhərdən axşama qədər betonun üzərində oynayırdım. Futbolun xəstəsi idim və uşaq yaşımdan futbola getməyə başladım. Xoşbəxt anlar idi. Sonra yaşım irəlilədikcə tez-tez məşqçilərimdən “bu uşağın istedadı var, bundan nəsə çıxacaq” sözünü eşitməyə başladım. Ən böyük arzum ÇL-də və ya bundesliqada minlərlə insanın gözü önündə oynamaq idi. Bu arzuya belə gənc yaşda çatmaq inanılmazdı.
- Uşaq vaxtı sənin inkişafında ən çox kimin rolu olub?
- Çox insanın rolu olub. Uşaq turnirlərində qazandığım ilk titulu xatırlayıram. Ondan sonra bir çox insanlar, məşqçilər qarşıma çıxdı. Bəxtimdən hamısı yaxşı insanlar idi. Mənə düzgün yol göstərdilər. 10 yaşımdan 16 yaşıma qədər “Unterhahinq”in akademiyasında top qovmuşam. Ailəm də yanımda idi və mənə dəstək verirdi. O illəri xoş şəkildə xatırlayıram.
- Bəs peşəkar futbola qədəm qoymağında kimin rolu oldu?
- İlk növbədə ailəmin və dostlarımın. Onlara həmişə minnətdar olacam. “Unterhahinq”də ilk məşqçim Manni Şvabl idi. Onunla indiyə qədər də ünsiyyətim var. Sonra uzun müddət Mark Unterbergerin başçılığı altında oynadım. “Zaltsburq”dakı məşqçilərimi də qeyd etməliyəm. Cessi Marş ilə Mattias Yassle, hətta idman direktorumuz Kristof Froynd da dəyərli məsləhətlərini verirdi. Onların hər birinə qulaq asmağa çalışırdım. Amma bu biznesin iki üzü var. Mən hər iki üzünü də görmüşəm. Bu səviyyəyə çatmağımda əməyi keçən hər kəsə təşəkkürü bildirirəm.
- Bellingemlə qol sevinci zamanı aranızda olan şapalaqlaşma necə yaranıb?
- Bunu birinci o başladı. Əvvəlcədən düşünülmüş bir şey deyildi. Ani şəkildə oldu. Sonra mən də o qol vurduqdan sonra ona eyni şəkildə şapalağını “qaytardım”. Çox məzəli alınır. Qol sevincini birlikdə qeyd etməyi sevirik.
- Mövsümün qalan hissəsi ilə bağlı nə düşünürsən? Çempionluq arzunuz həyata keçə bilərmi?
- Sadəcə, üzərimizə düşəni etməli və qalan iki oyunda qalib gəlməliyik. “Borussiya” ilə müqavilə imzaladığım ilk gündən etibarən bundesliqanı qazana biləcəyimizə inanırdım. Hətta ilk 6 aydan sonra – turnir cədvəlində 6-cı pillədə qərarlaşdığımız dönəmdə də inamımı itirmirdim. Ona görə də indiyə qədər çempionluq şansımızın davam etməsi məni təəccübləndirmir. Hətta bəzi matçlarda yersiz xallar itirməsəydik, indi zirvədəydik. Amma hələ də şansımız pis deyil.
- Münhendə doğulmağın sənin üçün “Bavariya”nı üstələmək məsələsini prinsipial edirmi?
- Xeyr. “Bavariya” zatən uzun illərdi çempion olur. Amma “Borussiya” da buna layiqdi. Şəxsən mənim üçün “Bavariya”nı çempionluq taxtından salmaq o qədər də prinispial deyil. Amma təbii ki, “Borussiya”nın oyunçusu kimi bu uğuru qazansam, sevincdən göyün yeddinci qatına uçaram.
- Baldır qoruyucularının üzərində bəzi şəkillər var.
- Bunları mənim üçün xüsusi hazırlayıblar. Birinin üzərində Nigeriyanın, digərinin üzərində Almaniyanın bayrağı var. Eyni zamanda üzərində ən çox sevdiyim cizgi filmi personajı Luffinin şəkli olan baldır qoruyucum da var. Çox vaxt onları taxaraq oynayıram.