''Fənərbaxça'' Meyson Qrinvudun transferini 40 milyon avroya tamamlayıb. Bunu Avstriya toplanışında komandanı ziyarət etmək üçün bu ölkəyə gələn idman direktoru Oğuz Çətin də hava limanında fanatlarla görüşdə təsdiqləyib.
Türkiyə mətbuatı iddia edir ki, ''Fənər''lə ''Marsel'' arasında bütün prosedurlar cümə günü tamamlanıb. Belə olan təqdirdə ortaya sual çıxır ki, İstanbul nəhəngi bu transferi nə üçün rəsmən açıqlamır? Çünki fanatlar artıq ciddi narahatlıq keçirməyə başlayıb. İnsayder Sərcan Həmzəoğlu bu mövzuda belə desək, yeni ipucları verib.
Prosedura uyğun olaraq Qrinvudun sabiq klubu ''Xetafe'' də bu keçidə razılığını verib. Çünki onların da əldə olunacaq məbləğdən payı var. İndi sonuncu prosedur kimi yalnız ''Mançester Yunayted''in güzəşt maddəsindən istifadə etməyəcəyi barədə rəsmi sənədə imza atması qalıb. Qrinvud bilindiyi kimi məhz ''Yunayted''in yetirməsidi.
İngiltərəli futbolçu ''Marsel''ə satılarkən ''qırmızı şeytanlar'' müqaviləyə xüsusi maddə saldırmışdılar. Belə ki, onların bu futbolçunu güzəştli şərtlərlə geri qaytarmaq hüququ var idi. Yəni ''Marsel''. Qrinvudu başqa kluba satmamışdan öncə birinci ''Yunayted'' bu futbolçuya marağının olmadığını bildirməli və satışa icazə verməlidi.
İngiltərə nəhəngi bu sənədə imza atan kimi proses tamamlanacaq və Qrinvud İstanbula gələcək. Türkiyədə illik 10 milyon avro qazanacağı gözlənilən 24 yaşlı futbolçu ötən mövsüm 45 rəsmi oyunda iştirak edərək aktivinə 26 qol, 11 məhsuldar ötürmə yazıb.