Yeni mövsümə hazırlığını Avstriyadakı toplanışla davam etdirən ''Fənərbaxça'' bu yayın ikinci yoxlama oyununu keçirib.
İlk görüşdə Avstriyanın aşağı liqa təmsilçisi ''Admira Vakker''i 5 cavabsız qolla darmadağın edən İstanbul nəhəngi bu dəfə Polşa təmsilçisi ''Poqon'' ilə qarşılaşıb. Bu dəfəki rəqib elita təmsilçisi idi.
''Poqon'' ötən mövsümü Polşa çempionatında 9-cu pillədə tamamlayıb. Buna baxmayaraq ''Fənər'' dörd cavabsız qol vuraraq yenə çox inamlı qələbə qazanıb. Qolları 8-ci dəqiqədə Cengiz Ündər, 23-cü dəqiqədə Musaba, 48 və 52-ci dəqiqələrdə Şerif vurub.
İsmayıl Kartalın komandası meydana bu ''11-lik''lə çıxıb: Mərt Günok, Mimoviç, Şkrinyar, Oostervolde, Ləvənt Mercan, Genduzi, Fred, Bartuğ Elmaz, Musaba, Cengiz Ündər, Talişka. Fasilədə və ikinci hissənin gedişində bu futbolçular meydana çıxıb: Tarık Çətin, Asensio, Şerif, İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Bekao, Yiğit Efe Dəmir, Kamil Üregen, Çağlar Söyüncü, İsmayıl Yüksək, Oğuz Aydın, Efe Dəmir.
Hələ ki, hazırlıq oyunlarında qol buraxmayan və hücum potensialı ilə diqqət çəkən ''Fənər'' növbəti matçını iyulun 14-də Avstriya təmsilçisi LASK-a qarşı keçirəcək.