Çempionlar Liqasının yarımfinalı çərçivəsində keçirilən Milan derbisinin cavab matçından öncə İtaliyanın “Qazetto dello Sport” nəşri Əmrə Belözoğlu ilə söhbətləşmək qərarına gəlib.
Bu da təsadüfi deyil. Axı Əmrə düz 20 il öncə bu komandalar arasında ÇL-in yarımfinalında baş tutan hər iki qarşılaşmada “İnter”in heyətində 90 dəqiqə meydanda olub. Hazırda “İstanbul BŞ-ni çalışdıran 42 yaşlı Belözoğlu “İnter”də 4 il (2001-05) forma geyib və bu klubda iz buraxmağı bacarıb.
- 20 il əvvəki duelin hansı anını ən çox xatırlayırsız?
- 22 yaşım var idi. Uşaq kimi idim. Məğlubiyyətlərdən sonra tez-tez ağlayırdım. Elə həmin oyundan sonra yaşanan səhnəni gözəl xatırlayıram. Klubun həkimi ilə birlikdə paltardəyişmə otağındaydım. Özümü saxlaya bilməyib ağlamışdım. Ən az 15 dəqiqə göz yaşlarımı saxlaya bilməmişdim.
- “Old Trafford”dakı finala “Milan” yox, “İnter” çıxsaydı, nə olardı?
- Başımızda Ektor Kuper kimi məşqçi var idi və o heyətlə yüz faiz qalib gələrdik. O illərdə A seriyası MBA kimi idi. Hamı İtaliyada oynamağa can atırdı. İndi bu baxımdan vəziyyət dəyişib. Amma hələ də İtaliya çempionatında güclü oyunçular top qovur.
- Cavab oyunundan öncə hazırlıq prosesi necə idi?
- Asan deyildi. Oyuna düzgün köklənməliydik. Milanda insanlar futbol ilə yatır, futbol ilə qalxır. Onlar azarkeşlik etdikləri klubla nəfəs alırlar. Ona görə də oyunçular bu durumda yalnız oyunu düşünməli və futbolu həyatlarının mərkəzinə qoymalıdılar.
- Fanatlar üçün bəlkə də məğlub olmaq qorxusu qalib gəlmək arzusundan daha böyükdü…
- Bu da doğrudu. Amma sizə deyim ki, 2003-dəki atmosfer indikindən qat-qat sərt idi. Oyunlara baxanda görürəm ki, indi mənim oynadığım dönəmlə müqayisədə ab-hava daha mülayim və yumşaqdı.
- Final İstanbulda olacaq. Həlledici görüşdə bir İstanbul derbisi təsəvvür edə bilirsizmi?
- Oh (gülür). Bizim ölkəmizdə bəlkə də bütün Avropanın ən motivasiyalı və gərgin rəqabəti var. Oyundan ən az 10 gün əvvəl hər kəs derbidən danışmağa başlayır. Xüsusilə də söhbət “Qalatasaray” – “Fənərbaxça” derbisindən gedirsə. İstanbulda da hər kəs futbol sevdalısıdı. Böyük təcrübəyə malik biri kimi deyə bilərəm ki, bizim derbi digər ölkələrdəkindən çox fərqlənir.
- Qayıdaq 2023-ə. “San Siro”dakı ilk görüşdə siz də stadiondaydız. Təəssüratınız necə oldu?
- Ağıllı və aqressiv oynayan bir “İnter” gördüm. İki komandanın da bir oyun planı var idi. Amma Simone İnzaqinin planı daha yaxşı işə yaradı. “Milan” ikinci hissədə bir qədər fəallaşsa da, “İnter” yaxşı təşkilatlanmış komanda kimi nəzərə çarpdı. Onların fərqi artırmaq şansı “Milan”ın fərqi azaltmaq şansından daha çox idi. İnzaqi komandasını düzgün tapşırıqlar verərək meydana çıxarmışdı.
- Amma bəzilərinin fikrincə, oyun o qədər də maraqlı keçmədi.
- İki komandanın oyunçuları arasında o qədər də ciddi fərq yoxdu. Amma “İnter”in oyun tərzi mənə daha inamlı göründü. “İnter”in oyunçuları məndə birlikdə 50 oyun keçirmiş, bütün çətinliklərdən keçmiş kimi təəssürat oyatdılar. Komanda kimi onlar daha yaxşı göründülər. 3 mərkəz müdafiəçili sistemdən gözəl yararlanırlar. Top rəqibdə olan kimi müdafiəçilərin sayı 5-ə yüksəlir. Topsuz oyunda da üstün idilər.
- Hakan Çanhanoğlu sabiq klubuna qarşı necə təsir bağışladı?
- Böyük oyunçular üçün belə durumlar problem yaratmır. O, “İnter”ə transfer olunanda derbi ilə bağlı bütün ssenariləri beynində nəzərdən keçirmişdi. Həm fiziki, həm də psixoloji cəhətdən əla formadadı. “İnter”in aparıcı qüvvələrdindən biridi.
- “İnter”in hansı oyunçusunda özünüzü görürsüz?
- Barellada. O da mənim kimi həmişə yalnız qalib gəlmək istəyir. Həqiqətən mükəmməl oyunçudu və onu çox bəyənirəm.
- “İstanbul BŞ”nin başında ikinci mövsümünüzü keçirirsiz. İşləriniz necə gedir?
- Çox xoşbəxtəm. Ötən mövsüm avrokuboklara vəsiqə qazandıq və Konfrans Liqasında qrupu lider kimi bitirib 1/8 finalda oynadıq. Bu mövsüm də Türkiyə kubokunu qazanmaq şansımız davam edir. Superliqada 5-ci pillədəyik. Yenidən Avropada oynamaq istəyirik.
- Böyük gələcək vəd edən hansı türkiyəli futbolçu var?
- 2005-ci il təvəllüdlü Arda Gülər. “Fənərbaxça”da son mövsümümü keçirəndə o artıq komandada idi. Cəmi 15 yaşı var idi, amma o vaxtdan diqqəti cəlb edirdi. Belə davam etsə, onu böyük gələcək gözləyir. 20 yaşı hələ iki ildən sonra tamam olacaq. Amma indidən Avropanın ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biridi.