"Sabah"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Nyu Seynts"lə cavab oyununun ölkəmizdə yayınlanmamaq ehtimalının olduğunu yazmışdıq. Çünki Uels klubunun oyunlarının yayın hüququna malik şirkətin "bayquşlar"dan tələb etdiyi məbləğ bazar dəyərindən yüksəkdi.
"Football-plus.az" bu mövzuyla bağlı ətraflı bilgi əldə edib. Belə ki, qarşı tərəf Masazır təmsilçisindən nə az, nə çox - 100 min manat tələb edir. Bu isə Çempionlar Liqasının ilk təsnifat mərhələsinin oyunlarının yayını üçün nəzərdə tutulan məbləğdən ən azı 5 dəfə artıqdı!
Həmin vəsaiti istər "CBC Sport", istərsə də "Sabah" ödəyə bilər. Ancaq məbləğin yüksəkliyi hər iki tərəfi narazı salıb. Düzdü, "bayquşlar" oyunun ölkəmizdə göstərilməsi üçün qarşı tərəfə bazar qiymətindən bir qədər çox məbləğ təklif edib. Lakin uelslilər ilk tələbində israrlıdı.
Maraq üçün qeyd edək ki, belə məsələlər, adətən, barter üsulu ilə tənzimlənir. Yəni ilk matçda meydan sahibi olan komanda qonaqlar üçün pulsuz yayın təşkil edir. Sonradan meydan sahibi olan komanda da eyni addımı atır. Lakin "Nyu Seynts" yayın hüquqlarını başqa şirkətə satıb və bu üzdən anlaşmazlıq ortaya çıxıb.
"Sabah" danışıqları davam etdirir. Qarşı tərəflə ortaq məxrəcə gəlsələr, matç yayınlanacaq. Əks halda, oyunu ölkəmizdə izləmək mümkün olmayacaq.
Xatırladaq ki, oyun sabah keçiriləcək.
KƏNAN BAHADIR