Yaxın keçmişdə dünya futboluna damğa vuran Məsut Özil, bilindiyi kimi, bugünlərdə butslarını birdəfəlik mismardan asmaq qərarına gəldi.
"Football-plus.az" xəbər verir ki, o, martın 22-də karyerasını başa vurduğunu açıqladı. 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkədəki vida paylaşımında son vaxtlar tez-tez zədələnməsinin bu qərarda böyük rol oynadığını qeyd etdi. Düzdü, Məsutun karyerası titullarla o qədər də zəngin olmadı. Yüksək səviyyədə yalnız 8 titul qazana bildi. Amma əvəzində Özil bir çox məşhur futbolçunun həsrətində olduğu titulu – dünya çempionluğunu qazandı. Üstəlik “Real” kimi klubda üç mövsüm top qovdu. O, son illərdə doğma məmləkəti Türkiyədə forma geysə də, ümidləri doğrulda bilmədi. Nə uşaqlıqdan azarkeşlik etdiyi “Fənərbaxça”da, nə də ötən yaydan bəri şərəfini qoruduğu “İstanbul BŞ”də. Oktyabrda belindən əməliyyat olunmaq onu bir qədər də geri saldı. Məsut bugünlərdə İspaniyanın məhşur “Marca” nəşrinə karyerası ilə bağlı geniş müsahibə verib və bir sıra maraqlı etiraflar edib.
“Özümü aya uçan insan kimi hiss edirdim”
- Karyeranı 114 qol, 222 məhsuldar ötürmə göstəricisi ilə tamamladın. Ümumiyyətlə, sənə futbolda ən çox zövq verən nə idi?
- Bəli, bir çox qollar vurdum, məhsuldar ötürmələr verdim. Bu, statistikaya düşmür, amma son qol ötürməsindən əvvəlki ötürmələrim, komanda yoldaşlarımı zərbə mövqeyinə çıxardığım epizodlar da çox olub. Mənim üçün ən önəmlisi komanda şəklində qalib gəlmək idi. Komanda yoldaşlarıma həmişə sona qədər yardım etməyə çalışmışam. Oyun fəlsəfəm məhz bundan ibarət olub. İstəmişəm ki, komanda yoldaşlarım da mənim kimi düşünsün. Çünki yalnız özünü düşünməyin sonu yaxşı bitmir. Dəfələrlə olurdu ki, insanlar mənə “özünü düşün, az ötürmə ver, qapıya daha çox zərbə vurr” deyirdilər. Belə insanları heç vaxt anlamamışam.
- Geriyə boylandıqda karyeranda gördüyünüz ilk şey nədi?
- Dərhal uşaqlıq illərim gözümün qabağına gəlir. Bəziləri mənə bu işi bacara bilməyəcəyimi, bəziləri isə yaşımın hələ çox az olduğunu söyləyirdilər. Amma bunların heç birinə fikir vermədim. Diqqəti özümə yönəltdim və qarşıma qoyduğum hədəfə çatmağa çalışdım. “Şalke-04” ilə ilk peşəkar müqaviləmi imzaladıqda və ilk bundesliqa matçlarına çıxdıqda özümü aya uçan insan kimi hiss edirdim... Eyni zamanda “Real” üçün oynamaq və dünya çempionluğunu qazanmaq mənə inanılmaz duyğular bəxş etdi.
- Karyeranı 34 yaşında nöqtələyirsən. Bu cür qərar üçün bir qədər erkən olduğunu düşünmürsənmi?
- Əslində bu qərarın üzərində bir xeyli düşündüm və hər şeyi götür-qoy etdim. Mən heç vaxt zədəyəmeyilli futbolçu olmamışam. Karyeram boyunca elə də çox zədələnməmişəm. Həmişə yaxşı formada qalmağa çalışırdım. Amma son aylar mənim üçün ağır və çətin keçdi. Artıq komandama istədiyim kimi yardım edə bilmədiyimi anladım. Bu qərarımı “İstanbul BŞ” rəhbərliyinə bildirdim. Onlar da anlayışla qarşıladılar və ortaq məxrəcə gəldik.
“Qvardiola mənimlə tanışlığa ehtiyac duymadı!”
- Bundan sonra nə edəcəksən? Ümumiyyətlə, gələcək planların barədə düşünmüsənmi?
- Açığı, bu barədə hələ düşünməmişəm. Qarşıdakı aylarda, illərdə nə olacağını əminliklə deyə bilmərəm. Amma hələlik Türkiyədəyəm və diqqətimi ailəmə yönəldəcəm. Həyat yoldaşım və iki gözəl qızım var. Onlar mənim üçün həyatda ən böyük hədiyyədi. İndi ən çox istədiyim şey onların böyüdüyünü görməkdi. Onlarla keçirdiyim hər saniyə mənim üçün dəyərlidi. Hələ ki baş məşqçi olmaq və futbol dünyasının içində qalmaq kimi bir planım yoxdu. 17 ildi peşəkar səviyyədə bu işin içindəyəm. Karyeramı yaxından təqib edənlər bilirlər ki, mən kamera önündə və diqqət mərkəzində olmağı, müsahibələr verməyi xoşlayan insan deyiləm. Ona görə də indi daha sakit bir həyatdan zövq almağa çalışacam.
- Karyeranda ən çox nə ilə qürur duyursan?
- Mənim üçün qollar, məhsuldar ötürmələr, qələbələr və çempionluqlardan daha vacib olan bir məqam var. Ən çox qürur duyduğum şey adımın futboldan da önəmli olan məqamlarla birlikdə hallandırılmasıdı. Xüsusilə də Afrika və Cənubi Amerikada insanlara yardım edə bilmək fürsətim olduğu üçün sevincliyəm.
- 2010-cu ili karyeranda dönüş anı adlandırmaq olar. Həm DÇ-yə yollandın, həm də “Real”a transfer olundun. Bu transfer necə baş tutdu? Sənə ən birinci kim zəng vurdu?
- “Real”la “Barselona” arasında seçim etməliydim. Pul bu məsələdə ciddi rol oynamırdı. Futbol ictimaiyyətinin bu olaydan xəbərdar olub-olmadığını bilmirəm. Amma mən o vaxt həm “Real”ın, həm də “Barsa”nın düşərgəsini ziyarət etmişdim. Aradakı yeganə fərq Joze Mourinyo oldu! O özü şəxsən məni “Santyaqo Bernabeu” ilə tanış etdi və klubun muzeyinə apararaq ordakı bütün titulları göstərdi. Həmin an tüklərim biz-biz oldu. “Barselona” ziyarətim bu qədər coşqulu alınmadı. Həm də açığı, məni ən çox üzən şey Xosep Qvardiolanın ora gəlməməsi oldu. Mənimlə tanışlığa ehtiyac duymadı! Halbuki həmin hadisəyə qədər bu iki klubdan məhz “Barsa”ya simpatiyam daha çox idi. Onların futbol tərzini çox bəyənirdim və mənə uyğun gəldiyini düşünürdüm. Amma gözlədiyim şeylərin hamısını “Barsa” yox, “Real” etdi. Bu üzdən “Madridista” olmağa qərar verdim.
“İndi “El Klasiko” sanki həyəcanını və ajiotajını itirib”
- Kriştiano Ronaldo ilə həmişə meydanda bir-birinizi gözəl anlayırdız. O da həmişə sənin haqda xoş sözlər deyib və səni ən yaxşı komanda yoldaşlarından biri adlandırıb.
- Mənim üçün bütün zamanların ən yaxşı oyunşusu Kriştianodu. Onunla birlikdə oynamaq çox əyləncəli və mükəmməl idi. Həqiqətən də, meydandan bir-birimizi bəzən gözüyumulu anlayırdıq.
- Elə Serxio Ramosla da güclü dostluğun olub.
- Ramos birmənalı şəkildə karyeram ərzində birlikdə oynadığım ən güclü mərkəz müdafiəçisidi. Çox güclü xarakteri var. O dönəmlərdə bir qədər gənc idi. Amma yenə də psixoloji cəhətdən güclü idi. Meydanda əsl lider idi. Gec-tez “Real”a Çempionlar Liqasını qazandıracağı bəlli idi. “Real”da ən yaxın dostlarımdan idi. Məşqlərdən başqa da birlikdə çox vaxt keçirirdik. “Real”a tez uyğunlaşmağımda onun böyük rolu oldu. Artıq 10 ilə yaxındı komanda yoldaşı deyilik. Amma hələ də əlaqələrimiz davam edir. Bəzən bir-birimizə mesajlar göndəririk. Təbii ki, onun karyerasını diqqətlə izləyirəm.
- “Barselona”ya qarşı oynadığınız “El Klasiko”larla bağlı hansı xatirələrin var?
- Bəlkə də “Real”dakı karyeram “El Klasiko” tarixinin ən maraqlı dönəminə təsadüf etdi. ÇL-in yarımfinalında da onlarla qarşılaşmışdıq. O vaxt “El Klasiko” deyən kimi Qvardiolanın Mourinyoya, Ronaldonun Messiyə qarşı dueli yada düşürdü. İndiki “El Klasiko”lar sanki bir qədər həyəcanını və ajiotajını itirib. O vaxt bizim üçün “Barsa”nı yenmək orqazm olmaq kimi bir şey idi. Çünki inanılmaz bir rəqabət var idi. Digər tərəfdən 2010-da La Liqada “Nou Kamp”da 0:5 hesabı ilə uduzduğumuz oyunun karyeramın ən böyük kabuslarından biri olduğunu etiraf etməliyəm. Bir çox önəmli qarşılaşmalarda və derbilərdə forma geymişəm. Amma həmin “El Klasiko”ların yerini heç nə verə bilməz!
“Venger ayrılandan sonra mənim üçün çox şey dəyişdi”
- Və sonda 2013-də “Real”dan ayrılmalı oldun...
- Həmin günlə bağlı xatırladığım ən önəmli şey hava limanında çox üzgün olmağımdı. “Real”da və Madrid kimi şəhərdə bir-birindən gözəl 3 il keçirdim. Çox xoşbəxt idim. Amma yeni mövsümün başlamasına az qalmış bir andaca hər şey dəyişdi. Anladım ki, artıq əvvəlki qədər çox oynamaq şansım olmayacaq. Üstəlik Florentino Peres ilə atam və menecerim arasında da bir anlaşmazlıq yaşandı. Yeni klub axtarmaq məcburiyyətində qaldıq. Təyyarə hava limanından qalxdıqda gözlərim yaşardı. O an hər şeyin bitdiyini anladım.
- “Arsenal” karyeran necə keçdi və Arsen Venger ilə münasibətlərin necə idi?
- İlk illər çox yaxşı keçdi. Ardıcıl bir neçə il ÇL-də oynadıq. Əla oyunçulardan ibarət olan güclü komandamız və Venger kimi mükəmməl məşqçimiz var idi. Çox centlmen insandı və hər kəsə hörmətlə yanaşır. Münasibətlərimiz əla idi. Onun kimi bir məşqçinin başçılığı altında oynaya bildiyim üçün özümü şanslı sayıram. Amma Venger klubdan ayrılandan sonra mənim üçün çox şey dəyişdi. Hərçənd yenidən köhnə məqamları xatırlamaq istəməzdim. “Arsenal” fanatları məni hər zaman dəstəkləyib. Onlara və komandaya uğurlar arzulayıram. Bu mövsüm çempion ola bilsələr, buna yalnız sevinərəm. Çünki bu uğuru yaşamağa layiqdilər.
- Bəs “Arsenal”da yaşadığın ən unudulmaz an hansıdı?
- 2018-in oktyabrında “Lester”i 3:1 hesabı ilə yenmişdik. O qarşılaşmada əla performans sərgiləmişdim.
- “Real” və “Arsenal” kimi klublarda oyununla tarix yazmağından savayı həm də 2014-də dünya çempionu oldun. DÇ-nin finalında oynamaq və qalib gəlmək necə duyğudu?
- Karyeramda bir çox inanılmaz zəfərlərim olub. Amma dünya çempionluğu tam başqa şeydi. Riodakı həmin gecə birmənalı şəkildə karyeramın ən unudulmaz gecəsi idi. Hətta indi də həmin anları xatırlayarkən üzümdə istər-istəməz təbəssüm yaranır və tüklərim biz-biz olur.
“Həmin mövzunu yenidən gündəmə gətirmək istəmirəm”
- Amma yığma karyeran heç də yaxşı şəkildə bitmədi (Məsut Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla şəkil çəkdirdiyinə görə Almaniya futbol ictimaiyyətinin təzyiqi ilə üzləşmişdi – Ə.R.).
- Həmin mövzunu yenidən gündəmə gətirmək və qalmaqala səbəb olmaq istəmirəım. Yalnız onu deyə bilərəm ki, Almaniya Futbol İttifaqı ilə mənim fikirlərim, baxış tərzimiz üst-üstə düşmədi. Ona görə də DÇ-2018-dən dərhal sonra yığma karyeramı bitirdim. Bir neçə həftə öncə Ştutqartda Yoahim Lövlə görüşüb səmimi şəkildə söhbət etdik. Münasibətlərimiz qaydasındadı Onunla heç vaxt şəxsi problemim olmayıb və yığmada birlikdə böyük uğurlar qazanmışıq. Sadəcə, DÇ-2018-dən sonra artıq yığmada bəzi şeyləri dəyişməyin zamanı çatmışdı.
- Öz komandana bir futbolçu seçmək imkanın olsaydı, kimə üstünlük verərdin?
- Az öncə də dediyim kimi Kriştiano Ronaldo mənim üçün fərdi planda ən yaxşı futbolçudu. Təbii ki, onu seçərdim. Amma ən yaxşı lider Serxio Ramos, qapı önündə ən yaxşı bitirici isə Kərim Benzemadı.
- Bəs ən yaxşı məşqçi?
- Mənim üçün Mourinyo XXI əsrin ən yaxşı məşqçisidi! Onun futbolda taktika anlayışı, paltardəyişmə otağında oyunçularla ünsiyyət qurmaq bacarığı tam başqa səviyyədədi. Mətbuat önündə öz komandasını qoruması da başqa söhbətin mövzusudu. Həqiqətən də əsl dünya standartlarına uyğun bir mütəxəssisdi.
- Ən yaxşı stadion?
- “Santyaqo Bernabeu”, “Emireyts” və “Fənərbaxça”nın stadionu. Üçünün arasında bir seçim etməliyəm.
- Qarşılaşdığın ən güclü rəqib?
- Təbii ki, Lionel Messi. Məncə, səbəbini də hər kəs bilir.
“Ofsayd yığışdırılsa, futbol daha maraqlı olar”
- Bizə bir qədər sosial yardımlarından bəhs edə bilərsənmi?
- Anamın uşaqlıqdan mənə öyrətdiyi bir şey var. Hər zaman başqalarına da nəsə verməyə çalışıram. “BigShoe” xeyriyyə təşkilatı ilə birlikdə çox çalışıram. İndidən bütün dünyada 1000-dən çox ehtiyacı olan uşağa yardım edə bilmişik. Məncə, bu gördüyüm iş çox gözəldi. Başqalarına yardım edə bildiyim üçün özümü şanslı hesab edirəm. Yeri gəlmişkən, Rüdiger və Saka da artıq bu təşkilata qoşulub. Bunu öyrənəndə çox sevindim.
- Futbolu inkişaf etdirmək üçün nəyi dəyişdirərdin?
- Futbola Helzenkirhenin küçələrində başlamışam. İlk illərimdə yalnız həvəskar meydanlarda oynayırdıq. Uşaq vaxtı oynadığımız kimi istərdim ki, böyük futbolda da ofsayd yığışdırılsın. İsətnilən adamla mərc etməyə razıyam ki, ofsayd götürülsə, futbol daha maraqlı və əyləncəli olar. Qol vurmaq fürsətləri də artar.
- “Şalke-04” ilə 39, “Verder” ilə 108, “Real” ilə 159, “Arsenal” ilə 254 oyuna çıxdın. Qəlbən bağlı olduğun və ya həyatının klubu bunlardan hansıdı?
- Bu sualı hisslərimə əsaslanaraq cavablamaq daha yaxşı olar. Almaniyada həmişə “Şalke-04”ün, Türkiyədə isə “Fənərbaxça”nın azarkeşi olmuşam. Uşaqlıqda ən sevdiyim iki klub məhz bunlar idi. Onların hər ikisinin də şərəfini qorumaq mənim üçün böyük bir fəxr oldu.
ƏLİ RAUFOĞLU