Son illərdə karyerasında yaşanan enişin qarşısını heç cür ala bilməyən Məsut Özil hələ ki Türkiyədə ümidləri doğrultmur.
Football-plus.az xəbər verir ki, “Fənərbaxça”ya lazım olmayandan sonra bu yay “İstanbul BŞ” ilə anlaşan məşhur futboçu yeni klubunda da şans qazanmır.
Oktyabrın əvvəlində belindən əməliyyat olunan Özilin nə vaxt qayıdacağı bilinmir. Bu arada 34 yaşlı futbolçunun meneceri Ərkut Söğüt İngiltərə mətbuatına diqqətçəkən açıqlamalar verib. O, Məsutun “Arsenal”da komanda yoldaşı olmuş Pyer-Emerik Obameyanqa söz atıb:
“Məsut “Arsenal”dakı günlərini böyük məmnunluqla xatırlayır və hələ də klubun bəzi oyunçuları ilə ünsiyyətini davam etdirir. Bir çox futbolçu ilə əlaqəsi var. Məsələn, Bukayo Saka ilə az qala qardaş kimidi. Məsut Obameyanq kimi deyil. “Nyukasl” və “Aston Villa” ilə bağlı şayiələri mən də eşitmişəm. Amma Özil bundan sonra İngiltərədə heç vaxt başqa klubun şərəfini qorumaz. Bu yaxınlarda əməliyyat olundu. Tam sağalandan sonra yaşıl meydana qayıdacaq. Karyerasını bitirmək haqda düşünmür. Bunu dəfələrlə dilə gətirib. Məsut Türkiyədə “Fənərbaxça”dan başqa heç bir böyük klubda oynamayacağını demişdi. Yəni “Beşiktaş”, “Qalatasaray” və “Trabzonspor”un formasını heç vaxt geyməz”.
Qeyd edək ki, 5 mövsüm “Arsenal”ın şərəfini qorumuş Obameyanq ötən mövsümün qış fasiləsində “Barselona”ya keçdikdən sonra bu yay yenidən İngiltərəyə qayıtdı. O, “Arsenal”ın prinsipial rəqiblərindən olan Londonun digər təmsilçisi “Çelsi”yə keçdi.