Son illərdə “Çelsi”də özünü əla tərəfdən göstərən Antonio Rüdiger bu yay “Real”a keçdi.
London klubu onu heyətində qorumağa çox cəhd etsə də, futbolçunun arzusu İspaniya nəhəngində oynamaq idi. Bununla da “kral klubu” David Alabadan sonra ardıcıl ikinci il dünya səviyyəli müdafiəçini azad agent kimi sıralarına qatdı. Rüdiger mövsümün geridə qalan hissəsində etibarlı çıxışı və meydandakı çılğınlığı ilə artıq azarkeşlərin ürəyinə yol tapıb. Almaniya millisinin üzvü Millətlər Liqasının son matçlarından əvvəl ölkəsinin sport1.de portalına müsahibə verib.
“Komanda yoldaşlarım dəli olduğumu artıq hiss ediblər”
- “Santyaqo Bernabeu”da ilk oyununda tabloda soyadın səhv göstərildi: Rüdiger əvəzinə Rüdiguer yazıldı. Reaksiyan necə oldu?
- Əmim oğlu buna diqqət yetirdi, mənə foto göndərdi və “Toni, orda nə baş verir?” yazdı. Həmin şəkli klubda bu işə cavabdeh olan şəxsə yolladım və “ikinci “u” hərfini silə bilərsiz” deyə qeyd etdim. Bəlkə də 1000 dəfə məndən üzr istədi. Ona dedim ki, problem yoxdu. Özüm də bu səhvə güldüm.
- Komanda yoldaşların sənə ləqəb verib? Axı “Real”ın Tonisi var...
- Düzdü, Kroosu belə çağırırlar. Məşqçilər korpusu mənə Antonio, oyundaşlarım isə Rüdi deyirlər. Onlar dəli olduğumu artıq hiss ediblər.
- “Blankos”un bir neçə belə futbolçusu olub, xüsusən də müdafiə xəttində...
- Bəli, ilk növbədə də ağla Pepe gəlir. Həmişə ona oxşamaq istəmişəm. Əvvəllər tez-tez rəqiblərinə qarşı istifadə etdiyi fəndlərin videosuna baxırdım.
Gənc idim, özümün də bunu bacardığımı göstərməyə çalışırdım. Pepe necə də möhtəşəm idi! Özü də təkcə ikili mübarizələrdə yox, həm də oyun strukturunda. Maraqlıdı ki, “Real”da hamı mənə onun meydandan kənarda sakit insan olduğunu deyir. Pepe həm də futbolkasını almaq üçün onu 1 saat gözlədiyim yeganə futbolçudu! Pepe, Serxio Ramos və Tyaqo Silva – kolleksiyamda bu 3 oyunçunun köynəyi olduğu üçün qürur hissi keçirirəm. Onlar əsl əfsanələrdi!
- “Kral klubu”nda səni yaxşı mənada ən çox təəccübləndirən kim oldu?
- Kroos. Düzdü, millidə də həmişə bir-birimizə hörmət edir və yola gedirdik, ancaq az danışırdıq. “Salam, necəsən?”, “sağ ol” – bu qədər. Buna, sadəcə, vaxtımız yox idi. “Real”da isə tam fərqli Tonini gördüm. İspanca çox yaxşı danışır, həmişə gülərüz və kömək etməyə hazırdı. Dili bilmədiyimə görə ilk gündən mənə dəstək oldu, əşyalarımı daşımağı təklif etdi. Çox xoş insandı.
- Bəs futbolçu kimi?
- Kroosun “blankos”a keçəndən sonra nail olduğu uğurlar heyranedicidi. Klubda və ümumiyyətlə, Madriddə ona göstərilən münasibət hər şeydən xəbər verir. Bu mənim üçün də stimuldu.
- “Çelsi”nin paltardəyişmə otağında dicey sən idin. “Real”da vəziyyət necədi?
- Yox, burda Benzema hamımızın yerinə bu işi görür. O, paltardəyişmə otağında bossdu (gülür). Amma mahnı seçimi ürəyimcədi: çoxlu afrobit (əsasən Qərbi Afrika musiqi elementləri – red.), hip-hop, bəzən isə ispaniyalı futbolçular üçün reggeton (ispandilli ölkələrdə məşhur musiqi üslubu və rəqs – red.).
- Artıq ispanca danışırsan?
- Çox şeyi başa düşürəm, bir neçə cümlə işlədə bilirəm. “Real” o qədər beynəlmiləl komandadı ki, burada ispan, ingilis, fransız, portuqal, alman dillərində danışırlar. Məşqçi, adətən, ispanca nitq söyləyir, ancaq mənimlə həmişə italyan dilində söhbət edir.
- Ançelotti ilə münasibətlərin necədi?
- Təqdimat mərasimindən əvvəl başıma gələn maraqlı hadisəni danışa bilərəm. Ailəmlə Madriddəki yeni evimizdə ilk saatlarımız idi, barbekü hazırlayırdıq. Birdən qapının zəngi eşidildi. Qarşımda Ançelottini görüb çox təəccübləndim. Bizimlə bir masada əyləşdi, nahar etdi, ailə üzvlərimlə tanış oldu. Adi insan təsiri bağışlayırdı. 2 saat evimizdə qonaq oldu, hər mövzuda danışdıq. Düzünü desəm, ilk dəfə belə halla qarşılaşdım. Onu bir neçə ay tanıyandan sonra indi deyə bilərəm ki, futbolçularla əla münasibət qurmaq planında əlçatmazdı! Mən hələ yeniyetmə ikən Ançelotti artıq Çempionlar Liqası kuboklarını sıralayırdı. Onunla birgə dünyanın ən yaxşı klubunda hər gün işləmək möhtəşəm hissdi!
- Ögey qardaşın əsas məsləhətçin və “Real”a transferinin rəsmiləşməsində böyük pay sahibidi...
- O, təkcə yaxşı yox, həm də pis günlərimdə yanımdadı. Həmişə bir-birimizə dəstək olmuşuq. Uşaqlarımdan sonra həyatımda ən vacib insandı. Karyeram haqda da məndən fərqli düşünürdü.
- Nəyi nəzərdə tutursan?
- Həmişə “blankos” haqda danışırdı. Hələ “Ştutqart”da çıxış etdiyim vaxt bir gün “Real”da oynayacağıma əmin idi. Mənə “Toni, nə vaxtsa bu klubda olacaqsan” deyirdi. Adətən, ona, sadəcə, təəccüblə baxır və sözlərinə önəm vermirdim. İndi isə bu reallıqdı.
“Modriç, Kroos və Benzema hətta finala adi oyun gözüylə baxırlar”
- “Kral klubu”na keçə biləcəyini nə vaxt öyrəndin?
- Aprelin sonlarında konkret təklif gəldi. Amma buna qədər qardaşım mənə motivasiya vermək üçün yalana əl atdı. ÇL-in 1/4 finalında “Real”la qarşılaşdığımız vaxt ilk oyundakı məğlubiyyətdən sonra “Toni, transferin alınıb-alınmayacağını bilmirəm, cavab matçında hər şeyini ortaya qoymalısan!” söylədi. Bunun mənə ciddi təsiri oldu.
- Cavab görüşündə meydanda ən yaxşılardan biriydin, “Çelsi” isə yarımfinala çıxmağa yaxın idi...
- Timo Verner hesabı 3:0 edəndə fikirləşdim ki, vəssalam, rəqib uduzdu! Heç bir komanda “Real”ı onların stadionunda oyunun sonuna 10 dəqiqə qalmış bu qədər öz nəzarətində saxlamırdı. Fanatların “blankos” futbolçularını fitə basmağa başlayacağını gözləyirdim. Ancaq tribunalar elə qışqırırdılar ki, sanki qolu vuran biz yox, “kral klubu” idi. O an düşündüm ki, səmada nəsə uçur. 4 dəqiqə sonra isə Luka Modriç ayağının çölü ilə həmin ötürməni etdi.
- Bu, “Santyaqo Bernabeu”nun sehri idi?
- Bəli! Komandanın oyunu uzun müddət alınmaya bilər və birdən stadionu çoşduran, həm də rəqibi mat qoyan həmin an gəlir. Burdakı azarkeşlər futbolu əla anlayırlar və nə vaxt oyunçulara dəstək verməli olduqlarını bilirlər.
- “Real”da təzyiq çox böyükdü?
- Həddən artıq böyükdü! Kənardan biri kimi təxmin edə bilərsiz, amma bu hissi yaşamaq tam fərqlidi. Burda hər şey təkcə qələbələr üçündü, başqa variant yoxdu. Modriç, Kroos, Benzema – o qədər rahatdılar ki, hətta finala adi oyun gözüylə baxırlar.
- Təkcə “Çelsi”də yox, Almaniyada da səni dəfələrlə hesabdan siliblər. Bunu eşitmək çətin idi?
- Valideynlərim hələ uşaq yaşlarımdan məni “döyüşçü” adlandırırdılar. Qarşımda divar varsa, 10 zərbə vurub sonda yoluma davam edəcəm. Döyüşçüyəm və bu illər ərzində tənqidi qəbul etməyi öyrənmişəm. Hər kəs öz fikrini səsləndirə bilər, amma mənim üçün məşqçimin və komanda yoldaşlarımın nə düşünməsi vacibdi. Qalanı isə ikinci dərəcəlidi.
- Tez-tez başqalarının cavabını sərt şəkildə verirsən...
- Hamı ilə dostluq etmək üçün peşəkar futbolçu olmamışam. Kimlərsə məni bəyənirsə, bu əladı. Ancaq hər kəsin xoşuna gələ bilmərəm.
- Təbiətcə impulsiv olmağın bəzən sənə mane olur...
- Hə, xüsusən də karyeramın əvvəllərində. “Ştutqart”da bu səbəbdən bir-iki dəfə qırmızı vərəqə almışdım.
- Buna necə qalib gəldin?
- Ailəm kömək etdi. Valideynlərim əvvəlcə məni psixoloq yanına göndərmək istəyirdilər, amma bu mənlik deyil. Yad insanlarla problemlərim, hisslərim haqda danışmağı sevmirəm. İndi artıq böyümüşəm, atalıq məndə çox şeyi dəyişdi. Uşaqlarım bu mənada böyük rol oynadılar. Artıq tənha deyiləm, onların yanımda olması əla hissdi. Bu səbəbdən məsuliyyətim də artdı.
- Amma daxilində hələ də köhnə Toninin bir parçası qalıb?
- Özümü tamə dəyişə bilmərəm. İntellektual oyunlar, rəqiblərimlə treş-toklar (əsasən qarışıq döyüş növlərində qarşındakını özündən çıxarmaq məqsədilə onun ünvanına deyilən təhqiramiz ifadələr – red.) – bunlara ehtiyac duyuram. Mənim üçün bir növ hobbidi.
- Niyə?
- Çünki rəqiblərimi təhlil etmək, onların təxribatıma necə cavab verəcəyini görmək xoşuma gəlir. Amma bunu hər oyunda etmirəm, əvvəlcədən planlaşdırmıram. Çox vaxt təsadüfən alınır.
- Sosial şəbəkələrdə iştirakınla bir sıra məzəli videolar gündəmdədi. Məsələn, rəqiblə topa tərəf qaçarkən maraqlı əl və ayaq hərəkətləri ilə yadda qalırsan. Ya əllərini dəlicəsinə yelləyirsən, ya da ayaqlarını həddən artıq qaldırırsan…
- Bu yolla daha sürətli qaçacağımı düşündüyüm üçün belə edirəm. İnsanlar bunu məzəli sayırlarsa, onlarla birgə gülə bilərəm. Dediyin səhnələrdən biri ötən mövsüm “Çelsi” – “Nyukasl” matçında yaşandı, çoxları məhz həmin anları xatırlayırlar. Səmimi deyəcəm: oyunların birində bilərəkdən 1-2 səhv etdim, çünki stadiondakı sakit ab-hava xoşuma gəlmədi! Bu yolla azarkeşlərimizi yuxudan oyatmağa çalışdım. Hər halda, futbol həm də əyləncədi. İnsanlar stadiona vaxtını yaxşı keçirmək üçün gəlirlər. Vinisius kimi 5-6 futbolçunu keçəcəyimi görə bilməyəcəksiz, başqa cür seçilirəm.
“Futbolda pulun və hakimiyyətin necə böyük rol oynadığını bir daha gördük”
- İndi karyeranın ən yaxşı dönəmini yaşayırsan?
- Zirvəyə çatdığımı deyə bilərəm. Həqiqətən hazırkı formamdan həzz alıram. Özümü mükəmməl futbolçu hiss edirəm.
- Səni bu səviyyəyə Tomas Tuxel qaldırdı desəm, yalan olmaz. Bir müddət əvvəl “Çelsi”də istefaya göndərildi. Nə düşünürsən?
- Əvvəlcə onun üçün yeni futbolçular alındı, bir neçə matçdan sonra isə yollar ayrıldı. Ani verilən bu qərar məni təəccübləndirdi. İstefa xəbəri çıxan gün məyus idim. Ona mesaj yazdım və bir daha hər şeyə görə minnətdarlığımı bildirdim. Tuxel təkcə məni yox, “Çelsi”nin hər bir futbolçusunu dəstəkləyirdi. Komandanı hardan hara daşıdığına baxsan, mümkünsüzü bacardığını görərsən. Amma futbolda belə halların yaşandığını özün də bilirsən. Bəzən qəhrəman, bəzən isə bədheybətsən.
- Elə Yoahim Löv də əvvəlcə əksər azarkeşlər üçün qəhrəman idi, sonra isə bədheybətə çevrildi. O da çətin dönəmlərdə sənə güvənirdi. Karyeranda hansı rolu oynadı?
- “Yoqi” (Lövün ləqəbi – red.) haqda nə düşündüyümü hamı bilir. Ona çox şey borcluyam. Gənc yaşlarımda heç də asan deyildi, çoxları milliyə çağırılmalı olduğuma şübhə ilə yanaşırdılar. Ancaq “Yoqi” heç vaxt soyuqqanlığını itirmirdi. Həmişə yanımda idi. Bir ara çox tənqid olunmağa başladım, hətta mətbuat konfransında Lövə haqqımda suallar verilirdi. Xoşbəxtlikdən hər şey dəyişdi, o cümlədən “Çelsi”nin heyətində ÇL-in qalibi ola bildiyimə görə.
- Manuel Noyer bir müddət əvvəl Almaniya yığmasının əsas hədəfinin Qətərdəki mundialda qələbə olduğunu açıqladı...
- Əlbəttə, hədəf dünya çempionu titulunu qazanmaqdı! Amma hazırda başqa komandaların bizi qabaqladığını görürəm. Buna baxmayaraq, heç kimdən çəkinməli deyilik. Təbii ki, burda oturub “DÇ-2022-nin bir nömrəli favoriti bizik!” demirəm. Ola bilsin, autsayder rolu elə də pis deyil.
- Hansı milliləri indiki bundestimdən üstün sayırsan?
- Fransa və Braziliya fərdi keyfiyyətlər baxımından daha yaxşı futbolçulara sahibdi. Bəli, bu mənada bizi bir qədər qabaqlayırlar. Ancaq Almaniya yığmasını həmişə başqalarından möhtəşəm həmrəylik fərqləndirib. Hamımız birləşməliyik. Komandanın çətin vaxtları olsa belə, başqalarından daha istəkli olmalıyıq. Hətta meydanda ölmək lazım gəlsə, bunu da etməliyik. Millinin bütün üzvləri məhz bu mentallığa sahib olmaldılar. Hər şeydən əvvəl daha yaxşı müdafiə olunmalıyıq. İtaliyaya 5:2 hesabıyla qalib gəldiyimiz oyundan sonra çox əsəbiydim. 3 qol vurduq və məsələnin bitdiyini düşündük. Belə matçlarda daha inamlı çıxış etməliyik.
- Belə görüşlərdən sonra paltardəyişmə otağı çox səs-küylü olur?
- Əlbəttə, nitq söyləyənlərdən biri də mənəm. Amma ilk növbədə kapitanımız çıxış edir. Təbii ki, Noyer də Kimmix qədər narazıdı. Komanda daxilində bu problemlərin həllini tapmalıyıq. Buna görə də deyilən hər fikir vacibdi. Belə də olmalıdı. Əksinə, sadəcə, bir-birimizin üzünə gülsək, deməli, nəsə yolunda getmir.
- Qətərdəki mundiala 2 aydan az vaxt qaldı. Artıq turnirin ab-havasını hiss edirsiz?
- Hə, indidən özünü göstərməyə başlayır. Nəhayət, 4 il əvvəl Rusiyada uğursuzluq yaşadığımız yarışı unutmaq istəyirəm. Dünya çempionatını səbirsizliklə gözləyirəm!
- Almaniya mətbuatı DÇ-2018-ə özünlə “PlayStation” və qəlyan apardığını yazırdı. Budəfəki baqajında nələr olacaq?
- Qəlyan haqda xəbərlərin hardan ortaya çıxdığını heç özüm də bilmirəm (gülür). Bu məsələlərdə minimalistəm. Yalnız ən vacib olanı aparıram. Bu dəfə ailəm mundiala yollanacaq. Onlar yanımda olanda özümü daha yaxşı hiss edirəm. Ailəm mənə güc verir.
- Turnirin Qətərdə keçiriləcəyinə necə yanaşırsan?
- Mundialı təşkil etmək hüququnun bu ölkəyə verilməsi qərarı nə azarkeşlər, nə də futbolçular nəzərə alınaraq qəbul edilib. Dünya futbolunda pulun və hakimiyyətin necə böyük rol oynadığını bir daha gördük. Rəsmi şəxslər və assosiasiyalar tərəfindən mümkün boykotla bağlı açıqlamalar oxuyuram. Futbolçular, demək olar, buna qarışmır. Bizim işimiz meydandakı problemlərimizə baxmaqdı ki, bunu da edirik.