Duşan Tadiç “Fənərbaxça”nın heyətində ilk iki rəsmi oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənərək Türkiyə karyerasına uğurlu başladı.
“Football-plus.az” xəbər verir ki, fanatlar bu mövsüm ondan çox şey gözləyir. 34 yaşlı serbiyalı ulduz bugünlərdə Türkiyədə ilk müsahibəsini “Haber Qlobal” kanalına verib. O, “Beşiktaş” və “Fənərbaxça” ilə apardığı transfer danışıqlarından, Orkun Kökçü ilə aralarındakı dialoqdan, fevralda baş verən zəlzələdən sonra Türkiyəyə həsr olunan kapitan sarğısını taxmaq istəməməsindən və başqa məqamlardan danışıb.
- Ayağının topa toxunduğu ilk anı xatırlayırsanmı? Futbolçu olmağa nə vaxt qərar verdin?
- Düzünü desəm, tam dəqiqliklə xatırlamıram. Amma uşaq vaxtı yeganə etdiyim şey evimizin önündəki həyətdə futbol oynamaq idi. Bütün günümü ancaq buna ayırırdım və futboldan böyük zövq alırdım.
- “Ayaks”ın kapitanı və böyük uğurlar qazanmış bir isim kimi transferin Türkiyədə səs-küy doğurdu. “Fənərbaxça”ya transferin necə baş tutdu?
- “Ayaks”da həqiqətən də 5 gözəl il keçirdim. Kapitan sarğısını daşıdım, önəmli qollar vurdum. Komanda yaxşı olanda futbolçu üçün də səviyyəsini göstərmək asan olur. “Fənərbaxça” danışıqların ilk günündən mənə gözəl münasibət sərgiləməyə başladı. Əvvəlcə başqan Əli Koç, sonra digər yönəticilər ilə görüşdüm. Mənə klubun böyüklüyündən, hədəflərindən bəhs etdilər. Zatən “Fənər”in ənənələri və mükəmməl fanatları olan böyük bir camiə olduğunu bilirdim. Özümə qarşı səmimi münasibət görüncə və klubun layihəsi xoşuma gəlincə, transferə razılıq verdim.
- Yığmadakı sabiq komanda yoldaşın Duşko Toşiç səni “Beşiktaş”a gətirmək üçün çox çalışdı…
- Toşiç yaxın dostlarımdan biridi. “Beşiktaş”ın sabiq oyunçusu olduğu üçün o kluba keçməyimi istəyirdi. Mən həmişə insanlara qarşı dürüst olmuşam. “Fənərbaxça”nın mənə təqdim etdiyi mükəmməl layihədən ona da bəhs etdim. Mənə maraq göstərən bütün klublara hörmətlə yanaşıram. Amma “Fənər”in təklifi məni daha çox maraqlandırdı.
- “Tadic on Fire” mahnısı necə yaranıb? Həmin musiqi “Fənərbaxça”nın ev oyunlarında qoldan sonra da səslənir…
- “Ayaks”dakı ilk ilimdəcə fanatlar bu mahnını söyləməyə başladılar. Yavaş-yavaş ön plana çıxdı və populyar oldu. Orda elə fikir formalaşdı ki, sanki bu mahnı mənim üçün bəstələnib. Həm matçdan öncə, həm də matçların gedişində bu mahnı səslənirdi. Hətta kubokları da bu mahnı ilə qaldırırdıq. Həqiqətən də gözəl zamanlar keçirdim. İndi burda da fanatların bu mahnını mənim üçün səsləndirməsi, təbii ki, xoşuma gəlir. Ümumiyyətlə, “Fənər” azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm. Bu il onlara çox ehtiyacımız olacaq. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Türkiyədə baş verən zəlzələdən sonra həftəsonu Niderlanddakı matçlarda kapitanlara xüsusi hazırlanan sarğı ilə oyunlara çıxmaq tövsiyə olunmuşdu. Sənin sarğını taxmamağın Türkiyədə çox müzakirə olundu. Həmin məsələyə açıqlıq gətirə bilərsənmi?
- Bunun açıqlaması çox sadədi. Təəssüf ki, insanlar reallıqdan uzaq olan şeylərə inanmağa meyillidi. Kapitanın hansı sarğını taxacağına klub qərar verir. Həftəiçi oynadığımız matça mən həmin sarğı ilə çıxmışdım (fevralın 9-da Niderland kuboku çərçivəsində səfərdə “Tvente”yə qarşı keçirilən oyunu nəzərdə tutur – red.). Amma nədənsə insanlar bunu gündəmə gətirmir. Sonra həftəsonu keçirdiyimiz oyuna artıq başqa sarğı ilə çıxmalı oldum. Çünki Türkiyəyə həsr olunmuş sarğı yalnız bir matçda taxılmalıydı. Bundan başqa, biz zəlzələyə diqqəti çəkmək üçün xüsusi köynəklər də geymişdik.
- Türkiyə yığmasının üzvü Orkun Kökçü ilə yaşadığın dialoq da ölkəmizdə birmənalı qarşılanmamışdı. Ramazan ayı idi və sənin Orkuna qarşı etdiyin hərəkətin orucluqla bağlı olduğu güman edilmişdi. Həmin vaxt aranızda nə baş vermişdi?
- Bununla bağlı da indiyə qədər bəlkə yüz dəfə açıqlama vermişəm. Məsələ inanılmaz dərəcədə şişirdildi. Mən “Ayaks”ın kapitanıydım. Zatən uğurlu olduğumuz üçün orda insanlar bizə qarşı çox da simpatiya bəsləmir. Ona görə də olmayan şeyləri həqiqət kimi göstərməyə çalışırlar. Əslində bu mövzuya toxunmağınız yaxşı oldu. “Ayaks”la “Feyenoord”un dueli Niderlandda böyük oyunlardan sayılır. Eynilə Türkiyədə İstanbul nəhənglərinin bir-biri ilə keçirdiyi oyunlar kimi. Orkun ilə bir epizodda ikili mübarizəyə girdik. Yerə yıxıldı və sonra qalxıb yanıma gəldi. Baş-başa gəldik. Aramızda kiçik bir mübahisə oldu və ona “otun dadı necə idi” sualını verdim. Məsələ yalnız bundan ibarətdi. Sonra da “trenajor zalında daha çox məşq etməlisən” dedim. Zatən özü də oyundan sonra açıqlama verərək aramızda o qədər də ciddi bir dialoqun olmadığını söylədi. Mənim hər dinə böyük hörmətim var. Sadəcə, dediyim kimi insanlar özlərindən olmayan şeyləri uydururlar. Bu arada Orkunun da mükəmməl oyunçu olduğunu qeyd etməliyəm. Ona gələcək karyerasında uğurlar arzulayıram. Növbəti dəfə üz-üzə gələndə çiyin-çiyinə mübarizədə bəlkə də o məni yerə yıxacaq. Amma bunun baş verməsi ehtimalı azdı (gülür).
- “Qalatasaray” qarşı derbi indidən səni həyəcanlandırırmı? Bu rəqabət haqda nə bilirsən?
- Derbi matçlarında çox oynamışam. Belə oyunlarda həmişə əlimdən gələni edirəm. Camiə və fanatlar üçün derbilər önəmlidi. Amma şəxsən mənim üçün önəmli olan çempionluqdu! Məsələn, mənə “Qalatasaray”a qarşı hər iki derbidə məğlub olacaqsız, amma çempion olacaqsız” desələr, razılaşaram. Çünki çempionluq əsas motivasiyamdı. Çempionluğu əldən verməyi xoşlamıram. Burda iz buraxmağın əsas yolu çempionluqdan keçir. Muzeyi gəzərkən orda Əmrə Belözoğlu, Roberto Karlos, Aleks De Souzanın şəkillərini gördüm. Onlar burda çempionluqlar yaşayıblar. Mən də bunu etmək istəyirəm. Təbii ki, derbiləri də qazanmaq çox yaxşı olardı.
- Sən həm də basketbol fanatısan. Serbiyalı əfsanə Jelko Obradoviç “Fənərbaxça” tarixində də iz buraxıb. Onunla söhbət etmisənmi?
- Xeyr, söhbət etməmişəm. Əfsanə olduğunu hər kəs bilir. Avropada ən çox titul qazanmış məşqçidi. İşinə böyük məsuliyyət və coşqu ilə yanaşır. Bir gün baş məşqçi olmağa qərar versəm, mütləq Obradoviçdən məsləhətlər alacam. Çünki Avropa basketbolunun kralıdı. Hamı üçün örnəkdi. Serbiya üçün də dəyərli isimdi. “Fənər”ə qayıtsa, əla olar. Vaxtım olduqda mütləq “Fənər”in basketbol komandasını izləməyə gedəcəm. Çünki heyətdə Quduriç və Byelitsa kimi serbiyalılar da var.
- Çılğın xaraketrin var. Fanatlara söz verməyi sevirsən. İngiltərədə oynayarkən bir matçdan sonra üzərində yalnız alt paltar qalmışdı. Qalan hər şeyi fanatlara vermişdin. “Fənərbaxça” ilə çempion olsan, fanatlara vermək istədiyin çılğın bir söz varmı?
- Söz vermək bir qədər çətindi. Çünki həyatın sənə hansı sürprizlər hazırladığını bilmək olmur. Amma təbii ki, bəzi şeylərə söz verə bilərəm. Məsələn, meydanda “Fənərbaxça” üçün ruhumu, həyatımı belə verməyə hazır olacam. Az öncə də dediyim kimi, bura çempionluq üçün gəlmişəm. Klubumuz, başqanımız, fanatlarımız üçün də çempionluq yeganə və başlıca hədəfdi. Camiə bunu yaşamağa layiqdi. İngiltərədəki hadisəyə gəlincə, mövsümün son oyunu idi. Final fitindən sonra hər şeyimi fanatlara bağışladım. Ümumiyyətlə, oyundan sonra formamı verməyi xoşlayıram. Bu, fanatları xoşbəxt edir. Biz də bura onları xoşbəxt etmək üçün gəlmişik.
- İsmayıl Kartalla ortaq özəlliyiniz balıq tutmağı sevməyinizdi. Onunla balıq tutmağa gedəcəksənmi? Ümumiyyətlə, münasibətləriniz necədi?
- Çox yaxşı. Belə bir insanı tanımağıma şadam. Mükəmməl və səmimi insandı. “Fənərbaxça”nı nə qədər çox sevdiyini, bu camiəyə nə qədər bağlı olduğunu gözlərindən də oxumaq olar. Həyatda yeganə istədiyi şey başqana və fanatlara çempionluq sevinci yaşatmaqdı. Bunu bizə də aşılamağa çalışır. Futbolla yaşayan, uğur qazanmaq üçün əlindən gələni edən insandı. Vaxtımız olsa, təbii ki, balıq tutmağa gedəcəyik. Böyük balıqlar tutmağa çalışacağıq.
- Sənin üçün hansı önəmlidi: qol, yoxsa məhsuldar ötürmə? Sonda Tadiçi bizə üç kəlmə ilə anlatsan, hansı sözləri seçərdin?
- Məhsuldar ötürmə mənim üçün daha önəmlidi. Özüm haqda danışmağı çox da xoşlamıram. Necə insan olduğumu mən yox, başqaları söyləməlidi. Yalnız onu deyə bilərəm ki, mükəmməllik tərəfdarıyam. Gördüyüm hər işdə ən yaxşısına nail olmaq istəyirəm. Məni 3 kəlmə ilə başqaları dəyərləndirsə, daha yaxşı olar.
ƏLİ RAUFOĞLU