''Fənərbaxça'' prezidenti Əziz Yıldırım klub üzvlərinin illik toplantısında akademiyaya dair maraqlı bir detalı açıqlayıb.
O, tanınmış belçikalı məşqçi Kris van Puyveldenin yanvarda akademiyanın başına keçəcəyini bildirib. ''Professor'' ləqəbli 66 yaşlı Puyvelde daha öncə ''Brügge'', ''Olimpiakos'', ''Gent'', ''Herenven''də köməkçi məşqçi, eləcə də Belçika, Çin, Mərakeş yığmalarında idman direktoru kimi çalışıb.
Qeyd edək ki, bu günlərdə Türkiyənin digər klubu ''Samsunspor'' akademiyanın başına niderlandlı Yan van Lunu gətirib. Əziz Yıldırım bunları deyib:
''Yanvarda akademiyamıza belçikalı bir nəfər gələcək. Adı Krisdi. 3-5 il sonra əsas komandaya oyunçu verəcəyini vəd edir. Mən 2018-də də onu İstanbula dəvət etmişdim. 2 gün ərzində bizə planlarını və edilməli olan şeyləri anlatmışdı.
Bu adam Belçika yığmasını yaradan, Lukaku, Azar kimi isimləri yetişdirən adamdı. O vaxt onu Türkiyə Futbol Federasiyasına da məsləhət görmüşdüm. Amma Belçikadan sonra Çinə, ordan da Mərakeşə getdi. İndiki Mərakeşi yaradan məhz odu. Dəvət etsəm də, yanvardan tez gələ bilmir. Biz də o vaxta qədər təbii örtüklü meydançalarımızın sayını artıracağıq. Hazırda 7 dənə təbii meydança quraşdırmaq üzərində çalışırıq. Alqışa ehtiyac yoxdu. Məni alqışlamayın. Bunlar mənim üçün normal şeylərdi. Siz başqalarını alqışlayın''.