Rafael Leaoya ciddi maraq göstərən və portuqaliyalı ulduzun özü ilə anlaşan ''Fənərbaxça'' daha ciddi addımlar atmağa başlayıb.
Belə ki, İstanbul nəhənginin idarə heyətinin üzvü Cihan Kamer futbolçunun müqavilə ilə məxsus olduğu ''Milan'' rəsmiləri danışıqlar aparmaq üçün İtaliyaya yollanıb. Fabritsio Romanonun da paylaşdığı xəbərə görə ''Fənər'' qarşı tərəfə rəsmi təklif irəli sürəcək. ''Milan'' Leaonu icarəyə vermək istəmədiyi üçün tərəflər birbaşa satış məsələsini müzakirə edəcəklər.
Türkiyəli insayder Yağız Sabuncuoğlunun məlumatına görə isə İstanbul nəhəngi italyanlara maksimum 40 milyon avro təklif etmək iqtidarındadı. ''Milan''ın əsas ulduzunu bu məbləğə satmağa razılıq verib-verməyəcəyi böyük sual doğurur. Çünki bir müddət öncə İtaliya mənbələri ''rossonyerlər''in Leaonu 50 milyon avrodan aşağı qiymətə satmayacağını iddia edirdilər.
''Milan'' özü 2019-da Leaonu ''Lill''dən 49,5 milyon avroya transfer edib. Elə ''transfermarkt''də də 27 yaşlı futbolçunun indiki dəyəri 50 milyon avro göstərilib. Baxmayaraq ki, bir neçə il öncə bu məbləğ 90 milyon avroya çatmışdı.
Maraqlıdı ki, Cihan Kamer son 2,5 ayda Leao üçün Milana yollanan ikinci ''Fənər''lidi. ''Fənər''in prezidentliyinə namizədliyini irəli sürmüş və sonradan Əziz Yıldırıma məğlub olan Hakan Safi də mayın 12-də ''San Siro'' stadionunda görüntülənmişdi.