''Yuventus'' ilə müqavilə müddəti başa çatdıqdan sonra azad agent statusuna keçən və hələ də özünə klub axtaran Duşan Vlahoviç uğrunda mübarizədə ''Beşiktaş'' əsas favoritə çevrilib. İyunun ortalarından etibarən klubun baş direktoru təyin edilən Covanni Karnevali son qısa açıqlamasında bunları deyib: ''Vlahoviç ilə şəxsi tanışlığım yoxdu. Yalnız onu bilirəm ki, ''Yuventus''un təklifini geri çevirib. Oyunçuların arxasınca qaçmağı xoşlayanlardan deyiləm''. ''Calcionews24.com'' saytında tanınmış serbiyalı forvardın durumuna aid yerləşdirilən geniş analiz yazısında qeyd olunub ki, Vlahoviçin yüksək maaş tələbi üzündən onun İtaliyada qalmaq ehtimalı sıfırdı: ''Hazırda A seriyasında heç bir klub böyük satış reallaşdırmadan və ya büdcəsində yer açmadan bu transferi qarşılaya bilməz. Ona görə də ən real variant onun İtaliyadan kənarda karyerasını davam etdirməsidi. Hazırda ona ən real və güclü maraq göstərən klub ''Beşiktaş''dı. İstanbul nəhəngi həm Vlahoviçin tələblərini qarşılamağa, həm də ona əsas heyətdə oynamağa zəmanət verməyə qadirdi''. Əslində ''qartal'' hələ iyulun 27-dən Vlahoviçə illik 10 milyon avroya yaxın maaş və 5 milyon avro bonus təklif edib. Serbiyalı əsasən ''Barselona''dan təklif gözləyir. Amma Kataloniya nəhənginin indiyə qədər ona maraq göstərməsi barədə hər hansı bir xəbər yoxdu. Hazırda bukmekerlərin ən real ehtimalı Vlahoviçin ''Yuve''də qalmasıdı. Buna 2.9 əmsal verilir. Onun ''Beşiktaş''a keçidi 3,5 əmsal, ''Barsa''ya keçidi 4,33 əmsal ilə qiymətləndirilir. 26 yaşlı hücumçu üçün Türkiyə variantını cəlbedici edən daha bir məqam Vinçentso İtalyano amilidi. Vlahoviçin ulduzu vaxtilə ''Fiorentina''da məhz bu məşqçinin dönəmində parlayıb. 2021/22-də o, florensiyalıların heyətində 24 rəsmi oyunda 20 qol, 4 məhsuldar ötürməlik performans sərgiləmiş və daha sonra ''Yuve''yə yollanmışdı. İstisna etmək olmaz ki, Vlahoviç Türkiyəyə gələcəyi təqdirdə onun karyerası İtalyano ilə birlikdə yenidən yüksəlişə keçəcək. İtaliyalı mütəxəssis onu yenidən öz komandasında görmək istəyir və bunun üçün hətta avqustun ortalarına qədər gözləməyə hazırdı.