Məlum olduğu kimi, “Sabah” 3-cü təsnifat mərhələsinə, necə deyərlər, birnəfəsə çatdı.
İlk 4 oyunun hamısında qələbə qazanan “bayquşlar”ı indi Danimarka “Orhus”una qarşı iki çətin sınaq gözləyir. Ancaq rəqib bura asanlıqla gəlmədi. Ona görə ki, Polşa “Lex”inə evdə 1:4 hesabıyla uduzan kollektiv səfərdə keçirilən oyunun əsas və əlavə vaxtında canını dişinə taxdı və penalti seriyasında qazandığı qələbə sayəsində mərhələ adladı. Düzdü, bu matça əsasən, Danimarka çempionunun yetərincə mübariz komanda olduğunu deyə bilərik. Ancaq Masazır təmsilçisinin rəqibini daha yaxından tanımaqda fayda var.
Tam adı: “Orhus Gimnastik Foreninq”
Ləqəbləri: “şəhərin komandası”, “ağlar”
Stadionu: “Seres Park” (20032 yerlik)
Prezidenti: Yakob Nilsen
Baş məşqçisi: Yakob Poulsen
“Transfermarkt” dəyəri: 33,93 milyon avro
Titulları: 6 dəfə (1955, 1956, 1957, 1960, 1986, 2026) çempion olub, 9 dəfə (1955, 1957, 1960, 1961, 1965, 1987, 1988, 1992, 1996) ölkə, 3 dəfə (1982, 1983, 1985) İntertoto, 2 dəfə (2018, 2020) Atlantik kubokunu qazanıb.
Klubun əsası 1880-ci ildə Yutland bölgəsində yerləşən Orhus şəhərində qoyulub. “Orhus”un ilkin məqsədi Danimarkanın əsas idman növbləri olan qılıncoynatma və gimnastikanın təbliği olub. Klubun futbol şöbəsi 1902-ci ildə qurulub. Təbii ki, “Orhus” da eniş və yüksəliş dönəmləri yaşayıb.
Danimarka elitasında 1927-ci ildə debüt edən komanda uzun müddət ortabablar sırasında yer alsa da, 1949-cu ildən etibarən ardıcıl üç mövsümü 3-cü yerdə bitirib. Ardından xaos yaşayan komanda 1952/53 “futbol ili”ni aşağı liqada keçirsə də, əsas çempionata qayıda bilib. İddialı geridönüş edən “Orhus” növbəti 12 mövsümdə 4 dəfə çempion, 5 dəfə ölkə kubokunun qalibi olub.
Növbəti illərdə daha iki dəfə aşağı liqaya yuvarlanan “ağlar” 1976-cı ildə yenidən əsas çempionata vəsiqə qazanıb və ardıcıl 30 mövsüm burda çıxış edə bilib. Həmin dövrdə dəfələrlə çempionluğu son anda əldən verən “Orhus” 1986-cı ildə istəyinə çatsa da, Danimarka kubokunda daha böyük uğurlara imza atıb.
“Orhus” o vaxtdan bəri daha sabit nəticələrlə yadda qalır. Ancaq söhbət hansısa ciddi uğurdan gedə bilməz. Ona görə ki, 21-ci əsrin əvvəllərində cidid maliyyə böhranı yaşayan “Orhus” yalnız 2014-cü ildən, daha dəqiqi, Yakob Nilsen prezident seçiləndən sonra toparlana bilib.
Yuxarıda bəhs etdiyimiz mübariz komandanın əsası isə baş məşqçi Yakob Pulsenin təyinatı sayəsində qoyulub. Ötən ilin iyulunda “ağlar”ın “sükanı arxasına” keçən 43 yaşlı danimarkalı rəqibi Valdas Dambrauskasın “Sabah”da qazandığı uğura imza atıb: “Orhus”u ilk ilində çempion edib. Mütəxəssis 3-4-3 taktiki düzülüşünə üstünlük verir. Pulsenin sərəncamında 27 futbolçu var. Onlardan 13-ü legioner, 4-ü milli komandaların üzvüdü. Danimarka təmsilçisinin ən baha oyunçusu 6 milyon avro dəyərində olan Kirstian Arnstaddı. O həm də kapitandı. Heyətin yaş ortalaması 26-dı.
“Orhus” əslində ev oyunlarını 20032 yerlik “Seres Park”da keçirir. Lakin bu idman qurğusunda yenidənqurma işləri görülür. Bu səbəbdən komanda avrokuboklarda ev oyunlarını Randers şəhərində yerləşən stadionda keçirir. Təbii ot örtüklü idman qurğusunun tamaşaçı tutumu 10 min 300-dü.
Maraq üçün qeyd edək ki, sözügedən stadion “Orhus”un əsas rəqiblərindən olan “Randers”ə məxsusdu. Danimarka mənbələrinin məlumatına görə, bu klub “ağlar”la oyunlarının derbi status daşıdığını düşünsə də, qarşı tərəf “Randers”i rəqabətdə olduğu komanda kimi dəyərləndirmir. O dəqiqdi ki, “Orhus”un Danimarkada əsas rəqibi “Olborq”du. Hər iki komanda Yutlandı təmsil etdiyindən qarşılaşmaları ölkədə “Yutland savaşı” kimi xarakterizə olunur.
“Orhus”un avrokuboklardakı çıxışına gəlincə, komanda ilk dəfə 1955/56 mövsümündə Çempionlar Kubokunda çıxış edib. Həmin vaxtdan 20-ci əsrin sonlarına qədər, demək olar, müntəzəm Avropa meydanlarında görünən “Orhus” 21-ci əsrdə cəmi 5 dəfə avrokuboklara vəsiqə qazanıb. “Ağlar” 2001-ci ildə İntertoto kubokunda, 2012/13 və 2020/21 mövsümlərində Avropa, 2023/24 “futbol ili”ndə isə Konfrans Liqasında mübarizə aparıb. İndi Çempionlar Liqasındadılar. Ümid edək ki, “Sabah” onları Avropa Liqasına göndərə biləcək.
“Orhus” avrokuboklarda
Çempionlar Liqası (Çempionlar Kuboku) 20 7 4 9 27-30
Avropa Liqası (UEFA kuboku) 20 5 5 10 22-33
Konfrans Liqası 2 1 0 1 1-3
Kuboklar Kuboku 18 7 5 6 28-23
İntertoto kuboku 82 32 18 32 128-128
cəmi: 140 51 32 57 201-212
KƏNAN BAHADIR