“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?

28.07.2026 10:31 133
Aktual / Ölkə futbolu
1-ci liqada çıxış edən “Cəbrayıl” bir neçə gün əvvəl 400 min manata Gəncədən olan iş adamlarına satılıb. Növbəti mövsümdən komandanın “Gəncəbasar” adıyla çıxış edəcəyi, varislik əsasında 1-ci liqada mübarizə aparması gündəmə gəlib. "Cəbrayıl" 2021-ci ildə yaradılanda böyük planlarının olduğu deyilirdi. Stadion tikəcəyi, pillə-pillə irəliləyib, elitada çıxış edəcəyi bildirilmişdi. Niyə bu planlar alınmadı? Klubun gəncəli iş adamlarına satılması və yeni mövsümdən "Gəncəbasar" adlanması, onun yaradılmasını, indiyəqədərki fəaliyyətini kommersiya layihəsi adlandırmağa əsas verirmi?

“Football-plus.az”ın sualına klubun məsləhətçisi Şahin Məmmədov cavab verdi:

“Cəbrayıl”ı yaradan şəxs Cavid Hüseynovdu. Klubun yaradılmasında birlikdə iştirak etmişik. Bu mövzu ilə bağlı sualları ona ünvanlamaq daha doğru olar, çünki əsas cavabları o verəcək. Mən isə “Cəbrayıl”da, sadəcə, bir tərəf kimi iştirak etmişəm. Açığını desəm, heç bir dəstək olmadı. Sponsor tapmaq, futbolu anlayan insanları cəlb etmək çətin oldu. Təəssüf ki, Azərbaycanda bu sahədə yetərincə anlayışlı insanlar da çox deyil. Halbuki bu iş uzunmüddətli investisiya tələb edir. Məsələn, stadionun tikilməsi kimi layihələr səbr, dözüm və zaman istəyir. Amma o dövrdə bu mümkün olmadı. “Gəncəbasar” məsələsinə gəlincə, açığı, bu barədə tam məlumatım yoxdu. Ortalıqda dolaşan söhbətlər var, amma klubun adı “Gəncəbasar” olacaq, yoxsa başqa bir ad seçiləcək - bunu dəqiq bilmirəm. Ümumiyyətlə, bu prosesdə də yaxından iştirak etməmişəm. Bu daha çox rəhbərliyin planıdı və klubun gələcəyi ilə bağlı suallar da məhz onlara ünvanlanmalıdı”.

İSRAYIL XEYRULLAYEV