"Football-plus.az" xəbər verir ki, Arda Güləri 20 milyon avroya “Real”a satan İstanbul nəhəngi heyətini önəmli oyunçularla gücləndirməkdə davam edir.
Buna qədər Rayan Kent, Edin Ceko, Aleksander Ciku, Umut Nayır və Sebastyan Şimanskini transfer edən “Fənər” daha bir “bomba partlatmağa” müvəffəq oldu. Belə ki, “sarı-lacivərdlilər” srağagün Duşan Tadiçin transferini rəsmən açıqladı. İyulun 14-də “Ayaks”la yollarını ayıraraq sərbəst oyunçuya çevrilən məşhur serbiyalı futbolçu iyulun 15-də tibbi müayinədən keçmək üçün İstanbula gəldi. Onun bu qədər tez qərar verməsi maraq doğurur. Çünki Niderland mətbuatının yazdığına görə, Tadiçə 6-sı Səudiyyə Ərəbistanından olmaqla 30-a yaxın klub maraq göstərirdi. Türkiyədə isə onun adı ən birinci “Beşiktaş”la hallanırdı (bu haqda başqa yazdıa oxu – red.). Amma 34 yaşlı futbolçu məhz “Fənər”ə keçməyə üstünlük verdi. Transferin detallarına gəlincə, Tadiçlə ikiillik müqavilə imzalanıb. Onun illik maaşı Edin Cekoda olduğu kimi 4,2 milyon avroya bərabər olacaq. Tadiç “10” nömrəli forma altında oynayacaq. Ötən mövsüm bu nömrə Arda Gülərdə idi. Məşhur futbolçunun ilk sözləri belə olub:
“Belə böyük klubun bir parçası olmaq mükəmməl duyğudu. “Fənərbaxça” ilə bağlı yalnız pozitiv şeylər eşitdim. Burda bir çox titul qazanmaq istəyirəm. Fanatlarımızla birlikdə bunu bacaracağıq. Bizim üçün çox dəyərlidilər. Onların dəstəyinə çox ehtiyacımız olacaq”.
Daha öncə “Voyvodina”, “Qroningen”, “Tvente”, “Sauthempton”da çıxış edən edən Tadiç 2018-də 13,7 milyon avroya “Ayaks”a transfer olundu. Məhz Amsterdam nənəhgindəki performansı ilə son illərdə dünya futbolunun önəmli isimlərindən birinə çevrildi. İlk mövsümdəcə 28 qolla erediviziyanın bombardiri olan və “Ayaks”ın ÇL-də yarımfinala qədər irəliləməsində mühüm rol oynayan Tadiç dərhal fanatların sevimlisinə çevrildi. 2-ci mövsümdən etibarən kapitan sarğısını daşımağa başlayan Tadiç “Ayaks” karyerasını 3-ü çempionluq olmaqla 6 titulla, eləcə də 241 rəsmi oyunda 105 qol, 112 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı. Tadiç Serbiya yığmasında da kapitan statusundadı və bu komandada indiyə qədər 98 oyuna 21 qol vurub.





