Məlum olduğu kimi Fransa yığmasında DÇ-2026-nın ardından Didye Deşam dönəmi başa çatdı.
''Xoruzlar''da yeni dönəm rəsmən başladı. Zinəddin Zidan mətbuat önündə yığmanın yeni baş məşqçisi kimi təqdim olundu. Fransa Futbol Federasiyasının açıqlamasında Zidan ilə dördillik müqavilə imzalandığı qeyd olunub. Maraqlıdı ki, ünlü çalışdırıcı yeni vəzifədə ilk oyununa Türkiyədə çıxacaq.
Bilindiyi kimi Fransa ilə Türkiyə Millətlər Liqasında eyni qrupda yer alır. Bu komandalar qrupun ilk oyununda sentyabrın 25-də Kocaelidə üz-üzə gələcəklər. Diqqət çəkən məqam odu ki ''ay-ulduzlular'' son iki oyunda bu rəqibə uduzmayıb.
Bu komandaların yolu sonuncu dəfə AÇ-2020-nin seçmə mərhələsində kəsişib. Həmin vaxt Konyada Türkiyə 2:0 üstün olmuşdusa, Fransadakı qarşılaşma 1:1-lik bərabərliklə yekunlaşmışdı. Zidan təqdimat mərasimində qeyd edib ki, Fransa yığmasını çalışdırmaq hər zaman onun başlıca hədəfi olub. Bu hədəfə çatdığı üçün sevincini dilə gətirən 54 yaşlı mütəxəssis eləcə də yığmanın başında etdiklərinə görə Deşama təşəkkürünü bildirib. Bununla da Zidan məşqçi karyerasında ilk dəfə ''Real''dan başqa bir yerdə işləmiş olacaq.
2021-dən bu yana işsiz olan mütəxəssis indiyə qədər iki fərqli dönəmdə Madrid nəhəngi ilə 11 titul qazanıb. Onun xüsusilə 2016-18-ci illərdə ardıcıl 3 dəfə ÇL-i qazanaraq tarix yazması yaddaşlardan silinməyib.