2022-nin qışında dünya futbolunun maraq mərkəzi Qətər idi.
"Football-plus.az" xəbər verir ki, bütün diqqətlər orda keçirilən dünya çempionatına yönəlsə də, elə turnirin gedişində müşahidəçilərin gözü daha böyük qonşuya – Ərəbistan yarımadasının ən nəhəng ölkəsi olan Səudiyyə Ərəbistanına yönəlməyə başladı. Məhz elə mundial vaxtı Kriştiano Ronaldo kimi əfsanənin tezliklə buranı daimi yaşayış yeri kimi seçəcəyi ilə bağlı şayiələr yayıldı.
Tezliklə elə belə də oldu – Kriş illik 200 milyon avroluq müqavilə ilə “Əl-Nəssr”də lövbər saldı. Ancaq ərəblər bununla kifayətlənmək niyyətində deyildi. Bu yay onlar Kərim Benzemanı (portuqaliyalıdan iki dəfə ucuz başa gəlib) cəlb etdi, Stiven Cerrardı məşqçi kimi apardı, az qala Messi ilə Modriçin də “saqqızını oğurlayacaqdılar”. Bütün bunlar DÇ-2030-un təşkilatçılığı ilə bağlı Misir və Yunanıstanla birgə ərizə verilməsi fonunda baş verir. Üstəlik oktyabrda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman “Nyukasl”ın səhmlər paketini ələ keçirib.
Ancaq bütün bunlar yalnız beynəlxalq arenadakı ən parlaq gedişlərdi. İdman dünyasının ekspansiyası Səudiyyə Ərəbistanının yaxın illər üçün əsas hədəfidi. Bu fenomeni daha dərindən öyrənməyə ehtiyac var, nəinki Ronaldo ilə Benzemanın Ərəbistan çöllərində hər saatda nə qədər qazanacağını.
İdman arenasında yeni oyunçu
Səudiyyə Ərəbistanının dünya arenasında artan təsiri planetin müxtəlif hissələrində birməmalı reaksiya doğurmur, mübahisə və debatlarla müşayiət olunur. Bəziləri bu tendensiyanı dəstəkləyir, o mənada ki, dünya daha da qloballaşır, xəritədə yeni idman məskənləri peyda olur. Ancaq diametral əks fikirdə olanlar da var. Hüquq müdafiə təşkilatları və fəalları Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulması ilə bağlı narahatlığını gizlətmir. Belələri hökumətlə idmana qoyulan investisiya arasındakı sıx əlaqədən narazıdı.
Bu isə “Baxış-2030” adlanan inkişaf strategiyasının istiqamətlərindən biridi. Bu strategiya çərçivəsində ölkədə həyatın ən müxtəlif sahələrində böyük çaplı islahatlar həyata keçirilir. Ancaq yeganə hədəfin ölkənin imicini təmizə çıxarmaq olduğunu demək heç də doğru deyil. Səudiyyə ərəbləri idmandan diplomatik münasibətlər qurmaq və ölkəyə əcnəbi kapitalı cəlb etmək vasitəsi kimi yararlanırlar. Səudiyyə Ərəbistanı məhz bunun sayəsində neft gəlirlərindən asılılığı ciddi şəkildə aşağı salmaq istəyir. Öz aramızdı, cəlbedici yoldu. Azərbaycan da inkişafın hansısa mərhələsində bu yoldan yararlana bilər.
Bütün layihənin əsas hərəkətverici qüvvəsi vəliəhd Məhəmməd bin Salman başda olmaqla kral ailəsidi. O, Səudiyyə Ərəbistanının Suveren fondunun (PIF) yardımı ilə hərəkət edir, investisiyaların əksər hissəsi bu fondun payına düşür. Məsələn, PIF “Nyukasl”ın səhmlərinin 80, ölkənin aparıcı futbol klublarından “Əl-Əhli”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Nəssr”in səhmlərinin 75 faizinə nəzarət edir. Bu isə o deməkdi ki, həm “Nyukasl”ın alınması, həm də Ronaldo ilə Benzemanın transferi hökumətin pulu hesabına həyata keçirilib.
Bütün bu fondlar və qeyri-kommersiya təşkilatları ilə bağlı vəziyyət çox bulanıqdı. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı klublarının səhmlərinin 25 faizi de-yure özəl təşkilatlara və korporasiyalara məxsusdu, bununla belə, bunların çoxu da kral ailəsinin üzvlərinin nəzarətindədi. Bir sözlə, Qərb dünyasında ölkənin imicinə, Yaxın Şərqdə idarəçilik və investisiya metoduna necə yanaşılmasından asılı olmayaraq, yalnız bu məqamla barışmaq qalır ki, xəritədə yeni və ciddi oyunçu peyda olub.
Futbola qoyulan investisiya
İndi bunu xatırlayanların sayı azdı, ancaq məşhur Konfederasiyalar kuboku FİFA tərəfindən “udulana” qədər Kral Fəhd Kuboku adlanırdı. Bu turnirin əsası ötən əsrin 90-cı illərində məhz Səudiyyə Ərəbistanında qoyulmuşdu və ölkəni idarə edən şəxsin adını daşıyırdı. Səudiyyə Ərəbistanı turnir FİFA-nın nəzarətinə keçənə qədər təşkilatçılıqla bağlı bütün xərcləri ödəyirdi. Yəni Səudiyyə Ərəbistanı çoxdan dünya futbolundadı.
2008-ci ildə “Saudi Telecom” dövlət şirkəti yenicə premyer-liqada və Çempionlar Liqasında qalib gələn “Mançester Yunayted”lə uzunmüddətli tərəfdaşlıq müqaviləsi bağladı. Əməkdaşlıq 2017-də daha da möhkəmləndi. Belə ki, klub “Baxış-2030” çərçivəsində futbolu inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanı Baş idman idarəsi ilə strateji tərəfdaşlığa başladığını elan etdi. 2019-cu ildə vəliəhd Məhəmməd bin Salmanın “Mançester Yunayted”i almaqda maraqlı olmasıyla bağlı xəbərlər üzə çıxdı. PIF-in rəhbəri Yasir Əl-Rumayyan sonradan 700 milyon funt sterlinq müqabilində klub səhmlərinin 30 faizini almaq niyyətində olduqlarını bildirdi. Ancaq bu sövdələşmə baş tutmadı.
MY ilə anlaşmaq mümkün olmasa da, Səudiyyə Ərəbistanı Avropanın futbol bazarına daxil olmaqda çətinlik çəkmir. 2020-də Kral sarayının məsləhətçisi Turki bin Abdul Mohsen Əl-Şeyx İspaniyanın “Almeriya” klubunu aldı, Səudiyyə Ərəbistanı Baş idman idarəsinin sabiq prezidenti Abdulla bin Musaid Əl-Saud isə futbol sənayesinə böyük pullar qoyur, bir neçə kluba sahibdi ki, bunlardan ən məşhuru “Şeffild Yunayted”di. Bundan başqa, İtaliya və İspaniya Superkuboku uğrunda oyunlar 2018-ci və 2019-cu illərdə bu ölkədə keçirilib. İspaniya Superkuboku, ümumiyyətlə, 2029-cu ilə qədər Ər-Riyadın “qonağı olacaq”.
Ulduzlarla bağlı da artıq böyük işlər görülür. Ronaldo ilə Benzemanın gəlişi bu ölkəyə diqqəti cəlb edən böyük informasiya bombasıdı. Ancaq bu hələ başlanğıcdı. Elə həmin Benzema DÇ-2030 ilə bağlı ərizənin səfiridi, Messi isə krallığın yeni turizm səfiri kimi müqavilə bağlayıb. Onun Səudiyyə Ərəbistanında çoxlu yaşıllıqların olmasıyla bağlı yaxınlardakı paylaşımı da marketinq planının bir hissəsidi.
FİFA ilə əlaqələr
2021-in mayında Səudiyyə Ərəbistanı FİFA-ya kişilər və qadınlar arasında dünya çempionatının ikiildənbir keçirilməsini təklif etdi. Bu plan FİFA-nın prezidenti Canni İnfantinonun marağını çəksə də, UEFA-nın, Beynəlxalq Olimpiya Komitəsinin və KONMEBOL-un ciddi müqaviməti ilə üzləşdi. İdeya bir kənara qoyulsa da, Qətərdəki dünya çempionatından sonra FİFA-nın prezidenti yenidən mümkün islahat haqda danışaraq mundialı hər üç ildən bir keçirməyi təklif etdi. Görünür, bütün bunlar boşuna deyil. Səudiyyə Ərəbistanı son illərdə İnfantino ilə münasibətləri fəal şəkildə inkişaf etdirir. 2021-in əvvəlində “Amnesty International” hüquq müdafiə təşkilatı Səudiyyə Ərəbistanının İdman Nazirliyi üçün reklam çarxında çəkildiyinə görə italiyalı futbol funksionerini tənqid etmişdi. Ancaq bu addım başlanğıc imiş. Ötən ilin martında İnfantino bu ölkəyə baş çəkərək “əməkdaşlıq sahələrini və Səudiyyə Ərəbistanı futbolunun sonrakı inkişafı ilə bağlı potensial imkanları gözdən keçirmək üçün” idman naziri və yerli futbol qurumunun prezidenti ilə görüşdü. Elə həmin ilin avqustunda bin Salmanın yanında oturmaqla Entoni Coşua ilə Aleksandr Usik arasında keçirilən boks döyüşünə da baxdı. Bütün bunlar FİFA prezidenti ilə Səudiyyə Ərəbistanının dövlət xadimləri arasında sıx münasibətlərin olduğuna dair növbəti sübutlardı.
Odu ki, Səudiyyə Ərəbistanının DÇ-2030-un təşkilatçılığı ilə bağlı Yunanıstan və Misirlə birgə irəli sürdüyü namizədlik ərizəsinin qələbə şansı yetərincə yüksək dəyərləndirilir. Bundan başqa, ölkə 2026-cı ildə keçiriləcək qadınlar arasında Asiya kubokunun təşkilatçılığına namizədliyini irəli sürüb və 2027-nin Asiya kuboku uğrunda mübarizədə qalan yeganə iddiaçıdı.
Kiberidman və gələcəyin şəhəri
Ancaq kral ailəsi dünya idmanı fəth etmək yolunda yeganə sponsor deyil. “Baxış-2030” strategiyasının inkişafında neft məhəngləri də fəal iştirak edir. Dövlət neft şirkəti “Aramco” ötən ilin 2-ci kvartalında gəlirlərini 90 faiz artırıb və indi idman dünyasına qədəm qoyur. Məhz bu şirkət kriket, avtoidman, tennis, kiberidman və qolfa investisiya yatırmaqla ölkənin idman strategiyasının mərkəzinə çevrilib. “Aramco” 2020-də “Formula-1” ilə uzunmüddətli müqavilə bağlayıb, həmçinin əsas sponsorunun məhz PIF olduğu “Aston Martin Racing” komandası ilə də strateji tərəfdaşlığa malikdi
İnkişafın ayrıca şaxəsi də kiberidmanı əhatə edir. Səudiyyə Ərəbistanı bu perspektivli sənayedə qlobal rol oynamaq niyyətindədi. Ötən ilin sentyabrında vəliəhd Məhəmməd bin Salman “Oyunlar və kiberidman sahəsində milli strategiya”nı təqdim etdi. Strategiyanın əsas hədəfi Səudiyyə Ərəbistanını 2030-cu ilə qədər oyun və kiberidman sənayesində aparıcı dünya mərkəzinə çevirməkdi. Bu yeni strategiya əslində “Baxış-2030” strateji yol xəritəsinin bir hissəsidi də 30-dan artıq turnir keçirilməsini, dünyanın hər yerindən turistlərin və oyunçuların cəlb olunmasını, həmçinin 2030-cu ilə qədər 39 min yeni iş yerinin yaradılmasını nəzərdə tutur.
Bununla paralel ölkədə islahatlar da həyata keçirilir. 2018-ci ildə təkcə kişilərin yox, ailələrin də stadionlara baş çəkməsinə icazə verildi ki, bu da tribunalarda azarkeş sayının 152 faiz artmasına səbəb oldu. 2017-də isə Təhsil Nazirliyi məktəblərdə əvvəllər qadağan olunan qızlar üçün idman dərslərinin keçirilməsinə qərar verdi. Bu islahatlar 2015-19-cu illər aralığında ölkədə qadınların idmanda iştirakının 150 faiz artmasına imkan verdi. Hazırda ölkədə 6 mindən artıq qadın idmançı və 27 qadın idman komandası var.
“Baxış-2030” həmçinin Səudiyyə Ərəbistanınnda yeni şəhərlərin tikintisini və modernləşməsini nəzərdə tutur. Təsəvvür edin ki, ölkədə dəyəri 500 milyard dollar olacaq, NEOM adlanacaq futurustik meqapolis yaradılır. Bu layihəni ölkədə “idmanın gələcəyi” və “idman tədbirlərinin keçirilməsi üçün ən yaxşı yer” adlandırırlar. Əlbəttə ki, əsas investor PIF-di. Tikintinin ilk mərhələsinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. NEOM-da çoxlu futbol da olacaq.
2021-in dekabrında “gələcəyin şəhəri” İspaniya Superkubokunun əsas tərəfdaşı, “Red Sea Development” (tam PIF-ə məxsusdu) turnirin titul sponsoru oldu. NEOM həmçinin milli yığmaların və Asiya Futbol Konfederasiyasının 2021-24-cü illəri əhatə edən klub yarışlarının tərəfdaşıdı. Səudiyyə Ərəbistanı hökuməti NEOM-u “insanlığın yeni fəsli” adlanırır, hərçənd bəzən gözəl sözlər altında xoşagəlməz şeylər də gizlənə bilər. Məsələn, “The Guardian”ın ötən ilə aid araşdırmasında deyilir ki, hökumət inşaat işləri üçün ərazini azad etmək məqsədi ilə yerli sakinləri zorla çıxarır. O da xəbər verilir ki, ölkənin Cinayət Məhkəməsi huveytat qəbiləsinin üç üzvünü məhz hakimiyyət nümayəndələrinə müqavimət göstərdiklərinə görə edam cəzasına layiq görüb.
Vəliəhd bin Salman və hökumət ölkənin brendinin beynəlxalq arenada irəliləməsində idmanın vacib rolunu dərk edir. Səudiyyə Ərəbistanı müxtəlif sahələrdəki çoxsaylı layihələr sayəsində nəinki diqqəti özünə cəlb edir, həm də idmandan diplomatik əlaqələr qurmaq, ticarət müqaviləri bağlamaq, kapitalı və turistləri ölkəyə gətirmək vasitəsi kimi yararlanır. Və hüquq müdafiə təşkilatlarının Səudiyyə Ərəbistanında müəyyən kateqoriyadan olan vətəndaşların hüquqlarının pozulmasıyla bağlı bütün bəyanatlarına baxmayaraq, belə görünür ki, bu ölkə idman dünyasında geniş çaplı ekspansiyaya indi-indi başlayır.