Kriştiano Ronaldo ilə bağlı xəbərlər səngimir. Portuqaliya millisinin hücumçusu Qətərdə keçirilən dünya çempionatı başa çatdıqdan sonra ilk paylaşımını edib.
Football-plus.az xəbər verir ki, o, tətilini necə keçirdiyini əks etdirən fotosunu sosial şəbəkələrdə izləyiciləri ilə paylaşıb. Əlbəttə, hazırda klubsuz olan ulduz futbolçu ilə bağlı aktual sayılan məsələ onun harda qərar tutacağıdı. Kriştiano artıq Səudiyyə Ərəbistanına gedib. Bu barədə “Foot Mercato” məlumat yayıb. Xəbərdə bildirilib ki, 37 yaşlı oyunçu yaxın vaxtlarda “Əl-Nəsr”lə mövsümə 200 milyon avro maaşı nəzərdə tutan 2,5 illik müqavilə imzalayacaq. O, başqa təklifi olmadığı üçün bu addımı atmalı olub.
İspaniyanın “Marca” nəşrinin yazdığına görə isə, Ronaldo artıq Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib. Bu mənbə portuqaliyalı hücumçunun müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayacağını bildirib. Portuqaliyalı iki il yarım futbolçu, 2025-ci ilin yayından 2030-cu ilə qədər isə Səudiyyə Ərəbistanının futbol səfiri kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Misir və Yunanıstanla birlikdə 2030-cu ilə təyin olunan dünya çempionatına evsahibliyi etmək istəyir.
“Marca”nın xəbərinə görə, ulduz futbolçu son iki həftədə transferi ilə bağlı qarşı tərəfdən vaxt istəyib. Ronaldo ilə “Əl-Nəsr” arasında müqavilə yaxın günlərdə rəsmiləşə bilər. Onun 2030-cu il dünya çempionatının səfiri kimi nə qədər maaş ala biləcəyi hələ ki məlum deyil. Xatırladaq ki, noyabrda “Mançester Yunayted”lə müqaviləsini ləğv edən futbolçu hazırda azad agent statusundadı.