Məlum olduğu kimi, “Kəpəz”in yeni baş məşqçisi Arif Əsədov olacaq. “Sarı-göylər”in iki-üç günə təyinatı rəsmən açıqlayacağı gözlənilir.
Bəs, gəncəli futbolsevərlər bu xəbəri sevinclə qarşıladımı? Təyinatı necə qiymətləndirirlər?
Bu suallarla “Xəmsə” fanklubunun rəhbəri Müşfiq Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Sevinib-sevinməmək haqda nəsə deyə bilmərəm. Çünki biz “Kəpəz”i hansısa fərdlərə görə yox, “Kəpəz” olduğuna görə sevirik. Ömürboyu belə olacaq. Kim gəlirsə, xoş gəlir. Hər şey nəticələrdən asılıdı. Biz nəticəyə uyğun reaksiya verəcəyik. Düzü, artıq premyer-liqada qalmaq uğrunda mübarizə aparmağa “bəsdi” demək lazımdı. Ancaq görünür, vəziyyət yaxşı deyil. Belədə növbəti mövsümdə azarkeşlərin reaksiyası çox sərt ola bilər. Çünki “Kəpəz artıq ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək. Bu üzdən həm baş məşqçini seçənlər, həm də futbolçuları seçəcək baş məşqçi yüz ölçüb, bir biçməlidi. Biz istəyirik ki, hər şey yaxşı olsun. Lakin bu təkcə bizdən asılı olan şey deyil. İnşallah, yaxşı olar”.
KƏNAN BAHADIR