AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!

17.06.2026 12:51 38
Ölkə futbolu / Aktual
Təəssüf ki, premyer-liqada 2025/26 mövsümü təkcə komandaların gərgin rəqabət şəraitiylə yox, həm də çoxsaylı mübahisəli hakim qərarlarıyla yadda qaldı. İş o həddə çatdı ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov dəfələrlə ədalət təmsilçilərini ifşa etdi. Hətta ən təcrübəli FİFA referisi Əliyar Ağayev bir neçə tur premyer-liqa matçlarından uzaqlaşdırıldı.

Hakimlərin növbəti "futbol ili"nə daha yüksək səviyyədə hazırlaşacağı gözlənilir. Bəs, bu yöndə hansı addımlar atılır? "Fit sahibləri"nin yay təlim-məşq toplanışıyla bağlı detallara aydınlıq gəlibmi?

Bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Murad Axundova müraciət etdik. Federasiya rəsmisi "Football-plus.az"a açıqlamasında hakimlər üçün təlim-məşq toplanışının nəzərdə tutulduğunu, ancaq harda və hansı tarixdə baş tutacağının hələ dəqiqləşmədiyini dedi.

Xatırladaq ki, hakimlər sonuncu dəfə bu ilin yanvarında təlim-məşq toplanışı keçib. 12-dən 18-dək Antalyada olan ədalət təmsilçilərinə Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere və Rəhim Həsənov rəhbərlik edib. Onlar üçün UEFA Hakimlər Komitəsinin üzvləri tərəfindən nəzəri və praktiki seminarlar keçirilib.

KƏNAN BAHADIR