Bu sırada diqqətiçəkən məqamlardan biri də “Şahdağ Qusar”a sponsorluq edən şirkətin bundan sonra “Səbail”in də sponsoru olacağı haqdadı. Söhbət “ISFA Green Life” şirkətindən gedir.
Bəs, bu bilgilər nə dərəcədə səhihdi? İnformasiyaların gerçək olub-olmadığını dəqiqləşdirmək məqsədilə Qusar təmsilçisinin vitse-prezidenti İsrafil Xeyirbəyovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Məlum olduğu kimi, biz əvvəlcə, sadəcə, “Şahdağ Qusar”a sponsorluq edirdik. Ancaq sonradan İdarə Heyətində də yer aldıq. Hazırda yeni mövsüm üçün plan cızmaqla məşğuluq. Baş məşqçimiz məlumdu, transferlər edilir. Hədəf premyer-liqaya vəsiqə qazanmaqdı. Bütün fikrimiz “Şahdağ Qusar”dadı. Qusarlıyıq, şirkətimiz də Qusardadı. “Şahdağ Qusar” isə 1950-ci ildə yaranan köklü klubdu. “Səbail”lə hansısa danışığımız olmayıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir. “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik”.
Xatırladaq ki, “Səbail” 2025/26 mövsümünü 3-cü yerdə başa vurub.
KƏNAN BAHADIR





