DÇ-2026-da 1-ci tur çərçivəsində Argentina Əlcəzair ilə qarşılaşdı. Son dünya çempionu statusunda olan Argentina ötən mundialdan fərqli olaraq bu dəfəki turnirə inamlı start verdi.
"Football-plus.az" xəbər verir ki, oyuna Lionel Messi damğa vurdu. ''Qızıl top''un səkkizqat qalibi 17, 60 və 76-cı dəqiqələrdə fərqlənərək het-trik etdi. Bu mundialda ilk het-trikin müəllifi olan Messi bu qollar sayəsində bir sıra mühüm göstəricilərə nail oldu.
Əsas məqam odu ki, Leo dünya çempionatlarında vurduğu qolların sayını 16-ya yüksəltdi və turnirin tarixinin ən məhsuldar oyunçusu statusunda olan Miroslav Klozeni yaxaladı! Yəni Messi bir qol da vursa, DÇ tarixinin ən məhsuldar futbolçusuna çevriləcək. Əsrarəngiz karyerası ərzində bir çox önəmli göstəricilərə nail olsa da, Messi ilk dəfə DÇ-də 3 qol birdən vurdu. O, 38 yaş 359 günlüyündə bu uğuru yaşayaraq turnirin tarixinə ən yaşlı het-trik müəllifi kimi düşdü.
Əvvəlki rekord DÇ-2018-də 33 yaş 130 günlüyündə İspaniyaya 3 qol vuran Kriştiano Ronaldoya məxsus idi. Ümumilikdə DÇ-də qol vuran ən yaşlı oyunçuların siyahısında isə Messi yalnız Roje Milla (42 yaş 39 gün) və Pepedən (39 yaş 283 gün) geri qalır. Yeri gəlmişkən, argentinalı superulduz daha bir göstəricidə rekordu yenilədi. O, DÇ tarixində 12 fərqli oyunda qol vuran ilk futbolçu oldu. Braziliyalı Ronaldo ilə Miroslav Kloze 11 fərqli oyunda qol vurub.